AZ

“Azərbaycana heç vaxt belə paşinyanlar lazım olmayıb” - DEPUTAT TƏNQİD ETDİ

“Milli Şuranın 21 aprel tarixinə təyin etdiyi mitinqə heç bir ehtiyac yoxdur. Maraqlıdır ki, onlar Paşinyanı ideallaşdırırlar. Bildirirlər ki, demokratiya, demokratik lider lazımdır və bunun uğrunda mübarizə aparırlar. Ermənistanda demokrat lider lazımdır ki, xalqını məğlubiyyət ilə barışdırsın. Azərbaycana isə heç vaxt belə paşinyanlar lazım olmayıb. Biz demokratların dövlətimizi məğlubiyyətə uğratdığının şahidi olmuşuq. Bunu bir daha yaşamaq istəmirik”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O bildirib ki, digər tərəfdən hazırda dünya bir-birinə qarışıb: “Başa düşə bilmirəm ki, bu mitinq nə üçün indiki vaxtda seçilib. Həmin şüarlar məgər 6 ay və ya 1 il bundan əvvəl yox idi? Ona görə də aləmin bir-birinə dəydiyi, Azərbaycan-Ermənistan münasibətlərinin indiki kontekstində bu mitinqi keçirməyin faydası nədir? Nə əldə edəcəklər? Mitinq nəticəsində ölkəmizdə ancaq xaos arta bilər. Siyasi dustaq adlandırdıqları şəxslərin azadlığa buraxılması, sərhədlərin açılması kimi məsələlər ancaq mitinqlə həll olunmalıdır?”.

“Əlbəttə, hər kəsin konstitutsion hüquqları var və kütləvi tədbir keçirə bilər. Bu halda dövlətin müəyyənləşdirdiyi yerdə və ya karantin rejimindən sonra keçirsinlər. Amma indiki halda bu mitinq ziyanlıdır. Xalqı belə mitinq çağırışlarına fikir verməməyə çağırıram. Azərbaycanın mütləq əksəriyyəti rahat həyat tərzi keçirir və həyatında artıq xaos istəmir. Ona görə də xalqın istəyi ilə hərəkət etmək lazımdır, azlığın deyil”,- deyə o əlavə edib.

Ləman Sərraf

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla