AZ

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Tbilisi, 16 aprel, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisinin milli müdafiə komitəsinin sədri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfərə gəlib. Səfər çərçivəsində Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 16-da Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri diqqət mərkəzində olub. Eyni zamanda siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Tərəflər “Orta Dəhliz”in inkişafı, həmçinin Türkiyə-Gürcüstan strateji tərəfdaşlıq əlaqələri ilə bağlı məsələləri nəzərdən keçiriblər.

Şalva Papuaşvili Türkiyənin hər zaman Gürcüstanın yanında olduğunu, ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib və buna görə təşəkkür edib. Hulusi Akar hər iki ölkədə, həmçinin regionda təhlükəsizlik və firavanlığın önəminə diqqət çəkib.

Tərəflər Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olunmasının, Türkiyə-Ermənistan əlaqələrinin inkişafının əhəmiyyətini də vurğulayıblar. Bu işdə parlament diplomatiyasının rolu xüsusi qeyd olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
40
50
Mənbələr
Şərh ()
Bağla