AZ

Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”

Qazax rayonun Ermənistanın işğalı altında olan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.


Bu tarixi hadisə Qazax rayonunda toy-bayrama səbəb olub. Tezliklə işğaldan azad ediləcək Aşağı Əskipara kəndinin sakini Nazlı Nurəddin qızı Məmmədova sevincini Modern.az-la bölüşüb.


O, kənddən çıxdığı günü unutmadığını, kədərlə xatırladığını bildirib:


“Kəndimizin geri qaytarılma xəbərini oğlumdan eşitdim, sanki dilim tutuldu. Sevincimin həddi-hüdudu yoxdur. Oradan çıxdığım günü heç vaxt unutmaram. Oğlum 4 yaşının içində, qızım isə 6 aylıq idi. Böyük əziyyətlə kəndi tərk etmişdik. Gecə saatlarında avtobusa doluşub kəndimizlə vidalaşdıq. Qazax avtovağzalının mehmanxanasına gəlib əvvəlcə orada qaldıq. Qonşunlar bizə yardım etdilər, qab-qaşıq gətirdilər.
O günləri kədərlə xatırlayıram. Əslində heç xatırlamaq istəmirəm. Çox çətin günlər yaşamışıq. İtkilərimiz də çox oldu. Əmim oğlu - Fərman İskəndər oğlu Yolçuyev orada şəhid oldu. Uzaq qohumlarımız rəhmətə getdi. Bizim itkimiz çox oldu”.


Nazlı Məmmədova indi doğma kəndinə gedəcəyi günü səbirsizliklə gözlədiyini, bir yerdə qərar tuta bilmədiyini vurğulayıb:
 

“Kənddən çıxanda 32 yaşım var idi. Qanadım olsa, ora uça-uça qayıdaram. Aşağı Əskipara bizim doğulduğumuz yerdir. Vətən isə insanın doğulduğu yerdən başlayır”.



 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
3
Mənbələr
Şərh ()
Bağla