AZ

Türkiyə seçkiləri: İstanbulun yerli bələdiyyələrində kim QALİB GƏLƏCƏK?

Qardaş ölkədə martın 31-də keçiriləcək yerli seçkilərdə ən gərgin rəqabətin keçəcəyi şəhərlərdən biri də İstanbuldur. Türkiyədə ən çox seçicinin yaşadığı şəhərdə 11 314 516 seçici bazar günü səs verəcək. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyinə namizədlər daha çox gündəmdədir. Əsas diqqət İstanbul bələdiyyəsi uğrunda keçəcək yarışa yönəlsə də, vilayətin 39 rayonu var və hər rayonun bələdiyyə sədri ayrılıqda seçiləcək.

 

2019-cu ildə İstanbuldakı seçkilərin qalibi CHP-nin namizədi Ekrem İmamoğlu olduğu halda, AKP 39 rayondan 24-də bələdiyyələri qazanıb. MHP-nin İstanbulun Silivri bələdiyyəsində seçkiləri udması ilə Cümhur İttifaqı İstanbulda 25 rayonu idarə etmək mandatı əldə etdi. CHP isə 14 rayonda bələdiyyə sədrliyinə sahib oldu. İstanbul bələdiyyəsində müxalifət qələbə çalmış olsa da, İstanbulun bölgələrində yerli hakimiyyətlər iqtidardadır.

 

Cümhur İttifaqı 31 mart 2024-cü il seçkilərinə İstanbulda birgə gedir. MHP AKP-nin İstanbuldakı namizədi Murat Kurumu dəstəkləməklə yanaşı, vilayətin 37 rayondakı namizədini də dəstəkləmək qərarı verib. AKP isə digər 2 rayonda Silivri və Beşiktaşda namizəd çıxarmayaraq MHP-nin namizədlərini dəstəkləyəcək.

 

2019-cu il seçkilərinə İYİ Partiya ilə ittifaq olaraq girən və İstanbulun 35 rayonunda namizəd irəli sürən CHP Kağıthane, Bağcılar, Arnavutköy və Esenler olmaqla 4 rayonda İYİ Partiyanı dəstəkləmişdi. Lakin İYİ Partiya bu rayonların heç birində qalib gələ bilmədi. Son prezident seçkilərindən sonra Millət İttifaqının dağılması ilə bu dəfə CHP və İYİ Partiya da daxil olmaqla, ittifaq ortaqları bütün Türkiyədə olduğu kimi İstanbulda da öz namizədləri ilə seçkilərə qatılmağa qərar veriblər.

 

Bundan başqa, 2019-cu il seçkilərində kürdyönümlü Xalqların Demokratik Partiyası (HDP) olaraq 14 rayonda yarışan DEM Partiya bu seçkilərdə İstanbulun 16 rayonunda namizəd çıxarıb. Ultra-sağçı Zəfər Partiyası, dindar-mühafizəkar Yenidən Rifah Partiyası (YRP) da bu seçkilərdə iştirak edəcək. Ümumilikdə budəfəki seçkilərdə İstanbulun bəzi rayonlarında balansın dəyişdiyi və qaliblərin dəyişəcəyi ehtimalı var.

 

YRP namizədinin aldığı hər səsin AKP-yə, DEM Partiyanın namizədinin aldığı hər səsin isə CHP-yə mənfi təsir edəcəyi gündəmdədir. Səs faizləri bir-birinə çox yaxın olduğu üçün dəyişiklik ehtimalı yüksək olan İstanbulun Sancaktepe, Büyükçekmece, Silivri, Eyüpsultan rayonlarında qaliblərin əvəzlənəcəyi gözlənilir.

 

 

Sancaktepe

 

AKP 2009-cu ildən bəri Sancaktepe seçkilərində lider partiyadır. 2019-cu ildə keçirilən yerli seçkilərdə CHP-nin 47,2 faiz səs topladığı rayonda AKP-nin Sancaktepe namizədi Şeyma Döğücü 49,89 faiz səslə birinci olub və bələdiyyə sədrliyini qazanıb. 2019-cu ildə iki partiya arasında 6 min 265 səs fərqinin olması martın 31-də AKP-nin namizədi Şeyma Döğücü ilə CHP-nin namizədi Alper Yeğin arasında keçiriləcək rayonda yarışın gərgin keçəcəyinin göstəricisidir. Qeydiyyatda olan seçicilərin sayının əvvəlki yerli seçkilərlə müqayisədə 66 782 nəfər artması da nəticələrə təsir göstərə bilər.

 

Büyükçekmece

 

CHP 2009-cu ildən bəri Büyükçekmecedə ilk partiyadır. 2019-cu il seçkilərində CHP-nin namizədi Hasan Akgün 50,34 faiz, AKP-nin namizədi Mövlud Uysal isə 47,45 faiz səs toplayıb. 2,85 faizlik fərq seçkinin taleyini həll edib. Qeydiyyatda olan seçici sayı 24 286 nəfər artıb. Bu dəfə yarış AKP-nin namizədi Recep Erol ilə CHP-nin namizədi Hasan Akgün arasında olacaq. Akgün 1994-cü ildən Böyükçekmece bələdiyyəsinin sədridir.

 

Silivri

 

Silivridə vəziyyət mürəkkəb görünür. 1994 və 1999-cu il seçkilərində CHP Silivridə birinci olduğu halda, 2004-cü ildə AKP bələdiyyə seçkilərinin qalibi olub. Daha sonra iki müddətə (2009 və 2014 seçkilərində) bələdiyyəni geri qazanan CHP 2019-cu ildə MHP-nin namizədi Volkan Yılmazdan təxminən 3 faiz az səs toplayaraq 43,97 faizlə bələdiyyəni itirib. Silivri DEM Partiyanın budəfəki seçkilərdə namizəd irəli sürmədiyi rayonlardan biridir. Bu səbəbdən Silivridə seçkinin nəticələri DEM Partiya seçicilərinin kimə üstünlük verəcəyindən asılı ola bilər. 2019-cu ildən bəri qeydiyyatda olan seçici sayının 21 631 artdığı rayonda seçki Volkan Yılmaz və CHP-nin namizədi Bora Balcıoğlu arasında keçəcək.

 

Eyüpsultan

 

Mühafizəkar seçicilərin cəmləşdiyi Eyüpsultanda 2004-cü ildən bəri AKP seçkilərdə birinci partiyadır. 2019-cu il CHP 47,4 faiz səs toplayıb, AKP isə 49,11 faiz səslə qalib gəlib. CHP seçkidə 1,71 faiz, yəni 3 918 səs fərqi ilə məğlub olub. Eyüpsultan da DEM Partiyanın namizəd irəli sürmədiyi rayonlar arasındadır. AKP-nin təxminən 4 min səslə qalib gəldiyi rayonda 2019-cu ildən bəri qeydiyyatda olan seçicilərin sayı 32 377 nəfər artıb. Rayonda seçkilər AKP-nin namizədi Deniz Köken və CHP-nin namizədi Mithat Bülent Özmen arasında olacaq.

phrase_var_article.chosen
178
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close