AZ

Tapdığımız qızılı nə etməliyik? - VƏKİL AÇIQLADI

“Mülki Məcəllənin tələblərinə əsasən, itirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı verməlidir”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Turan Abdullazadə sözlərinə belə davam edib: “Əşyanı tapan şəxsə mülkiyyətçinin məlum olduğu və ya mülkiyyətçinin əşyaya hüququnun artıq polisə bildirildiyi hallar istisna olmaqla, əşyanı tapan şəxs bu barədə xəbər verdiyi vaxtdan bir illik müddət keçdikdən sonra tapıntıya mülkiyyət hüququ əldə edir. Mülkiyyət hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya bütün başqa hüquqlara xitam verilir.

Səlahiyyətli şəxs tapılmış əşyanı qəbul edirsə, onu tapan şəxs tapılmış əşyanın dəyərinin beş faizinədək miqdarda bəxşiş tələb edə bilər. Bundan başqa, əşyanı tapan şəxs səlahiyyətli şəxsdən həmin əşyanın saxlanması xərclərinin əvəzini ödəməyi də tələb edə bilər. Əmlakı tapan tapıntı barədə məlumat verməmişsə və ya onu gizlətməyə cəhd göstərmişsə, bəxşiş almaq hüququ əmələ gəlmir.

Dəfinə, yəni torpağa basdırılmış və ya başqa üsulla gizlədilmiş pul və ya digər əşya bunların mülkiyyətçisini müəyyənləşdirmək mümkün olmadıqda, dəfinənin gizlədildiyi əmlakın (torpaq sahəsinin, tikilinin və s.) mənsub olduğu şəxslə dəfinəni aşkar etmiş şəxsin mülkiyyətinə, həm də, əgər onların razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bərabər paylar şəklində daxil olur.

Aşkar edilən dəfinə tarix və ya mədəniyyət abidələrinə aid, elmi dəyərli əmlak olduqda, dövlət mülkiyyətinə verilməlidir. Bu zaman dəfinənin gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisi və dəfinəni aşkar etmiş şəxs birlikdə dəfinənin dəyərinin əlli faizi miqdarında bəxşiş almaq hüququna malikdirlər. Bu şəxslərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bəxşiş onların arasında bərabər bölünür”.

Ayşən Vəli

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla