AZ

1,5 milyard hara, 380 milyon dollar hara- Hindistanın Ermənistanla qardaşlığı sözdə imiş...

Image

Fuad İbrahimov: “Azərbaycan və Hindistan arasında artan ticarət əlaqələri iqtisadi maraqların üstün olmasının sübutudur”

Çox vaxt bilib-bilmədən Hindistanla Ermənistan arasında əlaqələr şişirdilir. Ancaq statistik rəqəmlərə baxdıqda görürük ki, Hindistan Azərbaycanla iqtisadi-ticarət əlaqələrinə daha çox üstünlük verir, nəinki Ermənistanla.

Məsələn, 2023-cü ildə Ermənistanla Hindistan arasında ticarət dövriyyəsi cəmi 380 milyon dollar olub. Ancaq ötən il Azərbaycanla Hindistanın ticarət dövriyyəsi 1 milyard 435 milyon dollar təşkil edib. Bu isə o deməkdir ki, Azərbaycanın Hindistanla olan ticarət dövriyyəsi Ermənistanla olan ticarətdən az qala 4 dəfə çoxdur. Digər tərəfdən, Hindistandan Azərbaycana gələn turist sayı kəskin artıb. Belə ki, bu ilin ilk 4 ayında 2023-cü ilin eyni dövrü ilə müqaisədə Hindistandan 2,4 dəfə çox turist gəlib. Ölkəyə gələn turistlər sıralamasında Hindistan 4-cü yerə çıxıb. Üstəlik, Çabahar limanından yüklər Azərbaycan üzərindən keçməklə Şimal-Cənub dəhlizi ilə daşınacaq.

“Ölkəmizi bu məsələdə cazibədar edən əsas faktor ondan ibarətdir ki, məsafə baxımından ən qısa yol bizdən keçir” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, Dehli ilə İrəvan arasında olan yaxın siyasi münasibətlər iqtisadi əlaqələrə ciddi təkan vermir: “Çünki gərək iqtisadi əlaqələrdə tələb və təklif olsun. Üstəlik, Ermənistanda əhalinin sayı az olduğu üçün bazar kiçikdir. Ona görə də iqtisadi maraqların reallığı tamam başqa bir vəziyyəti əks etdirir. Azərbaycan və Hindistan arasında artan ticarət əlaqələri də iqtisadi maraqların üstün olmasının sübutudur. Nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadi, geostrateji baxımdan Ermənistanla müqayisə ediləsi ölkə deyil. O cümdən, infrastruktur və regional mövqeyi baxımından. Ona görə də Hindistan Azərbaycanla ticarət əlaqələrinə daha çox önəm verir. Bu, Ermənistanla müqayisədə belə də olmalıdır. Çünki önəmli tranzit yolları Azərbaycan üzərindən keçir. Ermənistan Gürcüstan vasitəsi ilə Rusiya ilə ticarət əlaqələri qurur. Ancaq Gürcüstan üzərindən Rusiyaya gedən dəmir yolu bağlıdır. Avtomobil yolu ilə əlaqə də mövsümü xarakterlidir. Yuxarı Lars yolu qışın çox vaxtı bağlı olur. Hindistan Asiyada Çindən sonra ən böyük iqtisadiyyata malik olan ölkədir. Ölkənin kifayət qədər ixrac potensialı var. Hindistanın Rusiya ilə ticarət əlaqələrində ən qısa və sərfəli yol Azərbaycan üzərindən keçir. İran vasitəsi ilə Azərbaycana və ondan sonra Rusiyaya keçid var. Ona görə də bu, olduqca önəmli və təsirli reallıqdır. Nəzərə almaq lazımdır ki, Yəməndəki husi üsyançılarının fəaliyyəti ilə əlaqədar Suveyş kanalı üzərindən daşımalar kəskin şəkildə aşağı düşüb. Halbuki Hindistan dəniz yolu ilə Rusiya ilə ticarət aparırdı. Azərbaycanı bu məsələdə cazibədar edən əsas faktor ondan ibarətdir ki, məsafə baxımından ən qısa yol bizim ölkədən keçir. O cümlədən, bizdə müasir nəqliyyat infrastrukturu qurulub. Azərbaycanın şaxələnmiş nəqliyyat yolları var”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
37
baki-xeber.com

10Mənbələr