• Şikayət et

28 May müstəqilliyimizin tarixində ən şərəfli zirvədir - FOTO

Azərbaycan Xalq Cümhuriyyəti bir çox ilklərə imza atıb, parlament və hökumət strukturlarını formalaşdırıb. Azərbaycan parlamenti milli tolerantlıq baxımından hətta Qərb ölkələri üçün bir model idi. Cümhuriyyət qadınlara səsvermə hüququnu Qərb ölkələrindən əvvəl verib.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Bununla da xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam etdirilib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin varisi

Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. 1920-ci ilin 28 aprel tarixində bolşevik Rusiyası tərəfindən işğal olunan, müstəqilliyinə son qoyulan Azərbaycan düz 70 il sonra yenidən azadlığına qovuşub. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Xoşbəxt tarixin başlanğıcı

28 May Müstəqillik Gününün Azərbaycan xalqının tarixində, ictimai-siyasi həyatında, mənəvi dünyasında yeri və rolu, əhəmiyyəti barədə “Kaspi” qəzetinə fikirlərini bölüşən millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib ki, hər qaranlıq gecənin işıqlı bir səhəri olur. Onun sözlərinə görə, Azərbaycan xalqının tarixində qaranlıq gecə 1918-ci ilin Mart soyqırımı, işıqlı səhər isə həmin ilin 28 mayıdır. Tarixçi-alim söyləyib ki, 28 May müstəqilliyimizin tarixində ən şərəfli zirvədir: “Hər xalqa müstəqillik nəsib olmur. Sayı bizdən on dəfələrlə çox olan xalqlar var, ancaq onların çoxunun müstəqilliyi yoxdur. Xoşbəxtik ki, dünyanın 200-ə qədər müstəqil dövlətləri sırasında biz də varıq. Dünyanın bir çox xalqlarının tarixində zirvələr mövcuddur. Anadolu türkləri üçün 29 oktyabr, fransızlar üçün Bastiliyanın alınması, almanlar üçün XIX əsrin ikinci yarısında vahid dövlət halında birləşmə, amerikanlar üçün 4 iyul ən böyük tarixi hadisədir. Belə bir xoşbəxt gün bizim xalqımıza da nəsib olub. Bu xoşbəxt tarixin başlanğıcı 1918-ci il mayın 28-dir. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti zaman məhdudluğuna baxmayaraq, dövlət quruculuğu naminə bir çox addımlar atıb”.

Qalib ölkənin vətəndaşları

XX əsrdə xalqımızın üç Respublikada yaşadığını diqqətə çatdıran millət vəkili bildirib ki, birinci Respublikanın ömrü qısa, amma ərazisi böyük olub: “Birincini Azərbaycanın milli-demokratik ziyalıları qurdular, xalq da onları müdafiə etdi. İkinci Respublikanın ömrü birinciyə nisbətən uzun oldu, amma xeyli ərazimizi əlimizdən aldılar. İkinci Respublika birinci Respublika dövründə qazanılanların üzərindən xətt çəkdi. İkinci Respublika kənar müdaxilə nəticəsində quruldu. Bu Respublika müstəqil yox, müttəfiq adlandı. Üçüncü Respublika 1991-ci ildə quruldu. Üçüncü Respublika özünü birinci Respublikanın siyasi varisi elan etdi. Bu Respublika xalqın tələbi və iradəsinin nəticəsi kimi yarandı. 30 ildən artıqdır ki, bu Respublika yaşayır, yaradır və dünyanın ən nüfuzlu təşkilatlarının üzvüdür. Azərbaycan Respublikası Birinci Respublikanın qaldırdığı üçrəngli bayrağın Azərbaycanın suveren ərazisində həmişəlik dalğalanması üçün bütün istiqamətlərdə mübarizəni davam etdirir. 44 günlük Vətən Müharibəsinin nəticəsi olaraq, illərlə düşmən işğalı altında qalan torpaqlarımız azad olunub. Cümhuriyyətin əmanəti - üçrəngli bayrağımız hazırda Azərbaycanın bütün bölgələrində şərəflə dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, hərbçilərimizin qəhrəmanlığı sayəsində artıq iki ildir Müstəqillik Gününü qalib ölkənin vətəndaşları kimi qeyd edirik. Bu, böyük xoşbəxtlikdir”.

Müsəlman Şərqinin Dan Ulduzu

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı hesab edir ki, Cümhuriyyətin elan edilməsi Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifələrindən biridir. Onun sözlərinə görə, Cümhuriyyətin elan edilməsi ilə Azərbaycan xalqı müsəlman Şərqində ilk dəfə olaraq Respublika formasında dövlətini yaradıb. Millət vəkili deyib ki, Respublika üsul-idarəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirib: “Azərbaycan Xalq Cümhuriyyəti bir çox ilklərə imza atıb, parlament və hökumət strukturlarını formalaşdırıb. Azərbaycan parlamenti milli tolerantlıq baxımından hətta Qərb ölkələri üçün bir model idi. Azərbaycan Cümhuriyyəti qadınlara səsvermə hüququnu Qərb ölkələrindən əvvəl verib. Cümhuriyyətin elan edilməsi ilə Azərbaycan xalqı XX əsrdə ilk dəfə olaraq Dövlət Millətinə çevrilib. Cümhuriyyətin yaradılması və fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyır. Cümhuriyyət bütün müsəlman Şərqinin Dan Ulduzu olub. Müsəlman dünyasına Respublika məfhumunu və məfkurəsini Azərbaycan xalqı gətirib. Onlara zülmətdən xilas olmağın yolunu göstərib, ürəklərində ümid çırağı yandırıb”.

Mənbə:
0
50
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar