AZ

Qodfri Sallivən: “Süni intellekt üçün Azərbaycan bazarının olduqca böyük potensialı var” - MÜSAHİBƏ

Hazırda dünyada süni intellekt sürətlə inkişaf edir, kiçik bir zaman kəsiyində böyük yol qət edir. Bu istiqamətdə bir çox layihələr həyata keçirilir, süni intellekt insanların həyatının bir parçasına çevrilir. Müxtəlif sahələrdə, xüsusilə də iqtisadiyyatda, süni intellektin tətbiqi geniş imkanlar yaradır. Lakin şirkətlərin süni intellektə hazırlığı, bunun öz bizneslərində tətbiqi üçün müəyyən işlər görülməli, cəmiyyət də buna hazır olmalıdır.

Mövzu ilə bağlı “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Mərkəzi və Şərqi Avropa–Yaxın Şərq–Afrika regionunda Strategiya üzrə baş vitse-prezidenti Qodfri Sallivən (Godfrey Sullivan) “Report”un suallarını cavablandırıb.

- Hazırda süni intellekt mövzusu olduqca aktualdır. Bizneslər, xüsusilə də kiçik və orta bizneslər, bu fürsətdən necə yararlana bilər?

- Kiçik bizneslərin süni intellektin imkanlarından faydalanaraq inkişaf etmələri üçün böyük fürsətlər var. Hazırda kiçik bizneslər gündəlik işlərini rəqəmsallaşdırmaqda bir çox çağırışlarla üzləşirlər. Süni intellekt şirkətlərə iş tərzlərini dəyişdirməyə, məhsullarına olan tələbi proqnozlaşdırmağa kömək edir, eləcə də müxtəlif müştəri seqmentləri üçün məhsullarını daha yaxşı qiymətləndirmələrinə yardımçı olur. Süni intellekt hətta həmin müştəri seqmentləri üçün yeni təkliflər və məhsullar işləyib hazırlamağa dəstək olacaq.

Yəni, hesab edirəm ki, çox böyük fürsətlər var. Lakin məncə, böyük şirkətlərin və hökumətin kiçik və orta müəssisələr ilə birlikdə çalışaraq süni intellektin yaratdığı imkanları bölüşmələri vacibdir.

- Əgər süni intellekt haqqında xəyal qursaq, sabahı necə təsəvvür edə bilərik? Gözləntilərimiz nə ola bilər?

- Düşünürəm ki, telefonlarımızda süni intellekt əsasında proqramlar olacaq. Məsələn, bunlar fintex şirkətləri tərəfindən hazırlanıb maliyyə xidmətləri ilə bağlı bizi maraqlandıran bütün suallara cavab vermək üçün süni intellektdən istifadə edəcək. Misal üçün belə tətbiqdən hansı kredit kartının ən cəlbedici olduğunu soruşursunuz. Proqram bazarda təklif olunan müxtəlif kredit kartlarını qiymətləndirərək sizin ehtiyac və maraqlarınıza ən uyğun olanını seçib təqdim edəcək.

Səyahət, yemək və kinodan zövq alırsınızsa, sizə ən cəlbedici seçimlər təqdim olunacaq. Zənnimcə, alış-veriş təcrübəniz də dəyişəcək. Artıq e-ticarət saytlarında uzun məhsul siyahılarını gözdən keçirməyə ehtiyac qalmayacaq. Süni intellekt ilə qarşılıqlı əlaqə quraraq, axtardığımızı deyə biləcəyik və axtarışları istəklərimizə tamamilə uyğunlaşdıra biləcəyik.

Düşünürəm ki, süni intellekt ilə bağlı narahatlıq bir neçə aydan sonra tədricən azalacaq. Şirkətlərin növbəti 2 il ərzində məhsullarını süni intellektə inteqrasiya etməsi ilə biz məhsuldarlığın tədricən artdığını və getdikcə daha yaxşı təcrübələrin təqdim edildiyini görəcəyik.

“Visa” 1993-cü ildən bu yana fəaliyyətində süni intellektdən istifadə edir. Bu sistemlərdən istifadə insanlar üçün də təhlükəsizliyi, etibarlılığı və rahatlığı təmin edir.

- “Visa” şirkəti süni intellektdən fırıldaqçılığa qarşı istifadə etməyi düşünürmü?

- Nəinki düşünür, artıq 30 il öncə süni zəka sahəsində cığır açan şirkət kimi “Visa” dələduzluqla mübarizədə neyro-şəbəkə texnologiyalarından yararlanaraq real zamanda risk-əsaslı frod analitikasını tətbiq edən ilk ödəmə sistemi olub. O vaxtdan bəri “Visa” süni intellekt və verilənlər infrastrukturuna 500 milyon ABŞ dollarından çox yatırım edib, pulların təhlükəsiz hərəkətini təmin etmək və fırıldaqçılıq baş vermədən onu önləmək üçün 100-ə yaxın müxtəlif sistem və proqramlar qurub.

Süni intellekt əsasında risklərin idarə olunmasına dair və dələduzluq əleyhinə ən qabaqcıl həllər, məsələn “Visa Advanced Authorization” (VAA), məhz bizdədir. Nəticədə 2023-cü ildə biz 40 milyard ABŞ dollarlıq fırıldaqçı fəaliyyətini qabaqlayaraq bloklamağa kömək etdik, bu da əvvəlki ilin göstəricisindən az qala iki dəfə artıqdır. Bundan başqa, müştərilərimizin getdikcə artan təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün biz Sİ-əsaslı əlavə xidmətlərin çeşidini genişləndiririk.

Buna əlavə olaraq, ötən ildə biz 100 milyon ABŞ dollarlıq generativ Sİ vençur fondu təşəbbüsünə start verdik. Fondun məqsədi ticarətin və ödəmələrin gələcəyini təyin edəcək generativ Sİ texnologiyaları və tətbiqləri yaratmaq əzmində olan yeni şirkətləri dəstəkləməkdir.

- Azərbaycan bazarı süni intellektin inkişafı üçün nə dərəcədə münasibdir?

- Azərbaycan rəqəmsal ödəmələrin inkişafında regional liderlərdən biridir. Ölkədə dinamik və məhsuldar fintex sektoru mövcuddur, istehlakçılar və bizneslər yeni ödəmə həllərinə açıq və onları sürətlə qəbul etməyə hazırdırlar, banklar isə onları icra etmək üçün qabaqcıl imkanlara və infrastruktura malikdirlər.

Bu səbəblərdən əminəm ki, bütün innovativ texnologiyalar, o cümlədən süni intellekt üçün Azərbaycan bazarının olduqca böyük potensialı var.

Seçilən
96
37
Mənbələr
Şərh ()
Bağla