AZ

Dörd kəndlə bağlı yeni sənədlər üzə çıxdı - Məmmədovun o imzası...

Ermənistan Qazax rayonunun 7, Sədərəyin 1 kəndini işğaldan azad etmək istəmir

90-cı illərin əvvəllərində işğal olunmuş Qazax rayonunun 4 kəndinin (Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara və Qızılhacılı) dərhal geri qaytarılması ilə bağlı Azərbaycan tərəfinin martın əvvəlində irəli sürdüyü ultimatum Ermənistanda qızğın müzakirələrə və mübahisələrə səbəb olsa da, rəsmi İrəvan kəndləri hələ qaytarmayıb.

Məlumdur ki, Bakının bu tələbindən sonra baş nazir Nikol Paşinyan kəndlərin Azərbaycana məxsus olduğunu bəyan edərək, onların geri qaytarılmasının qaçılmaz olduğunu vurğulayıb. Bununla belə, erməni müxalifəti kəndlərin dərhal qaytarılmasının əleyhinədir və sərhədlərin delimitasiyasının hansı xəritə əsasında aparılacağı dəqiqləşənə qədər bu prosesi dayandırmağa çağırır.

Bugünlərdə Ermənistan parlamentində 7 saatdan çox davam edən müzakirələrdə xarici işlər naziri Ararat Mirzoyan və baş nazirin müavini Mher Qriqoryan iştirak edib. Məlumata görə, müzakirələrdə erməni deputatlar xarici işlər naziri Mirzoyana və baş nazirin müavini Qriqoryana sənədlər və xəritə veriblər. “Azərbaycan SSR ilə Ermənistan SSR-in bəzi torpaq istifadəçiləri arasında sərhədlərin bərpası (tənzimlənməsi) haqqında” adlı bu protokolu daşnak deputat Qeqam Manukyan nümayiş etdirib. Bu sənədi 1988-ci il yanvarın 12-də  Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini Musa Məmmədovla Ermənistan SSR Nazirlər Soveti sədrinin müavini Vladimir Movsesyan imzalayıb. Yeri gəlmişkən, sözügedən sənəd Azərbaycan SSR ilə Ermənistan SSR arasında imzalanmış sonuncu hüquqi aktdır. Protokolun 6-cı bəndində qeyd olunur ki, torpaq istifadəçilərinin vəziyyətinə əsasən, iki respublikanın razılığı ilə Qazax rayonunun Bağanıs Ayırım sovxozu ilə Noyemberyan rayonunun Voskepar sovxozu arasında torpaq mübadiləsi aparılır. Voskepar sovxozunun torpaq sahəsinin bir hissəsi örüş üçün Bağanis Ayrım sovxozunun istifadəsinə verilir, bunun müqabilində Ermənistan tərəfinə ev tikintisi üçün Aşağı Əskipara kəndi ərazisindən torpaq sahəsi ayrılır. Manukyan vurğulayıb ki, 4 kəndi Azərbaycana qaytarmazdan əvvəl bütün bu sənədləri diqqətlə təhlil etmək lazımdır.

Erməni mediası yazır ki, təqdim edilən sənəd Qazax rayonunun 4 kəndinin qaytarılmasına təsir göstərə bilməz, çünki bu, həmin kəndin mənsubiyyətini mübahisələndirmir. Mübahisələr kəndlərin özlərinə görə deyil, onlara bitişik ərazilərə görə yarana bilər, lakin kəndlər mütləq Azərbaycana qaytarılmalıdır.

Bu mübahisələr fonunda baş nazir Nikol Paşinyan bildirib ki, tərəflər delimitasiyanın hansı xəritələrə əsaslanacağına qərar verməyincə, Bakı ilə sərhədin delimitasiyası prosesi başlaya bilməz. Ermənistan tərəfinin iddiasına görə, Mher Qriqoryanın və Şahin Mustafayevin rəhbərlik etdiyi sərhəd komissiyalarının son iclasında müzakirə olunan məsələlərdən biri də xəritələrlə bağlı olub. Amma heç bir razılaşma yoxdur. Mher Qriqoryan isə bildirib ki, delimitasiyanın Tavuşdan başlanması ilə bağlı yekun qərar yoxdur: “Həmin bölgədə delimitasiyaya başlamaq qərarı fundamental məsələlər üzrə konsensus əldə ediləcəyi təqdirdə verilə bilər. Bunlar təhlükəsizlik, sosial-məişət və hüquqi məsələlərdir”.

Ümumilikdə proseslər nədən xəbər verir? Bu, o deməkdirmi ki, 4 kəndin qaytarılması xəritə məsələsi həll olunana qədər təxirə salınır? Üstəlik, niyə işğal altındakı 8 yox, 4 kənddən ayrıca bəhs olunur?

Deputat

Sahib Alıyev 

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında əminliklə bildirdi ki, Azərbaycanın sözügedən 4 kəndi ya qaytarılacaq, ya da Azərbaycan o kəndlərə qayıdacaq: “Biz həmin kəndlərin qaytarılmasına, yəni problemin sülh yolu ilə həllinə üstünlük veririk. Qarşı tərəf isə bir neçə dəfə olduğu kimi, yenə də "Dəmir yumruq"suz hər hansı addım atmaq istəmir və Paşinyan bunda hətta bir rasionallıq da görür. Yəni belədə bir tərəfdən haylara göstərəcək ki, baxın, mən sizə demişdim ki, həmin kəndləri qaytarmasaq, Azərbaycan güc tətbiq edəcək. “Gellap”ın keçirdiyi sorğu da göstərdi ki, əhalinin  90  faizi həmin kəndləri qaytarmağın əleyhinədir, mən də sizin iradənizə uyğun hərəkət etdim və nəticə də budur".

S.Alıyev ikinci bir məqama da diqqət çəkdi: “Baxmayaraq ki, indiyədək bütün güc tətbiqlərini Azərbaycan beynəlxalq normalara dayanaraq edib, Ermənistanın havadarları bundan qəzəbləndiklərini gizlətməyiblər və ardınca ona müəyyən dəstək verməyə başlayıblar. Yəni məzlum obrazı Ermənistanın boyuna biçildiyindən və işinə yaradığından rəsmi İrəvan sözügedən kəndlərimizin məhz burnu əzilməklə qaytarılmasını özü üçün daha əlverişli sayır. Bir sözlə, mənə elə gəlir ki, bu kəndlərin də qaytarılması əməliyyatsız ötüşməyəcək. Hər halda, Ermənistan rəhbərliyinin son açıqlamalarından da göründüyü kimi, onlar başqa yol qoymurlar”.

Akif

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, Qazağın 7 və Sədərəyin 1 kəndi ilə bağlı Azərbaycanın mövqeyi aydındır: “Daha doğrusu, bu vaxta qədər hadisələrə istinad edərək deyə bilərik ki, Azərbaycan bu və ya digər ərazilərin ona məxsus olduğunu  qanuni əsaslar və faktlarla ortaya qoyur, həmin ərazilərin həqiqi sahibinə qaytarılmasını təklif edir. Bu təklif nəzərə alınmadıqda, müxtəlif bəhanələrlə vaxt uzadıldıqda isə qanuni haqqını digər vasitələrlə təmin edir. İndi də Azərbaycan həmin kəndlərin öz sahiblərinə qaytarılmasını təklif edir və bu qaytarma prosesinin dinc yolla həllini tapacağını gözləyir”. A.Nağı Qazağın 7 kəndi ilə bağlı vəziyyət barədə bunları vurğuladı: “Onlardan 4 kənd Azərbaycanın əsas ərazisi ilə quru əlaqəyə malikdir və bu kəndlərin geri qaytarılmasının problemi yoxdur. Digər 3 kənd - Yuxarı Əskipara, Sofulu, Bərxudarlı isə eksklavdır, yəni Azərbaycanın əsas ərazisi ilə quru əlaqəyə malik deyil. Ermənilərin dedikləri Tavuş (Tovuzqala) vilayəti Noyemberyan (Barana) rayonunun Voskepar kəndi də vaxtilə Azərbaycan kəndi olub, Əskipara adlanıb, sovet vaxtı ermənilərə verilib. Voskepar dedikləri kənd Azərbaycanın Yuxarı və Aşağı Əskipara kəndləri arasında yerləşir. Səkkiz kəndin hamısı sovet vaxtında Azərbaycanın ərazi vahidləri olub. İndi onların nə üçün anklav və ya eksklav vəziyyətinə düşmələri araşdırılmalı və bu hal aradan qaldırılmalıdır, o cümlədən eksklavların hər birinin Azərbaycanın əsas  ərazisi ilə əlaqəsi təmin olunmalı, tarixi ədalətsizlik aradan götürülməlidir”.

AVP sədrinin sözlərinə görə, 1988-ci ildə imzalandığı vurğulanan sənədlə bağlı əlavə dəqiqləşdirmələr aparılmalıdır: “Ermənilər hər şeyi saxtalaşdırmağa meyllidirlər. Bir məqam ondan ibarətdir ki, diqqəti sovet dövrünün volyuntarist sənədlərinə yönəltməyə, ortaya bu və ya digər sənədləri çıxarmağa ehtiyac yoxdur. Onda diqqət əsas məsələdən yayına bilər. Əsas məsələ isə odur ki, bu kəndlər həmişə Azərbaycana aid olub, bunun üçün əlavə sübut axtarmağa, əlavə problemlər yaratmağa gərək yoxdur. Digər tərəfdən, bu sənəd Yuxarı və Aşağı Əskipara kəndlərinin Azərbaycana məxsus olduğunu bir daha göstərir”. A.Nağının fikrincə, bir daha qeyd olunmalıdır ki, delimitasiya və 8 kənd məsələsi bir-birinə bağlanıla bilməz: “Əksinə, ermənilər ağıllanıblarsa, 8 kəndi qeyd-şərtsiz qaytarmalıdırlar, ondan sonra isə delimitasiya prosesi başlaya bilərik. Sadəcə, ermənilərin ağıllanacağına o qədər də ümid bağlamamalıyıq”.

Ermənistandakı revanşist meyllərin getdikcə artması, işğal altındakı kəndlərimizlə bağlı müharibəyə çağırışlar, kilsənin də yer aldığı sərsəm iddialar Azərbaycanı gücdən istifadəyə təhrik edir. Son nəticədə “Dəmir yumruq” söz sahibi olacaq bu gedişlə və lokal hərbi əməliyyatlar qaçılmaz olacaq. Necə deyərlər, “İlan ulduz görməyincə, ölmür”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Seçilən
38
19
Mənbələr
Şərh ()
Bağla