AZ

Nişanlı olmaq münasibətə nə qazandırır? - MÜNASİBƏT BİLDİRİLDİ

"Bizim millətdə, xalqda nişanlı olmaq məsələsi mənim xoşuma gəlir, yaxşı hadisədir, amma əndazədən çıxarmamaq şərtilə". Bu sözləri SİA-ya açıqlamasında şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu deyib.

O bildirib ki, nişanlı olmaq bizim camaata daha çox lazımdır, nəinki ruslara, ermənilərə və başqasına: "Çünki bizdə adət-ənənə olaraq qız-oğlan bir-birilə həmişə müəyyən məsafədə olub, onların birlikdə görünməsi həmişə eyni yozulmur. Amma nişan taxılanda bu dövr icazə verir ki, qohumlar bir-birini yaxından tanısınlar. Sanki bir yoxlama dövrüdür. Nişan dövrü nikaha qədər olan dövr olmalıdır. Mənim fikrimcə, bu dövr üç ay müddətində olsa, daha yaxşı olar. Daha uzun olması da yaxşı deyil. Çünki statistika da göstərir ki, uzun müddət nişanlı qalanda işin içindən iş çıxır. Bir də baxırsan ki, nişan pozulur. Amma 3-4 ay kifayətdir ki, qohumlar bir-birini tanısınlar. Üç ayda hər şeyi öyrənirlər. Yəni yaxından tanış olmaq imkanı qazanırlar.

Bu dövrdə tərəflərin Azərbaycan xalqının adət-ənənəsinə uyğun olaraq öz tələbləri olmalıdır. Bəziləri bunu dəyişik salırlar ki, nişan getdisə, ailə üzvü kimi yaxınlıq etməyə başlayırlar. Təbii ki, bu, olmaz. Bizim həm adətimizə uyğun deyil, həm də mənəvi olaraq düzgün deyil. Çünki nişan dövrü yoxlama dövrüdür, nişan pozula da bilər".

"Ona görə də mən nişanlı olmağı dəstəkləyirəm. Amma çox uzun çəkməməlidir. Lazımdır ki, qohumlar, ailələr bir-birini yaxından tanısınlar. Oğlanla qız tez-tez görüşüb söhbət etsin, gələcək həyatlarını müzakirə etsinlər. O zaman oğlanla qız da bir-birini yaxından tanıyacaq, qohumlar da. Elə bu dövrdə qərar vermək olar ki, onların ailə qurması məqsədəuyğundur, yoxsa yox. İctimai rəyi də elə formalaşdırmaq lazımdır ki, əgər hər hansı qızın, oğlanın nişanı qayıdıbsa, buna pis baxmaq olmaz. İnsandır, həyatdır. Ona görə deyirəm ki, nişanlı dövrün öz əxlaqi, mənəvi prinsipləri olmalıdır ki, heç kim bu dövrə pis baxmasın. Bir də görürsən ki, deyirlər: "Filankəs nişanını qaytarıb". Bu, qəbahət olmamalıdır. Çünki nişan dövrü bir-birini yaxından tanımaq dövrüdür. Nişan dövründə biz bu barədə prinsipləri daha yaxşı hazırlasaq, bir çox uğursuz nikahların qarşısı alınar. Boşanmaların sayı da azalar" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
56
Mənbələr
Şərh ()
Bağla