AZ

Sən ən yaxşı qardaşsan İdrak!

Image


Bu səhər elə bil tərs oyandım yuxudan, içimdə bir dəli həyacan vardı, ona qorxu da demək olar. İçimdəki qorxulardan çox qorxuram, çünki o hiss məni çuğlayanda bəd xəbər alıram. Bəs xəbəri heç kəsə arzulamıram.

İçimdə qəribə bir uğultu vardı, qorxulu uğultu. Gecə yuxuda nə gördüyüm yadında deyil, amma tərs oynadığımı xatırlayıram. Səhər saatlarında əməkdaşımız Günel Cəlilova mesaj yazmışdı, hal- əhval tutduqdan sonra yazdı ki, xəbərin var, İdrak rəhmətə gedib... Dondum... Bir neçə dəqiqə donum açılmadı, matım - qutum qurudu. Bu qız nə deyir, İdrak niyə ölsün ki? Niyə ölməlidir ki? Onun ölən yaşıdır bəyəm? Ağlımdan min bir fikir keçdi. Dedim yəqin Ukraynada olub bu hadisə... Kimin gülləsindən ölüb? Ay Allah bu nə müsibətdi, nə zülmdür, nə məşəqqətdi? Günel dedi ki, sosial şəbəkələrdə İdrakın ürək tutmasından öldüyü deyilir. 

Ürəyə bax, bir ürəyə, İdrak ona heç vaxt xəyanət etmədi, amma o ona xəyanət etdi. Özü də harda? Kiyevdə, qürbətdə, bizdən uzaqda, qəriblikdə. Sən gözəl qardaşım, Ukrayna Rusiya müharibəsinin ilk günlərindən o diyara getdin, getdin ki, insanların fəryadını dünyaya yayasan, ağlayan gözləri siləsən, yazılarınla onlara təsəlli olasan, dəstək verəsən. Əlindən gələni etdin, oradakı azərbaycanlılara böyük kömək oldun. Amma özünü qoruya bilmədin gözəl qardaşım, ürəyini dərdən-qəmdən uzaq tuta bilmədin. Bütün ayrılıqlar özü qürbət kimidir qardaş, qürbət kimi. İçim sızıldayır, gözlərim ağlayır, ürəyim partlayır. Hansı gözəl söz sənə yaraşmır ki. Hansı yaxşı söz səni ifadə etmir ki. Vəfalı dost, sədaqətli dost, abırlı oğlan. Dostlardan nəinki çörəyini, süfrəsini, heç canını belə əsirgəməyən İdraksan sən.

“Ay brat” deyirdin mənə, mən də sənə “qaqam” deyirdim. Mənim qaqam ayrı bir oğlan idi, tanıyanlar bilir, tanımayanlar da bilsin ki, onun abır-həyası, onun sədaqəti, insanpərvərliyi bir örnəkdir.  Səninlə çox gözəl günlərimiz olub, hamısı bir-bir kino lenti kimi gözlərimin qarşısından keçir qaqam. 

Bir-bir düşər

Atlananlar bir-bir düşər.

Sənlə keçirdiyim günlər 

Yadıma bir-bir düşər.

Yadıma düşər və yandırar məni. 

Ağlayıram, özümü qınayıram, ittiham edirəm ki, niyə son vaxtlar səninlə lazımı qədər əlaqə saxlaya bilmədim. Məni həmişə sən axtardın qaqam, həmişə sən soraqladın. Hey deyirdin ki, “İrka, sən mənim bratımsan, ən yaxın bratım”. Sən elə oğlan idin ki, İdrak sənin bənzərini həyatda heç görmədim qaqam. 

Məndən cəmi iki yaş böyük idin, amma mənə elə gəlirdi ki, yaşıdıq, bir məktəbdə oxumuşuq, bir partada oturmuşuq. Həmişə elə zənn edirdim ki, sən mənim uşaqlıq dostumsan. Halbuki, biz “Bakı-Xəbər” qəzetində tanış olmuşduq. O vaxtlar sən “Bakı-Xəbər”in idman yazarı idin, mən də  mədəniyyətdən yazırdım. Sonra sən getdin başqa yerdə işləməyə, amma dostluğumuz qaldı, yaşadı. Bizim dostluğumuz sağlam oldu, əbədi oldu İdrak. Təmənnasız dostluq oldu dostluğumuz. Gözlərindən gülən İdrak, abırlı-həyalı İdrak. İşdə hamının hörmətini saxlayırdın, heç kəs səndən tük qədər incimədi qaqam. Heç kəsi incitmədin heç.  Biz o qədər doğma idik ki, onu sözlə demək çətindir, bunu heç deməyə də ehtiyac yoxdur, bizi tanıyanlar hamısı bilir. Sən ən yaxşı qardaşsan İrdak, səndən yaxşı qardaş da yox idi. 

Qar daşı, 

Qarlı dağdan qar daşı.

Xəstə könlü nar istər

Mənim könlüm qardaşı...

Sənin könlün nə istədi İdrak? O qərib ellərdə ürəyin sənə xəyanət edəndə nə keçdi ağlından gözəl qardaşım, nə düşündün? Bütün ayrılıqlar qürbətə bənzər, bütün ayrılıqlar bizə qənimdi. 

Bakıda hər kəs səndən danışır, sosial şəbəkələrdə səndən yazırlar, hamı heyifsilənir, hamı deyir ki, bu nə bəd xəbərdi? Nə qədər adamı yandırdı sənin bəd xəbərin. Ürəyinə qurban qaqam, nə qədər ürəkdə özünə yuva qurubmuşsan, nə qədər insanın könlündə yerin varmış. Mən elə bilirdim təkcə mənim qardaşımsan, demə ki, sənə nə qədər qardaş deyən varmış...

48 il yaşaya bildin, amma bu 48 ilə böyük bir ömür sığışdırdın. Taleyə, bəxtə nə deyim, onu qarğayımmı, yamanlayımı? Niyə səni qürbət ellərə atdı? 

Gözəl qardaşım İdrak, sənin barəndə gah keçmiş, gah da indiki zamanda danışıram. Amma bil ki, sən mənim üçün həmişə donmuş zaman içindəsən, ölümsüzdür o zaman...

Onu da deyim, redaksiyada qızlar həmişə mənə həsəd aparırdılar ki, sənin nə yaxşı qardaşın var...

Qızlar heç zaman yanılmadılar, sən ən yaxşı qardaşsan İdrak! 

İradə SARIYEVA

P.S

“Bakı-Xəbər” media qrupunun rəhbəri Aydın Quliyev və kollektivi qəzetimizin keçmiş əməkdaşı, tanınmış jurnalist İdrak Camalbəylinin vəfatından kədərləndiyini bildirir, dərin hüznlə yaxınlarına başsağlığı verir!






Seçilən
135
14
Mənbələr
Şərh ()
Bağla