AZ

Onlayn alış-veriş, yoxsa ənənəvi alış-veriş? - RƏYLƏR

“Onlayn sifarişlərin artmasının əsas səbəblərindən biri bu sahədə xüsusi ənənənin və internet ödənişləri ilə bağlı infrastrukturun formalaşmasıdır. Eyni zamanda ödənişlər zamanı təhlükəsizlik qaydları da xeyli dərəcədə gücləndirilib. Bu da təbii ki, onlayn edilən sifariş və ödənişlərə marağı artırıb. Digər tərəfdən isə son zamanlarda onlayn portallar vasitəsilə sifarişlərin həcminin artması, həm də həmin portalların daha ucuz məhsullar təklif etməsi ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Deputat bildirib ki, lazımi infrastrukturun yaradılması Türkiyədən də sifarişlərin edilməsi üçün münbit şərait yaradıb: “Hətta Türkiyə ilə yanaşı digər beynəlxalq şəbəkələr üzərindən də onlayn satış inkişaf edib. Həmçinin etiraf etmək lazımdır ki, pandemiya onlayn sifarişlərlə bağlı ənənənin daha da inkişaf etməsinə və genişlənməsinə təsir göstərdi. Bu baxımdan da növbəti dövrdə internet üzərindən daha çox sifarişlərin olacağı, onlayn xidmətlərdən daha çox istifadə olunacağı gözlənilir. Bu da nəticə etibarilə onlayn ticarətin inkişafı baxımından vacib hesab olunur”.

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli fikirlərini bölüşüb: “İnternet üzərindən sifarişlərin artmasının əsas səbəbi onlayn sifarişlərin insanların həyatını rahatlaşdırmasıdır. Həmçinin onlayn alış-veriş zamanı seçim edən zaman müqayisə aparmaq da daha səmərəli olur və daha az zaman tələb edir. Bu baxımdan da onlayn ticarətə maraq artıb.

Digər tərəfdən onlayn alışlarda hökumət bir nəfər üçün 300 dollara kimi vergi güzəştləri tətbiq edib. Bu da ədalətsiz rəqabət mühiti yaratmasına baxmayaraq, alıcılar üçün olduqca əlverişlidir.
Bu cür alış-veriş zamanı tək problem aldıqları məhsulu keyfiyyətinin ürəkaçan olmaması ilə bağlı ola bilər”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
56
Mənbələr
Şərh ()
Bağla