AZ

"Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ

“Serbiya Balkan ölkələri arasında Azərbaycanla münasibətinin yüksək səviyyədə olduğu ölkələrdən biridir. Serbiya bu münasibətlərə yüksək qiymət verir, daim əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu göstərir. Serbiya-Azərbaycan münasibətlərinin xarakterik xüsusiyyəti artan dinamika üzrə davam etməsidir. Yəni, 1990-cı illərdə hər iki ölkənin müstəqillik əldə etdiyi dövrdən indiyə qədər bu münasibətlərin hər zaman yüksək olduğunu görmüşük”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, heç bir zaman nə Serbiya, nə də Azərbaycan tərəfindən əlaqələrin inkişafına fasilə verilməsi niyyətinə rast gəlinməyib: “Bu iki ölkə arasında olan münasibətlərin həqiqətən də strateji xarakter daşıdığını nümayiş etdirir.

Təsadüfi deyil ki, bir neçə il öncə Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq şurasının yaradılması haqqında saziş imzalanıb, bu şuranın əsasnaməsi imzalanıb. Bu da iki ölkə münasibətlərinin, həm də strateji xarakter daşıdığını nümayiş etdirir. Serbiya-Azərbaycan əlaqələri təkcə dövlətlərarası münasibətlər müstəvisində inkişaf etmir. Eyni zamanda dövlət başçıları arasında şəxsi münasibətlər müstəvisində də biz bu əlaqələrin inkişafını görürük. Hər zaman Serbiya prezidenti Azərbaycan dövlət başçısının Avropadakı reytinqinə hörmətlə yanaşıb. İki ölkə arasındakı əlaqələr özünü müxtəlif sahələr üzrə göstərir. Xüsusilə də beynəlxalq müstəvidə hər iki ölkə biri-birinin müstəqillik və suverenliyini hər zaman dəstəkləyiblər”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
62
Mənbələr
Şərh ()
Bağla