AZ

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.

 

Sfera.az xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.

 

Vüqar Gülməmmədov, ilk olaraq Hesablama Palatasının 2021-2025-ci illər üzrə Strateji Planının icrası ilə bağlı məlumat verib. 

 

Bildirilib ki, Strateji Planın hesabat ilində icrası məqsədilə bütün aralıq nəticələri əhatə edən 2023-cü ilin Əməliyyat Planı tərtib olunub:

 

“Burada fəaliyyət istiqamətləri ilə bağlı zəif bəndlər, potensial boşluqların aradan qaldırılması, fəaliyyətin müxtəlif istiqamətlər üzrə təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər yer alıb. Strateji Planda nəzərdə tutulmuş fəaliyyətin icrası 90 göstərici əsasında qiymətləndirilib. 2023-cü ildə ümumilikdə 327 tədbir nəzərdə tutulub və ilin sonunda 91,7% icra olunub. Nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə 9,6 mln. manat vəsait proqnozlaşdırılıb, onun 83,3%-i istifadə olunub”.

 

Sədrin sözlərinə görə, başa çatdırılmış KDMN tədbirləri ilə uyğunluq predmetləri üzrə cəmi 562,5 mln. manat maliyyə pozuntusu aşkarlanıb. Hesabat dövründə başa çatdırılmış KDMN tədbirləri ilə uyğunluq predmetləri üzrə büdcəyə zərərin 103,2 mln. manat olduğu hesablanıb:

 

“60,7 mln. manat məbləğində hesablanmış büdcəyə zərərin müvafiq qaydada pul və ya natura şəklində bərpası, eləcə də əvəzləşdirilməsi istiqamətində Hesablama Palatasının kollegiyası tərəfindən təkliflər verilib. 28,8 mln. manat məbləğində hesablanmış büdcəyə zərərin əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda Hesablama Palatası tərəfindən bu məbləğin bərpası istiqamətində tədbir müəyyənləşdirilməyib, bu ödənişlərin bir qisminin dayandırılması barədə qərar verilib. 13,7 mln. manat məbləğində hesablanmış büdcəyə zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib”.

 

V.Gülməmmədov əlavə edib ki, KDMN tədbirləri ilə hesablanmış büdcəyə zərərdən əlavə, həm də digər maliyyə pozuntuları da qeydə alınıb ki , bu pozuntuların da məbləği 459,3 mln. manata bərabər olub:

 

“Bu məbləğə VBT-yə əməl olunmaması, satınalma prosedurlarının tətbiq edilməməsi, satınalma prosedurlarından yayınmaq məqsədilə müqavilənin qisimlərə bölünməsi, mal və xidmət alışının orta bazar qiymətindən baha əldə edilməsi nəticəsində dövlət vəsaitinə qənaət olunmaması, satınalmalar zamanı ehtimal olunan qiymətin, ümumiyyətlə, hesablanmaması, ilin sonunda qalığın büdcəyə silinməməsi, müşayiətedici sənədlərlə rəsmiləşdirilməyən elektron-qaimə fakturaların təqdim edilməsi və s. pozuntular aid edilib. Bu pozuntulardan 34,9 mln. manat vəsait üzrə Hesablama Palatasının Kollegiyası tərəfindən birbaşa tədbir müəyyən edilib, digər nöqsan və çatışmazlıqların da aradan qaldırılması məqsədilə Hesablama Palatasının kollegiya qərarı KDMN obyektlərinə və nəzarət tədbirinin predmeti ilə əlaqədar aidiyyəti tərəflərə göndərilib”.

 

Qeyd edilib ki, hesabat ilində Hesablama Palatası üzvlərinin təklifləri əsasında 46 nəzarət tədbirinin keçirilməsi planlaşdırılıb, müvafiq icra hakimiyyəti orqanının təklifləri əsasında 4 yeni tədbir əlavə olunub, Milli Məclisin deputatlarının fikirləri əsasında 2 yeni tədbir əlavə olunub. Hesablama Palatasının Kollegiyası tərəfindən audit və analitik fəaliyyətlə bağlı 45 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilib, 1 analitik fəaliyyətin nəticələri rəsmiləşdirilməyib.

 

Hesabat ilində audit fəaliyyəti sahəsində auditin hər üç növü - səmərəlilik, maliyyə, uyğunluq auditi tətbiq olunmaqla ümumilikdə 41 audit başa çatdırılıb, bir neçə auditdə informasiya sistemi auditinin bəzi elementlərindən istifadə olunub.

 

Firuzə Əliyeva
 

Seçilən
144
35
Mənbələr
Şərh ()
Bağla