AZ

Azərbaycan Texniki Universitetində “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində görüş olub

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdikləri “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində növbəti görüş Azərbaycan Texniki Universitetində keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə "Şəkərin zərərləri", "Şəkər əvəzediciləri" və "Gündəlik qida rasionunda meyvə-tərəvəzin əhəmiyyəti" mövzularında təqdimatlar olunub. Tələbələrin diqqətinə çatdırılıb ki, şəkərdən normadan artıq istifadə edilməsi insan orqanizmində ürək-damar xəstəlikləri, ll tip diabet, piylənmə, diş çürüməsi, uşaqlarda diqqət zəifliyi və allergik reaksiyaların yaranması, yeniyetmələrdə qavrama qabiliyyətinin aşağı düşməsi, immun sistemin zəifləməsi və xərçəng xəstəliyinin bəzi növlərinin yaranma ehtimalını artırması kimi problemlər yarada bilər.

Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində Azərbaycan Texniki Universitetindən əvvəl Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Kooperasiya Universitetində, həmçinin bir sıra ümumi və məktəbəqədər təhsil müəssisələrində görüşlər təşkil olunub. Təhsil müəssisələrində görüşlərin keçirilməsi ilə yanaşı, iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər də qurulur. Aprelin 26-da isə ADA Universitetində "Qida Təhlükəsizliyi" Simpoziumu təşkil ediləcək.

Qeyd edək ki, kampaniya əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlakına təşviq olunması məqsədilə həyata keçirilir. Ötən müddətdə kampaniyaya bir sıra qurumlar və tanınmış şəxslər qoşulub. Agentlik həmin məsələ ilə əlaqədar aparılan təbliğat-təşviqat işlərini də genişləndirir. Maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur.

Seçilən
151
3
Mənbələr
Şərh ()
Bağla