AZ

"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski

 
"Qəzza bölgəsindəki savaş dünyanın, o cümlədən amerikalıların diqqətini Ukraynadakı savaşdan yayındırıb..."
 
"Putin keçmiş Sovet İttifaqına onun imperiya şöhrətini və sərhədlərini qaytarmaqda qətiyyətlidir..."
 
Rusiya may-iyun aylarında Ukraynaya qarşı yeni hücuma başlayacaq. 
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Amerikanın CBS telekanalına müsahibəsində bəyan edib.
 
Zelenskinin sözlərinə görə, əgər müttəfiqlər silah tədarükündə tələsməsələr, o zaman Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının yeni hücumuna hazır olmayacaq.
 
"Ukrayna Silahlı Qüvvələri hazırda bir çox cəhətdən Rusiya hərbçilərinin irəliləməsini dayandıra bilməsinə rəğmən, onlar yaxın aylarda Rusiyanın yeni iri hücumuna hazır deyil", - prezident vurğulayıb.
 
O, qeyd edib ki, ukraynalı hərbçilərinin ilk növbədə artilleriya döyüş sursatları və Amerikanın "Patriot" hava hücumundan müdafiə sistemləri kimi "elə indi zəruri yardıma" ehtiyacı var.
 
Lakin CBS qeyd edir ki, ABŞ-ın Ukraynaya 60 milyard dollarlıq yardım paketi aylarla davam edən maneələr səbəbindən lənğiyir.
 
Bu fonda Zelenski etiraf edib ki, Qəzza bölgəsindəki müharibə dünyanın, o cümlədən amerikalıların diqqətini ölkəsindəki müharibədən yayındırıb.
 
"Biz bunun humanitar fəlakət olduğunu anlayırıq, lakin bu, informasiya məkanında diqqəti Ukraynadan yayındırıb. Amma bu, Rusiyanın əlinə işləyir", - Zelenski deyib.
 
Bu zaman o, qeyd edib ki, əgər Ukrayna həqiqətən bu müharibədə məğlub olarsa, Putin nail olduqları ilə kifayətlənməyəcək, bundan sonra onun hədəfi Qazaxıstan, Baltikyanı ölkələr, Polşa və Almanyanın yarısı olacaq.
 
Prezidentin fikrincə, Putin "keçmiş Sovet İttifaqına onun imperiya şöhrətini və coğrafi sərhədlərini qaytarmaqda qətiyyətlidir".
 
"Artıq günü sabah raketlər istənilən dövlətin ərazisinə uçub gələ bilər, o zaman Birləşmiş Ştatların vətəndaşları, əsgərləri Avropanı müdafiə etməli olacaq, çünki onlar NATO-nun üzvüdür", - Zelenski deyib.
 
Rusiyanın ölkəsinə hərbi müdaxiləsini "demokratiyaya, dəyərlərə, bütün dünyaya qarşı savaş" adlandırıb.
 
Zelenski belə fikir ifadə edib ki, Qərbdə, heç şübhəsiz, bu ismarıcı eşitməkdən yorulan adamlar da var, lakin belələri yalnız müharibənin nə demək olduğunu bilməyən, heç vaxt övladlarını itirməyənlərdir".
Seçilən
159
50
Mənbələr
Şərh ()
Bağla