AZ

Sürpriz: “Arsenal”la “Liverpul” uduzdu, MS zirvəni ələ keçirdi - TURUN İCMALI

Çempionluq uğrunda mübarizə aparan üç komandadan ikisinin evdə uduzacağını kim təsəvvür edə bilərdi?!

Bəs “Nyukasl”ın “Tottenhem”in qapısından 4 cavabsız top keçirəcəyini necə?!

Təbii, bu hələ son deyil. Əminik ki, bizi irəlidə hələ yeni süjetlər gözləyir.

MS “Real”la iki ÇL oyunu arasında elitada qalmaq uğrunda mübarizə aparan “Luton”u qəbul etdi. Oyun nə qədər vacib olsa da, Qvardiola özünə müəyyən rotasiyaları rəva gördü. Amma bu da favoritin inamlı qələbəsini əngəlləmədi. MS əzici ərazi üstünlüyünə malik oldu. “Şəhərlilər” oyun vaxtının 76 faizində topa nəzarət etdi, qapıya 37 zərbə vurdu, 12 künc zərbəsi qazandı. Odu ki, ilk yarıdan sonra hesabdakı minimal üstünlük təəccüb doğurdu. 2-ci dəqiqədə Holannın zərbəsinin qarşısına almağa çalışan Hasioka topu öz qapısına göndərdi və bu, ilk yarıdakı yeganə qol oldu. Fasilədən dərhal sonra da fərqi artırmaq mümkün olmadı, yalnız hissənin ortalarına yaxın Kovaçiç bunu bacardı. Qoldan dərhal sonra “Luton”dan Vudrou topu tirə vurdu. Tezliklə Dokyunun qazandığı penaltini qola çevirən Holann fərqi darmadağın həddinə çatdırdı. Nunyeşin səhvindən sonra Barkli qollardan birinin əvəzini çıxsa da, “Siti” son dəqiqələrdə daha iki dəfə fərqləndi. Dokyu ilə Qvardiolun qolları yekun hesabı müəyyənləşdirdi – 5:1. MS bu qələbə sayəsində zirvəyə yüksəldi...

...Çünki bazar günü meydana çıxan çempionluğa iddialılar - “Liverpul”la “Arsenal” büdrədi. “Qırmızılar” evdə “Kristal Pelas”a uduzmaqla çempionluq ambisiyasına ciddi zərbə vurdu. Görünür, mövsümün sonuna yaxın yorğunluq özünü göstərir. Bu məqam “Atalanta” ilə oyunda da aşkar hiss olunurdu. 14-cü dəqiqədə hesabı açan “Kristal Pelas” qapısını toxunulmaz saxladı. Bəzən qonaqların bəxti gətirdi, bəzən meydan sahibləri inanılmaz imkanları qaçırdılar. Əlbəttə, Nunyes bu baxımdam “seçilirdi”. Hərçənd onun oyundaşları da tez-tez başını tuturdu. Bu məğlubiyyət bəlkə də “Liverpul”a çempionluq bahasına başa gələcək.

Eyni ifadəni “Arsenal” haqda da işlətmək mümkündü. “Topçular” “Aston Villa” ilə oyunun ilk yarısını yaxşı keçirdi, topa və oyunun axarına nəzarət etdi. Amma birmingemlilər təzyiqə davam gətirdi. 2-ci hissədə isə məhz qonaqlar daha cəsarətli oynadı. Onlar topa nəzarəti bərabərləşdirdi, tez-tez hücuma atıldı, təzyiq göstərdi. Oyunun belə axarı qolsuz heç-heçədən xəbər verirdi. Ancaq Emerinin yerdəyişmələri işə yaradı, onun komandası 84-cü dəqiqədə hesabı açdı. “Topçular”ın hesabı bərabərləşdirmək üçün irəli atılmasından isə 87-ci dəqiqədə Uotkins yararlandı.

Mançesterin digər təmsilçisi – son üç oyunda qələbə qazana bilməyən “Yunayted” ortabablardan “Bornmut”un qonağı idi. “Albalılar” özünü əsl meydan sahibi kimi apardı və artıq 16-cı dəqiqədə irəli çıxdı: Solanke cərimə meydançasının xətti üzərindən qapının aşağı küncünü dəqiq “nişan aldı”. Ardından Onana Kerjekin zərbəsindən sonra komandasını xilas etdi, Sinisterra “çərçivə”yə düşə bilmədi, Kristi isə əlverişli vəziyyətdən topu qapıçının üstünə vurdu. Sən vurmasan, sənə vurarlar! – futbolun bu yazılmayan qaydası 31-ci dəqiqədə işə düşdü. Fernandeş hesabı bərabərləşdirdi. Düzdü, cəmi 5 dəqiqə sonra Klyuvert yenə “Bornmut”u irəli çıxardı. Hissənin qalan dəqiqələrində meydan sahiblərindən Kerjekin, qonaqlardan Fernandeşin zərbəsi tirdən döndü.
“Bornmut” fasilədən sonra da cəsarətlə irəli atılsa da, mankunianlar 65-ci dəqiqədə penalti qazandı. “Nöqtə”yə yaxınlaşan Fernandeş topla qapıçını fərqli künclərə göndərdi. Sonluq yetərincə sakit keçdi. Heç-heçə “Bornmut”u razı salsa da, MY-nin düşərgəsinə məyusluq yaşatdı.

Turun ən gözlənilməz nəticəsi “Nyukasl” – “Tottenhem” oyununda qeydə alındı. Bu komandaların dueli, adətən, məhsuldar keçir. 1-ci dövrədə “mahmızlar”a 1:4 hesabıyla uduzan “sağsağanlar” həmin məğlubiyyətin əvəzini artıqlamasıyla çıxdı. Rəqiblər dərhal sürətli və açıq oyun göstərməyə başladı. Hər iki qapının önündə təhlükəli vəziyyətlər yaransa da, “Nyukasl” yarım saatın tamamında imkanlardan əla yararlandı. 2:0-dan sonra “mahmızlar”ın oyun sistemi tam pozuldu, artıq fasiləyə qədər hesab darmadağın həddinə çata bilərdi. Qonaqlar 2-ci hissəyə aqressiv başlasa da, İsakın növbəti qolu onları özündən çıxardı. “Tottenhem” bir daha bu oyuna dönə bilmədi. 87-ci dəqiqədə Şer “Nyukasl”ın 4-cü qolunu da vurdu.

Turun qalan oyunlarına gəlincə, “Brentford” aşkar autsayder “Şeffild Yunayted” üzərində inamlı qələbə ilə elitada qalmaq yolunda daha bir addım atdı, eyni hədəf uğrunda çalışan “Nottingem Forest” və “Bernli” də hesabına xal əlavə etdi. Evdə gözlənilmədən “Fulhem”ə uduzan “Vest Hem” avrokuboklara vəsiqə qazanmaq şansını çətinə saldı. Turun dünən axşam keçirilən son oyununda isə “Çelsi” “Everton”u darmadağın etdi.

33-cü tur
Mançester Siti – Luton 5:1
Hasioka, 2-öz qapısına. Kovaçiç, 64. Holann, 76-p. Dokyu, 87. Qvardiol, 90+3 – Barkli, 81.
MS: Ederson, Akanci, Diaş, Qvardiol, Lüis, Kovaçiç, Nunyeş, Alvares, De Bruyne (Qomes, 81), Dokyu, Holann (Bobb, 81).
Liverpul – Kristal Pelas 0:1
Eze, 14. (60090)
Liverpul: Alisson, Bredli (Aleksander-Arnold, 48), Van Diyk, Konate, Robertson, Cons (Elliott, 82), Endo (Soboslai, 46), Makallister, Salah, Nunyes (Qakpo, 66), Dias (Jota, 66).
Arsenal – Aston Villa 0:2
Beyli, 84. Uotkins, 87. (60350)
Arsenal: Rayya, Uayt (Tomiyasu, 67), Saliba, Qabriel, Zinçenko (Nketia, 87), Edeqor (Smit-Rou, 79), Rays, Haverts, Saka, Jezus (Jorjinyo, 79), Trossar (Martinelli, 67).
Nyukasl – Tottenhem 4:0
İsak, 30; 51. Qordon, 32. Şer, 87.
Tottenhem: Vikario, Porro (Emerson, 49), Romero, Van de Ven, Udoci, Bissuma (Heybyerq, 57), Bentankur (Sarr, 57), Conson, Meddison (Lo Çelso, 81), Verner, Son Hın Min (Kulusevski, 58).
Bornmut – Mançester Yunayted 2:2
Solanke, 16. Klyuvert, 36 – Fernandeş, 31; 65-p. (11229)
MY: Onana, Dalot, Kambvala, Maquayr, Van-Bissaka, Kazemiro, Maynu (Maunt, 78), Qarnaço (Dyallo, 46), Fernandeş, Reşford, Heylunn.
Brentford – Şeffild Yunayted 2:0
Arblaster, 64-öz qapısına. Onyeka, 90+3. (17115)
Bernli – Brayton 1:1
Braunhill, 75 – Muriç, 79-öz qapısına. (20687)
Nottingem Forest – Vulverhempton 2:2
Gibbs-Uayt, 45+1. Danilo, 57 – Kunya, 40; 62. (29604)
Vest Hem – Fulhem 0:2
Pereyra, 9; 72. (62459)
Çelsi – Everton 6:0
Palmer, 13; 18; 29; 64-p. Cekson, 44. Gilkrist, 90+1.
1. Mançester S. 32 22 7 3 76-32 73
2. Arsenal 32 22 5 5 75-26 71
3. Liverpul 32 21 8 3 72-31 71
4. Aston Villa 33 19 6 8 68-49 63
5. Tottenhem 32 18 6 8 65-49 60
6. Nyukasl 32 15 5 12 69-52 50
7. Mançester Y.32 15 5 12 47-48 50
8. Vest Hem 33 13 9 11 52-58 48
9. Çelsi 31 13 8 10 61-52 47
10. Brayton 32 11 11 10 52-50 44
11. Vulverhempton 32 12 7 13 46-51 43
12. Fulhem 33 12 6 15 49-51 42
13. Bornmut 32 11 9 12 47-57 42
14. Kristal Pelas 32 8 9 15 37-54 33
15. Brentford 33 8 8 17 47-58 32
16. Everton (-8) 32 9 8 15 32-48 27
17. Nottingem F. (-4) 33 7 9 17 42-58 26
18. Luton 33 6 7 20 46-70 25
19. Bernli 33 4 8 21 33-68 20
20. Şeffild Y. 32 3 7 22 30-84 16
Bombardirlər: Holann (MS), Palmer (Çelsi) - 20, Uotkins (Aston Villa) - 19, Salah (Liverpul), Solanke (Bornmut), İsak (Nyukasl) – 17.

Növbəti turun oyunları aprelin 20-21-də keçiriləcək: Brayton – Çelsi, Luton – Brentford, Mançester Yunayted – Nyukasl, Tottenhem – Mançester Siti, Şeffild Yunayted – Bernli, Vulverhempton – Arsenal, Everton – Nottingem Forest, Aston Villa – Bornmut, Kristal Pelas – Vest Hem, Fulhem – Liverpul.

Turun rəqəmi
20 - Holann premyer-liqanın cari mövsümündə qol sayını bu həddə çatdırdı. Norveçli hücumçu ardıcıl 2-ci mövsümdə bunu bacardı. O, premyer-liqada debüt mövsümlərində 20 və daha artıq qol vuran 3-cü oyunçudu. Erlinq Van Nistelroyla Endi Koulun nəticəsini təkrarladı. Yeri gəlmişkən, niderlandlı ilk üç mövsümdə 20 və daha artıq qol vurub.

Turun ulduzu
Entoni Qordon (Nyukasl) – 4:0-ın memarlarından biri oldu. Cinahında “ağalıq etdi”, çoxlu təhlükəli vəziyyət yaratdı, qol vurdu, iki məhsuldar ötürmə verdi.

Turun sitatı
Ceymi Rednapp, “Liverpul”un sabiq yarımmüdafiəçisi:
“MY ilə ötən turun oyununda “Liverpul”un özünəinamı zərbə gördü. Həmin zərbənin fəsadı həftəboyu göründü. Futbolçular artıq risk etməkdən çəkinir. Bu gün hesab 6:2 olmalıydı, ancaq “Liverpul”un oyunçularında özünəinam bitib”.


Reaksiyalar
Xosep Qvardiola, MS-nin baş məşqçisi:
“Çoxlu imkan qaçırdıq. Belə oyunlarda məsələyə daha tez aydınlıq gətirmək lazımdı. Bir neçə saatlığıa olsa da, zirvədəyik. Sabah başqa komandalar oynayacaq. Bizim bacaracağımız iş öz oyunlarımızda qələbə qazanmaqdı. Rəqibləri arxada qoya bilməsək, onları təbrik edəcəyik”.

Erik ten Haq, MY-nin baş məşqçisi:
“İkinci hissədə birincidən daha uğurlu oldu, xarakter göstərdik. Daha inamlı və sakit davranmalıydıq. Fernandeş komandaya əlavə enerji verir, özünü əsl lider kimi göstərir. Onun məyusluğu ümumi durumumuzu ifadə edir. Həqiqət ondan ibarətdi ki, bu gün qələbəyə layiq deyildik”.

Yürgen Klopp, “Liverpul”un baş məşqçisi:
“Çoxlu qol vəziyyətini boşa verdiyimiz pis oyundu. Hesab 4:1 olsaydı, heç kim bizi tənqid etməyəcəkdi. Baxaq görək ardıcıl iki ev məğlubiyyətinə reaksiyamız necə olacaq”.

Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Oyunumuz nəzərə alsaq, nəticəyə görə çox məyusuq. İlk yarıda 3-4 qol vurmaq üçün imkanlarımız oldu. 2-ci hissədə vəziyyət dəyişdi. Yüksək tempi qorumaq, topu müəyyən zonalara çatdırmaq çətin idi, səhvlərə yol verməyə başladıq”.


Faktlar

* “Liverpul” evdə ardıcıl 9-cu oyunda qol buraxdı. Mersisaydlılar “Enfild”də sonuncu dəfə ötən il dekabrın 17-də qapısını toxunulmaz saxlayıb. 9 belə oyun klub antirekordunun təkrarlanmasıdı. “Qırmızılar” 1996 və 1999-cu illərdə də belə uğursuz seriya ilə yadda qalıb.
* “Arsenal” 2024-də ilk dəfə çempionat oyununda uduzdu. “Topçular” sonuncu dəfə ötən il dekabrın 31-də - “Fulhem”lə oyunda məğlub olmuş, ardından 10 qələbə və 1 heç-heçə ilə yadda qalmışdı.
Seçilən
89
50
Mənbələr
Şərh ()
Bağla