AZ

Ankarada TÜRKPA ölkələrinin müdafiə və təhlükəsizlik üzrə əməkdaşlığının inkişafı yolları müzakirə edilib

Ankarada

Ankara, 22 may, AZƏRTAC

Mayın 22-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasında Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) üzvü olan ölkələrin qanunverici orqanlarının Milli müdafiə komitələri sədrlərinin birinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə parlamentinin Milli müdafiə komitəsinin sədri Hulusi Akarın sədrliyi ilə keçirilən iclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, TBMM-nin deputatları, TÜRKPA-nın üzvü olan ölkələrin nümayəndələri, o cümlədən Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov iştirak ediblər.

İclasda türk dövlətlərinin müdafiə və təhlükəsizlik üzrə əməkdaşlığının daha da genişləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Özbəkistanda səfərdə olan TBMM-nin sədri Numan Kurtulmuş videokonfrans rejimində tədbir iştirakçılarına müraciət edib. Güclü müdafiə sənayesi və silahlı qüvvələri müasir dövlətin təhlükəsizlik sisteminin əsas komponentləri adlandıran Türkiyə parlamentinin spikeri deyib: “Türk dövlətlərinin əməkdaşlıq istiqamətində birgə addımlar atmaq üçün siyasi iradə nümayiş etdirməsi bizi ürəkdən sevindirir və geniş imkanlar açır”.

TBMM-nin sədri diqqəti Türkiyənin üzləşdiyi çətinliklərə çəkib. O vurğulayıb: “Ölkəmiz uzun illərdir ki, terrorizmin təzahürlərinə qarşı müqavimət göstərir. Ankaraya qarşı müdafiə məhsullarının tədarükü ilə bağlı açıq və gizli embarqolardan istifadə edilir. Buna cavab olaraq, Türkiyəni müdafiə sənayesi sektorunda liderlərdən birinə çevirən yerli müdafiə sənayesinə yatırım etdik”.

Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin sədri Hulusi Akar da toplantı iştirakçılarına müdafiə sektorunun prioritetlərindən danışıb. O, Türkiyənin beynəlxalq miqyasda strateji əməkdaşlığı üçün müdafiə və təhlükəsizlik sahələrinin vacib və prioritet olduğunu vurğulayıb.

Hulusi Akarın fikrincə, əsl dostlar çətin günlərdə tanınır. O əlavə edib: “Tarix göstərir ki, böhran dövründə yalnız bir neçə dost dövlət ölkələri dəstəklədiyini bəyan edir. Müharibələr zamanı isə sizin 2-3-dən çox müttəfiqiniz yoxdur və bu da bəxtiniz gətirərsə. Ona görə də müdafiə sahəsində əməkdaşlıq vacibdir”.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın xarici siyasətinin vektorları barədə tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki, Qərb ölkələri parlament diplomatiyasından təzyiq rıçaqı kimi fəal şəkildə istifadə edir və dünyada öz maraqlarını təbliğ edirlər. “TÜRKPA ölkələri bu mühüm platformadan ümumi inkişaf strategiyasını həyata keçirmək üçün istifadə edə bilər”, - deyə Fidan bildirib.

Türkiyəli nazirin sözlərinə görə, müdafiə və təhlükəsizlik sahələri türk dövlətləri arasında əməkdaşlığın mühüm istiqamətləridir.

Hakan Fidan Ankaranın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizliyinin yaxşılaşdırılmasına hərtərəfli töhfə verməyə hazır olduğunu vurğulayıb. “Biz dövlətlərarası əlaqələrdən, o cümlədən müdafiə sahəsində əlaqələri inkişaf etdirmək üçün tarixi imkanlardan istifadə etməliyik”, - deyə türkiyəli nazir vurğulayıb.

Hakan Fidan diqqəti Türkiyə Xarici İşlər Nazirliyi sistemində aparılan struktur islahatlarına, xüsusən də xarici siyasət idarəsində Mərkəzi Asiya və TDT ölkələri ilə iş üzrə ayrıca idarənin yaradılmasına yönəldib. “Bu dəyişikliklər Türkiyənin türk dövlətləri ilə yaxınlaşmasına daha böyük töhfə vermək məqsədi daşıyır və TDT ölkələrinin Ankara üçün əhəmiyyətinin göstəricisidir”, - deyə nazir bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
46
azertag.az

10Mənbələr