AZ

Vətəndaşlar hüquq və vəzifələrini nə qədər bilirlər? - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Respublikasının Konstitusiyasının III fəslində (Əsas insan və vətəndaş hüquqları və azadlıqarı) hər kəsin əsas hüquqları və azadlıqları qeyd edilmişdir". Bu sözləri SİA-ya açıqlamasında vəkil Tural Həsənli deyib.

O bildirib ki, bura bərabərlik hüququ, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi, yaşamaq hüququ, azadlıq hüququ, mülkiyyət hüququ, əqli mülkiyyət hüququ, təhlükəsiz yaşamaq hüququ, şəxsi toxunulmazlıq hüququ, nikah hüququ, mənzil toxunulmazlığı hüququ, əmək hüququ, tətil hüququ, istirahət hüququ və s. hüquqları, azadlıqlarına isə fikir və söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, məlumat azadlığı, yaradıcılıq azadlığını göstərmək olar: "IV fəsildə isə vətəndaşların əsas vəzifələri olan vergilər və başqa dövlət ödənişləri, vətənə sədaqət, vətəni müdafiə, dövlət rəmzlərinə hörmət, tarix və mədəniyyət abidələrinin qorunması, ətraf mühitin qorunması, qanuna zidd vəzifələrin icrasına yol verilməməsi, məsuliyyət vəzifələri göstərilmişdir.

Ümumən dövlət hüquq nəzəriyyəsindən bəlli olduğu kimi sadə formada hüquq dedikdə, şəxs nəyi edə bilər, vəzifə dedikdə isə ümumi olaraq nələri etməlidir başa düşülür. Bunlara dair müxtəlif yanaşmalar və konsepsiyalar da mövcuddur.

Ali qanunvericilik aktında göstərilmiş əsas hüquq və vəzifələrdən başqa, vətəndaşların digər hüquqları və vəzifələri də vardır ki, bunlar digər qanunvericilik aktlarında təsbit olunaraq nizamlanmışdır.

Ümumən vətəndaşların öz hüquqlarını bilməsi hesab edirəm qənaətbəxş deyil. Belə ki, adi halda ictimai yerdə müxtəlif şəxslərdən müsahibə almaqla aşkar etmək olar ki, şəxslər onlara aid maksimum üç-dörd hüququnu sadalaya bilər və hər kəsin də sadaladığı ilk hüququ əminəm ki, nikah hüququ olacaq. Bu reallığı danmaq məncə, məsələyə obyektiv yanaşma ola bilməz. Ümuməm vətəndaşların adi halda “əlbəttə hüquqlarımı bilirəm” yanaşması ona görə real deyil ki, müxtəlif işlər üzrə icraatlarda bunlardan istifadə edilə bilməməsi və ya tələb edilməməsi, müvafiq davranışın göstərilməməsi yanaşmalarının düzgün olmadığını aşkara çıxarır. Məsələn, adi halda cinayət və inzibati xətalara dair işlər üzrə icraatda şəxsin müdafiəçini tutulduğu vaxtdan tələb etməməsi və bu barədə düşünməməsi məsələnin iç üzünü aşkara çıxarır. Bundan başqa, şübhəli və ya təqsirləndirilən şəxsin ifadə verməsi, ifadə verməməsi və ya müdafiəçinin iştirakı ilə ifadə vermək hüququnun olmasını bilməməsi işin sonrakı icraatının perspektivini azaltmaqla yanaşı, hüquqlarını bilməməsi faktını ortaya qoyur. Habelə, ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı aliment almaq hüququnun yalnız arvada məxsus olması barədə bir çox vətəndaşların fikri də bir daha bu sahədə öz hüquqlarını bilməməsini deməyə əsas verir. Bu barədə bir çox misalları əsas və arqument gətirmək olar".

"O ki qaldı vəzifələrin icrasına, vətəndaşların vəzifələrini yerinə yetirməsinə dövlət hakimiyyəti orqanları, eləcə də, digər orqanlar nəzarət etdiyindən vətəndaşlar vəzifələrini bilməsə də, nəzarət edən subyektlərin tələbi əsasında onların vəzifələrini yerinə yetirməsi, istənilən halda öz vəzifələrini bilməsi anlamına da gələ bilməz. Yəni ki, vəzifələr bir çox vətəndaşlara konkret məlum olmasa da, yerinə yetirilir.

Vətəndaşların öz hüquqlarını bilməməsinin əsl səbəbkarı təbii ki, həmin şəxslərin özləridir. O baxımdan ki, əsassız özgüvən, vəkil xidmətindən istifadə etməmə və “görək nolur?” yanaşması onlarla bağlı aparılan icraatlarda müəyyən məsələlərin onların ziyanın həll olunmasına zəmin yaradır və bu gözləniləndir. Hətta Cinayət Məcəlləsində kifayət qədər müddəalar vardır ki, şəxsin hüquq-mühafizə orqanlarına bu barədə adi müraciət etməsi və məlumat verməsi onlar barədə cinayət məsuliyyətini istisna edir. Lakin vətəndaş əsassız olaraq düşünür ki, bu barədə məlumat vermək onun barəsində cinayət təqibinin həyata keçirilməsinə səbəb ola bilər. Halbuki bu barədə məlumat vermə cinayət faktının HMO-lar tərəfindən vaxtında açılması və həmin şəxsin deyil, əməlində cinayət tərkibi olan şəxsin barəsində cinayət təqibinin həyata keçirilməsinə səbəb ola bilir.

Digər tərəfdən isə, vətəndaşlar bir çox hallarda hüquqi yardımı vəkildən, bu sahədə ixtisaslaşmış digər şəxslərdən deyil, aidiyyatı olmayan şəxslərdən alır. Təsəvvür edin ki, hüquqi savadı olmayan “dünyagörüşü çox olan şəxsin”, “məhəllənin ağsaqqalı” və s. şəxslərin hüquqi yardım göstərməsi səmərəli ola bilərmi?

Hesab edirəm ki, şəxsin öz hüquqlarını bilməsi fərdi xarakter daşıyaraq istəyə əsaslandığından və məcburi xarakter daşımadığından vətəndaşlar əksər hallarda öz hüquqlarını bilmir və həyata keçirmirlər" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
20
Mənbələr
Şərh ()
Bağla