AZ

"Valideynlər uşaqlarını məktəbəhazırlıq qruplarına göndərməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Məktəbəhazırlıq qrupları 5 yaşa çatmış, gələn il icbari təhsilə qədəm qoyacaq uşaqları əhatə edir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elmin Nurizadə deyib.

O bildirib ki, bunun əsas xarakteri ondan ibarətdir ki, məktəbəhazırlıq qrupları icbari xarakter daşımır: "Yəni məcburi deyil. Burada bir məcburi qayda var ki, uşaq aid olduğu ərazidəki məktəbdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına yazılsın. Həmin məktəblərdə qruplar formalaşmadığı halda ərazidən kənar məktəblərə artıq müraciət edə bilər. Bu müraciət onlayn qeydiyyat vasitəsilə aparılır. Uşağın valideynləri tərəfindən həyata keçirilir.

Məktəbəhazırlıq qruplarının xarakteri ondan ibarətdir ki, bu icbari təhsilə, yəni 6 yaşdan etibarən birinci sinifdə ibtidai təhsilə hazırlıq xarakteri daşıyır. Uşağın məktəbə adaptasiyası, psixoloji cəhətdən alışması funksiyasını həyata keçirir. Şagird icbari təhsilə başladıqda parta ilə ilk dəfə tanış olmamış kimi olsun. Şagird birinci sinfə gələndə onun beynində, psixologiyasında məktəb mühiti də formalaşsın. Düşünürəm ki, bu, çox yaxşı metoddur. Xarici ölkələrdə də təhsil nümunəsində bu metodlardan istifadə olunur. Hətta daha az yaş qruplarında buna bənzər təhsil pillələrinə müraciət olunur. Bizdə indi 5-6 yaş arası məktəbəhazırlıq dövrü hesab edilir. Digər 6-10 yaş ibtidai təhsil dövrü hesab edilir. Xaricdə bunların adı başqa olsa da, məzmunca eynidir. Həmişə də belə olur.

Məktəbəhazırlıq qruplarından bəzi valideynlər yararlanmırlar. Onun üstünlüklərini dəyərləndirmirlər. Bu zaman birinci sinfə başlayanda artıq şagirdlər arasında müəyyən ziddiyyət yaranır. Bəziləri hazırlıq qruplarına gedib, eləsi var ki, rəqəmlərlə işləməyi bacarır. Hətta elə fərasətli uşaqlar var ki, onlar əlifbanı tam bilirlər. Onlar məktəbəhazırlığa getməyən uşaqlardan 1-0 öndə başlayırlar. Bu sözdə, şifahi şəkildə bizə asan proses kimi gəlir. Amma uşaq psixologiyasında tədris mühitini, proqramı nəzərə alanda zəncirvari inkişafı nəzərə alanda çox fərq edir.

Məktəbəhazırlıq qrupları çox faydalı tədris dövrüdür. Ona qətiyyən dırnaqarası baxmamalıyıq. Valideynlərin hər biri uşaqlarını məktəbəhazırlıq qruplarına göndərməlidir".

Müəllif: Söylü Ağazadə
Seçilən
24
Mənbələr
Şərh ()
Bağla