AZ

5 aprel: seçilən yol, məqsəd və illüziya...

ABŞ-Aİ cütlüyü geocoğrafi “arzularını” Ermənistana transfer edə biləcəkmi?

5 aprel görüşü nə Ermənistan üçün, nə də onu “dəstəkləyən” ABŞ-Aİ birliyi üçün xüsusi hal yaratmadı. Ən azından günlərdir bu istiqamətdə canfəşanlıq göstərən, xüsusi təbliğat akustikası yaratmağa çalışan, ən primitiv detalları belə şişirdərək qələmə verən İrəvan görüşün ardından dərin səssizliyə qərq oldu - təbii ki, bunun ən mühüm şərti, görüşdən öncə həm ABŞ-ın, həm də Aİ-nin yüksəkranqlı simalarının Bakıya zəng vuraraq məruzə etməsi idi. Dövlət katibi Antoni Blinkenin və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Azərbaycan Prezidenti İlham Əliyevə izahatverici xarakterli zəngi prosesin gedişini dəyişdi. Bu zənglər ilk növbədə Azərbaycan dövlətinin və Prezidentinin qlobal müstəvidəki çəkisindən, nüfuzundan xəbər verir. Ermənistan nə qədər də özünü “vacib ölkə”, “mühüm tərəfdaş” qismində münasibətlər sisteminə pərçim etmək istəsə də alınmır - hətta onun “xidmətlərindən istifadə edən” ölkələr və təşkilatlar belə bölgə ilə bağlı məsələlələri Azərbaycanla məsləhətləşir, Bakının mövqeyi ilə uzlaşdırırlar.

Köhnə üsul, ənənəvi “dəyənək”...

Vurğulandığı kimi, görüşün mahiyyəti əvvəlcədən bəlli olduğu istiqamətdə inkişaf etdi - amma, Ermənistanın gözlədiyi “səs-küy” yaranmadı. Çünki istər Aİ-nin strukturları və üzv dövlətləri, istər ABŞ, istərsə də Ermənistanın siyasi hakimiyyəti dərk edir ki, regional həqiqətlər, regional reallıqlar məhz Azərbaycanın planlaşdırdığı strategiya və trayektoriya üzrə inkişf edir. Yeni mərhələdə Ermənistan da daxil olmaqla Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya ticari xəttini aktuallaşdıran səbəblər və situasiyanın formalaşması birbaşa Azərbaycanla bağlıdır. Ölkəmizin 2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal antiterror tədbirlərində əldə etdiyi qələbə, ardından isə beynəlxalq aləmin iqtisadi maraqlarını bölgədə uzlaşdırması ən əsas amil kimi çıxış edir. Yəni bu məsələdə Ermənistanın hər hansı bir xüsusi və ya diqqətçəkici rolu yoxdur, ola da bilməz. Sadəcə, hər zaman olduğu kimi bu dəfə də “siyasi alətə” çevrilən Ermənistan fərqli maraqların “dəyənəyi”nə çevrilmək arzusundadır. Halbuki, Azərabycanın təklif etdiyi sülh və normallaşma prosesi İrəvana hər şeydən öncə siyasi-iqtisadi müstəqillik qazandırmaq, öz maraqları çərçivəsində qərarlar vermək iqtidarı qazandırmaq üçün fürsət idi.

Yeni məzmun: Paşinyanın iqtisadi rıçaq, təhlükəsiz “çətir” təbliğatı

5 aprel görüşünün əsas məzmununun heç də Ermənistan olmadığı bütün ştrixləri ilə ortadadır - əks halda, Ermənistanın baş naziri Paşinyan verdiyi açıqlamalarda bir sıra ənənəvi tezislərə əsaslanmazdı, yeni iddialar və ya fikirlər irəli sürərdi. Təbii ki, ABŞ və Aİ Azərbaycanı əmin etmək istəyirdilər ki, Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycana qarşı yönəlməyib. Amma bu iddiaların Azərbaycanı qane etməməsi üçün ciddi əsaslar var. ABŞ və Aİ hərbi dəstək verməklə Ermənistanı Cənubi Qafqaz üçün yenidən təhlükəyə çevirir. Bu dəstəyin əsas hədəfi isə Azərbaycan və regionda formalaşdırmağa çalışdığı əməkdaşlıq platformasıdır. Paşinyanın fikirlərinə diqqət yetirsək, hədəfi yayındıraraq yalnız iqtisadi məsələləri önə çəkir - bildirir ki,  Avropa İttifaqı (Aİ) və ABŞ-la iqtisadi əlaqələri, o cümlədən ticarət və vətəndaşların hərəkət azadlığını inkişaf etdirməyin vaxtıdır. “Biz Ermənistanda özəl sektorun yeni bazarlara çıxa bilməsi üçün rəqabət qabiliyyətini inkişaf etdirmək niyyətindəyik. İnvestisiya mühitini Avropa və ABŞ şirkətləri üçün daha cəlbedici etməyə hazırıq. Malların və xidmətlərin keyfiyyəti üçün infrastrukturun təkmilləşdirilməsi, Qərbin işgüzar dairələri arasında əlaqələrin gücləndirilməsi ilə bağlı yardımlar gözləyirik”, - deyə o bildirib.

Paşinyanın fikirləri onu göstərir ki, rəsmi İrəvan qarşıdakı dövr üçün Aİ-nin ayrıcağı maliyyəyə ümid bəsləyir. Özünü post-Rusiya dövrünə kökləyən Ermənistanın sanki bu görüşdə əsas məqsədi məhz qarşı tərəfə “anonslar” vermək idi. Başqa sözlə, Ermənistan təhlükəsizlik rıçaqı ilə yanaşı, həm də iqtisadi dəstək qazandığını nümayiş etdirməyə çalışır. Amma bütün bunların ona nəiyn bahasına başa gəldiyini söyləmir - İrəvanın tutduğu yeni yol bölgə üçün mühüm təhdid sayılır...

Aİ planı: şirin vədlər İrəvanı qurumun siyasi orbitinə salıb

Digər tərəflərin mövqeyinə nəzər saldıqda bəzi nüanslar diqqətdən yayınmır - xüsusilə, Avropa İttifaqının Ermənistan üzərindən qurduğu planların bütün konturları biruzə verilir. Təsadüfi deyil ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də paralel olaraq görüşdən qabaq verdiyi açıqlamalarda məhz bu məqamlarla yadda qaldı - onun birinci növbədə Avropa İttifaqının Ermənistanın Rusiyaya qarşı sanksiyalardan yayınma ilə mübarizədə göstərdiyi səyləri alqışlaması göstərir ki, İrəvan Aİ üçün sadəcə, bir vasitədir. Qurum bu dövlətə heç də “bərabərhüquqlu tərəfdaş” və ya qarşılıqlı əlaqələrə verilən qiymət baxımından yanaşmır. Aİ-nin tez-tez Ermənistana ayırdığı pulu aşkar şəkildə təkrarlaması isə onu göstərir ki, qurum məhz bu yolla İrəvanı özünə “tabe edib”.  Qeyd edək ki, fon der Lyayen Aİ-nin 4 il ərzində Ermənistana 270 milyon avro məbləğində qrant ayıracağını bildirib. Onun sözlərinə görə, Aİ Ermənistana ilk növbədə infrastruktur layihələrinə, xüsusilə Qara Dəniz Elektrik Kabel layihəsinə, eləcə də bərpa olunan enerji istehsalına sərmayə qoyacaq. “Bu gün biz ötən ilin oktyabrında Ermənistana verdiyimiz sözü yerinə yetiririk”, - deyə o vurğulayıb.

Göründüyü kimi, bu fikirlər aylardır davam edən məsələlərin artıq açıq kontekstdə ifadə edilməsidir. Ermənistanın özünü fərqli qiyafədə təqdim etmə cəhdləri, KTMT-dən çıxma ilə bağlı “bəyanatlar”, Rusiyanın bu ölkənin təhlükəsizliyinin təminatı ilə bağlı oynadığı roldan mərhələli şəkildə imtinası Ai-nin İrəvana təqdim etdiyi “təkliflər paketi”nin mühüm hissəsini təşkil edir. Görünən budur ki, Aİ Ermənistan siyasi hakimiyyətini özünün siyasi orbitinə məhz bu yola salıb. Yaranan “fürsətdən” maksimum istifadə edən Aİ-nin Ermənistandakı “mülki missiya”sının qarşıdakı müddət ərzində xarakterindəki “yeni dəyişikliklər” bütün gizlinlərin üstünü açacaq - yəni, görüşdə hallandırılmayan “hərbi dəstək” məsələsinin məhz bu “qrup” üzərindən aparılması ilə bağlı əldə olunduğu ehtimal edilən razılaşmaların işartısı qısa zamanda üzə çıxacaq. Diqqət yetirsək, bu “qrup”un son 6 ayda sıraları  xüsusi sürətlə “artırılıb”. Aİ də Ermənistana verdiyi vədə 6 aydan sonra əməl edir - bu sinxronluq yeni razılaşmaların üzərinə gün işığı sala bilər...

Borrelin “yuxusu”: Ermənistanı “yumşaq güc” vasitəsi kimi təqdim etmək cəhdi

Görüşün Aİ-Ermənistan konteksti daha bir maraqlı məqamla yadda qaldı - müzakirə predmetlərinin korporativ maraqlar üzərində formalaşması Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellin açıqlamalarında da xüsusi xəttlə keçir. Borrel bildirib ki, Brüssel bütün ölçülərdə əlaqələri gücləndirmək və inkişaf etdirmək üçün Ermənistanla səyləri birləşdirməyi planlaşdırır. “Biz səylərimizi birləşdirmək istəyirik, məhz bu barədə xarici işlər naziri Ararat Mirzoyanla Aİ-Ermənistan tərəfdaşlığının səviyyəsini tərəfdaşlığımız çərçivəsində mümkün olan ən yüksək səviyyəyə qaldırmaq barədə razılığa gəldik. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu tərəfdaşlıq proqramını dəstəkləməyə dair Ermənistan üçün əhəmiyyətli bir tədbirlər paketi elan edib”, - o vurğulayıb.

Maraqlıdır ki, söhbət haknsı səylərdən gedir? Əgər bu səylər Aİ-nin “mülki missiyası”nı əhatə edirsə, demək, məqsəd dünənə qədər kəşfiyyatçı mahiyyətə malik kontingentə yeni “imic” qazandırılmsına köklənib. J.Borrell, həmçinin qeyd edib ki, Aİ Ermənistanın suverenliyinə, demokratiya və möhkəmliyinə güclü sadiqliyini nümayiş etdirmək üçün amerikalı dostları ilə səyləri birləşdirməyə çalışır: “Ermənistan dayanıqlılığını yüksəldəcək islahatlar üzərində işləməyə davam etməlidir. Bu səylər hərtərəfli və genişləndirilmiş tərəfdaşlıqla bağlı sazişin bir hissəsi olacaq”. O bildirib ki, Ermənistanın daha güclü və daha sabit olması Cənubi Qafqaz üçün də əhəmiyyətlidir.

Borrelin ermənipərəst siyasi mahiyyəti sirr deyil və bu mənada, İrəvana xüsusi “simpatiazon” yanaşma buradan qaynaqlanır. Ortadakı incə məqam isə Borrelin Ermənistanı “ideya mərkəzi”nə çevirmək cəhdi ilə bağlı anonsudur. ABŞ ilə səylərin ğtəmərküzləşdirilməsi fikri də buna xidmət edir - yeni “üsulla” işğalı “yumşaq güc” vasitəsilə həyata keçirməyə çalışan ABŞ Aİ-ni də özünə partnyor edərək Şərq-Qərb ticari şəbəkəsinin mərkəzində yeni siyasi situasiya formalaşdırmaq istəyəcək.  Qısacası, müəyyən bir zaman üçün hesabalanmış bu planlar Ermənistanın əli ilə yeni “rəngli hərəkətlənmələr” də vəd edə bilər.

ABŞ-ın mövqe(sizli)yi: Sabitlik və sülh arzusundasınızsa...

Məsələyə ABŞ prizmasından baxışa gəldikdə isə, Vaşinqtonun mövqeyi yenə də sürüşkən mahiyyətə malikdir - dövlət katibi Blinkenin Qarabağı könüllü şəkildə tərk edən ermənilər məsələsinə xüsusi “diqqət ayırması” Birləşmiş Ştatların yenə ənənəvi “insan haqqları” məsələsinin pərdəsi altında planlar qurmasına işarə edir. Dövlət katibi bildirib ki, ABŞ Ermənistanın iqtisadi və siyasi dayanıqlılığının güclənməsi üçün dəstəyi davam etdirir. Qeyd edib ki, ABŞ Qarabağı tərk edən erməniləri də dəstəkləməyə davam edəcək: “Bu, Ermənistanın uzun müddətli stabilliyi və çiçəklənməsi, eyni zamanda, regional sabitlik üçün vacibdir. Biz onların Ermənistan iqtisadiyyatına inteqrasiyasını dəstəkləyirik”.

Təbii ki, uzunmüddətdli “sabitlik” məsələsi nisbi yanaşma kimi qəbul edilməlidir - o baxımdan ki, ABŞ Ermənistanda davamlı sülhü və sabitliyi arzulayırsa, niyə onu konstruktiv olmağa məcbur etmir? Əksinə, münamsibətlərin normallaşması ilə bağlı müəyyən məsafə qət etmiş prosesi yenə də ləngidir. Digər tərəfdən, ABŞ-ın Qarabağdan könüllü şəkildə Ermənsitana gedən insanları özünün manipulyasiya vasitəsinə çevirmək arzusu ilk baxışdan ortadadır - hətta qarşıdakı mərhələdə Vaşinqton  Qarabağdan könüllü şəkildə Ermənistana gedən erməniləri hansı kontekstdə dəstəklədiyinə aydınlıq gətirməli olacaq.

Və nəhayət, görüşdə gözlənildiyi kimi “hərbi pakt” amilinin önə çıxarılmaması bəzi məqamlarla şəorh edilir - burada Azərbaycanın mövqeyi əsas şərt kimi rol oynayır. Siyasi mütəxəssislər bildirirlər ki, Vaşinqton anlayır ki, Azərbaycanın birbaşa iştirakı və fəal aktorluğu ilə bölgədə başladılan yeni siyasi birləşmələr (TDT buna real misaldır) qısa zamanda hərbi güc xarakteridə alacaq. Güc balansının müqayisəsində isə regional birlik daha öndədir: Aİ-ABŞ-Ermənistan üçlüyü indiki məqamda bölgədə hər hansı bir uğura ümid edə bilməz. Əslində, bəzi məqamların daha gizlin kluarlarda razılaşdırılmasını da ehtimal etmək mümkündür. Hər bir halda bu gizlinlərin üzə çıxması üçün zamana ehtiyac var...

Pərviz SADAYOĞLU

Seçilən
233
50
Mənbələr
Şərh ()
Bağla