AZ

ABŞ və Qərbin Brüssel tələsi

Sülhün əldə edilməsinə heç bir fayda verə bilməyən bu qüvvələr indiki qərəzli siyasətləri ilə Cənubi Qafqazda sabitliyə böyük təhlükə və təhdid yaradırlar

Xəbər verildiyi kimi, 5 aprel 2024-cü ildə Brüsseldə Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransı baş tutacaq. Bu konfransın erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni gərginlik və dırnaqarası təsir dairələri yaradacağı aydındır. Belə ki, bu qüvvələr beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, regionda yeni eskalasiya və gərginlik dalğası yaratmağa çalışırlar.

Eksperlərin fikrincə, bu görüş regionda sülh və sabitlik üçün yaxşı heç nə vəd etmir və Ermənistanla sülh sazişi üzrə danışıqlara ziyan vurmağa hesablanıb. Üstəlik, kollektiv Qərbin hədəfi İrəvan vasitəsilə Cənubi Qafqazda təsirlərini artırıb, Rusiyaya yeni cəbhə açmaqdır. Təəssüf ki, Ermənistan hər zaman olduğu kimi, böyük güclərin öz planlarını həyata keçirmələrində alət olmaqda davam edir. Görüş zamanı hərbi paktın gündəmdə olacağına dair məlumatlar var. Başqa sözlə, ABŞ və Avropa regionu yeni qeyri-sabitliyə və fəlakətə sürükləyirlər. Hərbi pakt Azərbaycana hərbi təzyiq və müdaxilə planının tərkib hissəsidir və Ermənistan revanşa hazırlaşdırılır. Bu baxımdan baş tutacaq olan üçtərəfli konfrans Azərbaycanda narahatlıq doğurub. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin bəyanatlarından narahatlığın təhlükəsizliklə əlaqədar olduğu aydın olur: “Keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir, Ermənistandakı qisasçı əhvali-ruhiyə bu tədbirdən dəstək uma və mümkün təxribatlarda Aİ ilə ABŞ Ermənistanı dəstəkləyəcəyinə dair illüziya yarada bilər. Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər”.

İrəvan isə bildirir ki, tədbir Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsini nəzərdə tutur. Rəsmi Bakının mövqeyi daha inandırıcı və arqumentli görünür, ona görə ki, regionda Ermənistanı hərbi təxribatlara hazırlamağın əlamətləri sezilməkdədir. Ermənistan Xarici İşlər Nazirliyi Brüsseldə planlanan 5 aprel Blinken-Paşinyan-Ursula Fon der Lyayen  məşvərətinin Qafqazda sülh perspektivlərinə qarşı çevrildiyini cidd-cəhdlə ört-basdır etməyə çalışır. Guya bu görüşün heç bir üçüncü ölkəyə qarşı çevrilmədiyi, Ermənistanın beynəlxalq əlaqələrinin daha da yaxşılaşdırılmasına yönəldiyi iddia olunur. Nazirliyin mətbuat katibi Anna Badalyanın müsahibəsində həm qorxu, həm reallığın təhrif olunması, həm də aşkar gördüyümüz əsl niyyətlərin gizlədilməsi səyləri sezilir.

İlkin məlumatlara görə, Brüssel danışıqlarının nəticəsi olaraq imzalanacaq sənəddə Qərbin Ermənistana təhlükəsizlik təminatının verməsi nəzərdə tutulacaq. Bu isə faktiki olaraq Ermənistanla hərbi-siyasi anlaşmanın imzalanması deməkdir. Eyni zamanda, müzakirə ediləcək mövzular arasında Ermənistana Aİ üzvlüyünə namizəd ölkə statusu təqdim olunması, Avropa Sülh Fondundan (EPF) Ermənistana zəruri vəsait ayrılması, Aİ ölkələrinin Ermənistana ikitərəfli hərbi-texniki yardımları ünvanlaması, Ermənistanın müdafiə qabiliyyətinin yüksəldilməsi üçün birgə hərbi təlimlər və treninqlər keçirilməsi, Ermənistanın təhlükəsizliyinin təminatı sahəsi islahatlara uğradılması, Ermənistanın sərhədləri üzərində nəzarəti gücləndirilməsi, Ermənistana Avropa Energetika Birliyinin üzvlüyü təklif edilməsi, Ermənistanın ərzaq təhlükəsizliyinin təminatının gücləndirilməsi, Avropa İttifaqı ilə Ermənistan arasında viza rejiminin liberallaşması ilə bağlı danışıqlara başlanması, Ermənistanın Avrasiya İqtisadi Birliyini tərk etməsində ona yardımlar göstərilməsi, Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) heyəti və imkanları artırılması, "yaşıl enerji" istehsalı və nəqli sahəsində Aİ ilə Ermənistan arasında əməkdaşlığa başlanması kimi məqamlar da var.

Qeyd edək ki, Brüssel görüşünün baş tutması üçün fəaliyyət hələ ötən ilin oktyabrında, İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin 3-cü sammitində start götürmüşdü. Fransa prezidenti Emmanuel Makronun sevimli "siyasi oyuncağı" olan Avropa Siyasi Birliyinin məhz həmin sammitində Bakı ilə aparılan danışıqlar prosesi formatında Avropa İttifaqı ilə Ermənistan arasında "xüsusi, əlahiddə" münasibətlər formalaşmağa başladı. Azərbaycan və Türkiyə prezidentlərinin qatılmadıqları həmin sammitdə Emmanuel Makron, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Almaniyanın kansleri Olaf Şolts ölkəmizə qarşı yönəlmiş birgə bəyanat imzalamışdılar. Sənəddə "qarabağlı ermənilər evlərinə qayıdışlarının və təhlükəsizliklərinin tam təminatı", habelə "Azərbaycanın həbs etdiyi bütün ermənilərin dərhal azad edilməsi" tələb olunurdu. Yəni, Azərbaycanın daxili işlərinə kobud müdaxiləyə cəhd edilmişdi. Daha sonra Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdü. Görüşün nəticəsi olaraq imzalanmış sənəddə "Dağlıq Qarabağın erməni əhalisinə qarşı Azərbaycanın hərbi əməliyyatları qətiyyətlə pislənmiş", Avropa İttifaqı ilə Ermənistan arasında tərəfdaşlığın yeni istiqamətləri, İrəvana yardımların çeşidi müəyyənləşdirilmişdi. Məhz Qranada sammitində qərara alınmışdı ki, Ermənistana dəstək məqsədilə Aİ və ABŞ birgə görüş keçirsinlər.

ABŞ və Avropa İttifaqı hazırda Paşinyan administrasiyasının Rusiyadan mümkün qədər uzaqlaşmağa yönəlmiş siyasətini tam dəstəklədiyini bəyan etsə də, konkret hansı "təhlükəsizlik təminatı"nı verə biləcəyini açıqlamır. Vaşinqtonun və Brüsselin belə təminat vasitələri ilə imkanları yoxdur: olan yalnız Ermənistana birbaşa silah-sursat və hərbi texnikanın tədarükü variantıdır. Qərb həmişəki kimi, Cənubi Qafqazdakı çox sərt geosiyasi rəqabətlə bağlı reallıqları nəzərə almır. Üstəlik, aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşün həmin reallıqlara yeni risklər əlavə edəcəyi şübhəsizdir. Əgər Vaşinqtonla Brüssel - dedikləri kimi, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında neytral və ədalətli vasitəçilik missiyasını yerinə yetirmək istəyirlərsə, rəsmi Bakıya təzyiq göstərməyə cəhd göstərərək Ermənistana hərbi-siyasi dəstək vermək planlarını reallaşdırmaq niyyətlərindən birdəfəlik əl çəkməlidirlər.

Sevinc Azadi, “İki sahil”

Seçilən
243
50
Mənbələr
Şərh ()
Bağla