AZ

Rusiya sülhməramlıları Qarabağdan çıxıb? – AÇIQLAMA

“Mediada sülhməramlıların Azərbaycan ərazilərini tərk etməsi ilə bağlı dərc olunan xəbərlər situasiyanı tam olaraq əks etdirən məlumatlar deyil. Çünki başlıqla məlumatın içərisində olan mətn üst-üstə düşmür və əlaqəsizdir. Hesab edirəm ki, sülhməramlılarla bağlı məlumatları fərqli yöndə yayımlamaq, sadəcə, ictimai rəyi manipulyasiya etməkdən başqa bir şey deyil”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Siyasi Menecment İnstitutunun (SMİ) rəhbəri, müstəqil siyasətçi Azər Qasımlı deyib.

 

 

Analitik sosial şəbəkə və onlayn mediada Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərini tərk etməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

O, diqqətə çatdırıb ki, Xudavəng monastırı Kəlbəcər rayonunun ərazisində yerləşir.

“Kəlbəcər isə formal olaraq Qarabağa aid deyil. Çünki 2020-ci il bəyanatına görə, Rusiya sülhməramlı kontingenti məhz Qarabağa yerləşdirildi. Deyirlər ki, sülhməramlılar Xudavəngdən çıxıb. Sülhməramlılar oradan çıxıb haraya getdilər?

Yeri gəlmişkən, 2020-ci il üçtərəfli bəyanatına görə, sülhməramlılar, ümumiyyətlə, Xudavəng monastırında olmamalı idilər. Monastır nə strateji, nə də hərbi obyekt sayılır, üstəlik, Qarabağda erməni də qalmayıb”, – Azər Qasımlı bildirib.

Həmsöhbətimiz düşünür ki, sülhməramlılar Xudavəng monastırından çıxıb, böyük ehtimalla, Xankəndiyə gəliblər.

“Əslində, 2020-ci il sənədində də yazılmayıb ki, “Ermənistan sülhməramlıların fəaliyyəti ilə bağlı etiraz edə bilər”. Orada qeyd olunub ki, “tərəflərdən biri məsələ qaldırsa, onda sülhməramlılar çıxa bilər”. Yəni bu məsələni Azərbaycan tərəfi qaldırmalıdır, nəinki Ermənistan. Rəsmi Bakı açıq şəkildə deməlidir ki, sülhməramlı kontingentin Qarabağda qalması üçün heç bir səbəb yoxdur, ona görə də oradan çıxarılmalıdır”, – deyə o əlavə edib.

A.Qasımlı vurğulayıb ki, Azərbaycan dövləti bu məsələ ilə bağlı açıqlama verməlidir ki, biz Rusiyaya sorğu göndərmişik və 6 ay ərzində onlar bölgədən çıxarılmalıdırlar. “Bunlar olmayana qədər mediada çap edilən məlumatlar məsələnin mahiyyətinə heç bir şəkildə uyğun olmayacaq. Çünki bu tələb rəsmi şəkildə olmalıdır. Yaxud da Kreml özü qərar verməli və dünyaya açıqlamalıdır ki, biz missiyamızı bitmiş hesab edirik və Azərbaycan sorğu göndərmədən çıxıb gedirik. Qısacası, Kreml və ya Azərbaycan tərəfi bunu deməyənə qədər yazılanlara inanmaq lazım deyil”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, ötən gün Rusiya sülhməramlıları Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng monastırını tərk ediblər. İddialara görə, dislokasiya prosesi artıq başlayıb və sülhməramlı kontingent nəzarət etdiyi digər bölgələrdən də çıxırlar.

Rafi Müslümov

Seçilən
70
24
Mənbələr
Şərh ()
Bağla