AZ

Qvardiola və MS tarix yazdı, “Luton” çempionşipə yollandı - TURUN ŞƏRHİ

Premyer-liqada mövsüm başa çatdı.

“Football-plus.az” xəbər verir ki, yalnız son turda çempion müəyyənləşdi. “Mançester Siti” “Vest Hem” üzərindəki inamlı qələbə sayəsində 10-cu dəfə İngiltərə çempionu oldu. “Arsenal” da üzərinə düşən işi gördü, “Everton”u məğlub etdi, ancaq bu yalnız 2-ci olmağa imkan verdi. Son tur ərəfəsində açıq qalan suallardan biri də Avropa Liqasına və Konfrans Liqasına hansı komandaların vəsiqə qazanacağı idi. “Çelsi” və “Nyukasl” sinxron şəkildə qələbə qazandı, “zadəganlar”ın avrokuboklarda oynayacağı dəqiqdisə, “sağsağanlar” MS-nin ölkə kubokunun finalında qələbəsi üçün dua etməlidi. Yalnız “şəhərlilər”in qələbəsi Eddi Haunun komandasına Konfrans Liqasına vəsiqə verəcək. “Mançester Yunayted” ancaq öz gücünə bel bağlamalıdı – “qırmızı şeytanlar” finalda MS-ni məğlub edərsə, Avropa Liqasında oynayacaq, əks halda avrokuboklardan kənar düşəcək. MS kuboku qazansa, “Çelsi” AL-də yer alacaq, 7-ci yeri tutan “Nyukasl” KL-yə yollanacaq.

“Liverpul”la Yürgen Kloppa gəlincə, almaniyalı məşqçi major notda getdi. “Qırmızılar” “Vulverhempton”a qalib gəldi. 36-cı turda MY-nin qapısından 4 cavabsız top keçirən “Kristal Pelas” bu dəfə ÇL-də oynayacaq “Aston Villa”nı darmadağın etdi. “Tottenhem” də liqanın bəzi antirekordlarını yeniləyən “Şeffild Yunayted”in öhdəsindən gəldi. Nəhayət, elitada qalmaq uğrunda mübarizədə də hər şey aydınlaşdı. “Nottingem Forest” “Bernli” üzərindəki qələbə sayəsində rahatlaşdı, tarixində ilk dəfə bu mövsüm elitada debüt edən “Luton” isə gəldiyi yerə - çempionşipə döndü. Mövsümün üç uğursuzunu “Lester”, “İpsviç” və “Lids” – “Sauthempton” cütünün güclüsü əvəz edəcək.

38-ci tur
Mançester Siti – Vest Hem 3:1
Foden, 2; 18. Rodri, 59 – Kudus, 42. (55097)
MS: Orteqa, Uoker, Diaş, Akanci (Ake, 71), Qvardiol, Rodri, B.Silva, De Bruyne, Foden (Kovaçiç, 90+1), Dokyu, Holann.
Arsenal – Everton 2:1
Tomiyasu, 43. Haverts, 89 – Geye, 40. (60312)
Arsenal: Rayya, Uayt (Timber, 69), Saliba, Qabriel (Zinçenko, 59), Tomiyasu, Edeqor, Parti (Smit-Rou, 69), Rays, Trossar (Jezus, 78), Haverts, Martinelli.
Liverpul – Vulverhempton 2:0
Makallister, 34. Kuansa, 40. (60059)
Liverpul: Alisson, Aleksander-Arnold (Bredli, 71), Kuansa, Van Diyk, Robertson, Elliott (Cons, 81), Endo, Makallister (Qravenberx, 70), Salah, Qakpo (Soboslai, 81), Dias (Nunyes, 71).
Şeffild Yunayted – Tottenhem 0:3
Kulusevski, 14; 65. Porro, 60. (29116)
Tottenhem: Vikario, Porro (Emerson, 76), Romero, Drequşin, Van de Ven, Sarr (Heybyerq, 66), Bentankur (Skipp, 76), Kulusevski, Meddison (Mur, 88), Conson, Son Hın Min (Skarlett, 88).
Çelsi – Bornmut 2:1
Kaysedo, 17. Sterlinq, 48 – Badyaşil, 49-öz qapısına. (39724)
Çelsi: Petroviç, Çaloba, Silva, Badyaşil, Kukurelya, Kaysedo (Uqoçukvu, 64), Qallaher, Madueke (Hüsto, 64), Palmer (Kazadei, 89), Sterlinq (Nkunku, 64), Cekson.
Brayton – Mançester Yunayted 0:2
Dalot, 74. Heylunn, 88. (31662)
MY: Onana, Van-Bissaka, Kazemiro, Martines (Evans, 59), Dalot, Maynu (Eriksen, 75), Amrabat (Varan, 69), Dyallo (Reşford, 75), Qarnaço, Maktominey, Fernandeş (Heylunn, 60).
Bernli – Nottingem Forest 1:2
Kallen, 72 – Vud, 2; 14. (21109)
Brentford – Nyukasl 2:4
Yanelt, 48. Vissa, 70 – Barns, 21. Mörfi, 36. İsak, 38. Gimarayns, 77. (17124)
Kristal Pelas – Aston Villa 5:0
Mateta, 9; 39; 64. Eze, 54; 69. (25191)
Luton – Fulhem 2:4
Morris, 45+1-p. Dauti, 55 – Traore, 43. Ximenes, 45+3; 49. Uilson, 69. (12027)
Yekun cədvəl
1. Mançester S. 38 28 7 3 96-34 91
2. Arsenal 38 28 5 5 91-29 89
3. Liverpul 38 24 10 4 86-41 82
4. Aston Villa 38 20 8 10 76-61 68
5. Tottenhem 38 20 6 12 74-61 66
6. Çelsi 38 18 9 11 77-63 63
7. Nyukasl 38 18 6 14 85-62 60
8. Mançester Y.38 18 6 14 57-58 60
9. Vest Hem 38 14 10 14 60-74 52
10. Kristal Pelas 38 13 10 15 57-58 49
11. Brayton 38 12 12 14 55-62 48
12. Bornmut 38 13 9 16 54-67 48
13. Fulhem 38 13 8 17 55-61 47
14. Vulverhempton 38 13 7 18 50-65 46
15. Everton (-8) 38 13 9 16 40-51 40
16. Brentford 38 10 9 19 56-65 39
17. Nottingem F. (-4) 38 9 9 20 49-67 32
18. Luton 38 6 8 24 52-85 26
19. Bernli 38 5 9 24 41-78 24
20. Şeffild Y. 38 3 7 28 35-104 16
Bombardirlər: Holann (MS) - 27, Palmer (Çelsi) - 22, İsak (Nyukasl) – 21, Uotkins (Aston Villa), Solanke (Bornmut), Foden (MS) - 19, Salah (Liverpul) – 18.

Turun rəqəmi
50 – Rodri premyer-liqada məğlubiyyətsiz oyunlar seriyasını bu həddə çatdırdı. MS-nin yarımmüdafiəçisi 2023/24 mövsümündə 34 oyun keçirib – “şəhərlilər” bu oyunların 27-də qələbə qazanıb, 7-də heç-heçə edib. Amma Rodrisiz MS premyer-liqada keçirdiyi 4 oyunun üçündə uduzub. Yalnız bir futbolçu premyer-liqada bundan da uzun məğlubiyyətsiz seriyaya malikdi. Söhbət 2002-04-cü illər aralığında ardıcıl 56 oyunda uduzmayan Sol Kempbelldən (Arsenal) gedir.

Turun ulduzu
Jan-Filipp Mateta (Kristal Pelas) – “Aston Villa” ilə oyunda het-trikin üzərində məhsuldar ötürmə də əlavə etdi. Cari mövsümdə 16 qol vurmaqla yetərincə yüksək məhsuldarlıq göstərdi. Növbəti mövsüm bombardirlik uğrunda da mübarizə apara bilər.

Turun sitatı
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“İlk növbədə MS-ni çempionluq münasibəti ilə təbrik edirəm – dekabrdan bəri qeyri-adi şeylər etdilər. Bütün gücümüzü ortaya qoyduq. Çempionluğu çox istəyirdik, çox çalışdıq. Təəssüf ki, bu da kifayət etmədi. Uğurun dərəcəsini yalnız başqaları ilə müqayisədə ölçmək olmaz. Qələbə sayını çıxsaq, bütüb klub rekordlarını yenilədik. Bu, tarixin ən rəqabətli liqasıdı. İndi artıq daha mükəmməl olmağa çalışmalıyıq. Mən “Arsenal”a gələndə arzum hamını birləşdirmək, bu klubu gerçəkdən yeni səviyyəyə qaldırmaq indi. İndi bu yoldayıq. Kədərliyəm, ona görə ki, titulu qazanmağı çox istəyirdim, bu azarkeşlər üçün da vacib idi. Daha cəsur, qətiyyətli, ambisiyalı olması, yeni səviyyəyə qalxmalıyıq”.


Faktlar
* MS ardıcıl 4-cü dəfə çempion olmaqla premyer-liqanın yeni rekordunu müəyyənləşdirdi. Qvardiolanın komandası 2020/21, 2021/22 və 2022/23 mövsümlərində də çempion olub. Buna qədər ən yaxşı nəticə ardıcıl üç çempionluq idi. Ferqyusonun “Mançester Yunayted”i bunu iki dəfə (1998/99, 1999/2000, 2000/01 və 2006/07, 2007/08, 2008/09) bacarmışdı. Premyer-liqa yaranana qədər isə “Liverpul” (1981/82, 1982/83, 1983/84), “Arsenal” (1931/32, 1932/33, 1933/34) və “Haddersfild” (1923/24, 1924/25, 1925/26) çempionluqları sıralamağı bacarıb.
* MS 10-cu dəfə ölkə çempionu olmaqla “Everton”u (9) arxada qoydu. “Şəhərlilər” çempionluq sayı baxımından yalnız MY (20), “Liverpul” (19) və “Arsenal”dan (13) geri qalır.
* MS 8 il ərzində 6 çempionluq qazanıb. De Bruyne, Bernardo Silva, Ederson, Foden, Stounz və Uoker altıqat ölkə çempionu oldu. Yalnız MY-nin 5 oyunçusu bu baxımdan daha üstündü. Bunlar Roy Kin və Denis İrvin (hərəyə 7), Hari Nevill (8), Pol Skoulz (11) və Rayan Giqqzdi (13).
* MS-nin baş məşqçisi kimi 6-cı çempionluğu qazanan Qvardiola bu göstəricidi Bob Peysli (Liverpul) və Corc Remzi (Aston Villa) ilə bərabərləşdi. İspaniyalı mütəxəssis yalnız Ferqyusondan geri qalır. Şotlandiyalı məşqçi MY ilə 13 dəfə çempion olub.
* MS premyer-liqanın son 7 mövsümünün altısında hamını qabaqlayıb. Qvardiola İngiltərədə çalışdığı 8 mövsümün yalnız ikisində çempion ola bilməyib. Onun debüt etdiyi 2016/17 mövsümündə “Çelsi”, 2019/20 mövsümündə isə “Liverpul” çempionluğu bayram edib.
* 2017/18, 2018/19, 2020/21, 2021/22, 2022/23, 2023/24 mövsümlərində çempion olan Qvardiola, ümumiyyətlə, “böyük beşlik” ölkələrində çalışdığı 15 mövsümün 12-də qalib gəlib. MS onun dövründə 2016/17 mövsümünü 4-cü, 2019/20 mövsümünü 2-ci yerdə bitirib. Qvardiola “Bavariya” ilə bundesliqada ardıcıl üç mövsüm çempion ilub, “Barselona”nı çalışdırarkən isə 4 mövsümün üçündə eyni uğuru yaşayıb. Yalnız “Real”ın titulu qazandığı 2011/12 mövsümü istisnadı.
* Yalnız Aleks Ferqyuson məşqçi kimi Qvardioladan daha çox titul qazanıb. Qvardiolanın İngiltərə karyerasında 17, ümumilikdə isə 38 titul var. O, bu göstəricidə yalnız MY-nin sabiq çalışdırıcısı Ferqyusondan (müxtəlif turnirlərdə 49 qələbə) geri qalmaqla tarixdə 2-ci yeri tutur. Qvardiolanın qalan 21 titulundan 7-si “Bavariya”nın, 14-ü isə “Barselona”nın payına düşür.
* MS ardıcıl 35 oyundu uduzmur. Dekabrdan bəri davam edən seriyada 29 qələbə, 6 heç-heçə var. “Siti” sonuncu dəfə 15-ci turda “Aston Villa”ya uduzub (0:1). ÇL-də “Real”dan (3:3, 1:1) penalti seriyasında alınan məğlubiyyət heç-heçə kimi götürülüb. MS bu mövsüm sonuncu oyununu mayın 25-də ölkə kubokunun finalı çərçivəsində MY-yə qarşı keçirəcək.
* “Arsenal” çempionluğa həsrət qaldığı mövsümlərin sayını artırdı. Artetanın komandası ötən mövsümü də 2-ci yerdə bitirmişdi. “Topçular” sonuncu dəfə 2003/04 mövsümündə çempionluğu bayram edib. Həmin vaxtdan bəri 4 dəfə 2-ci yeri tutublar.
* MY premyer-liqada vurduğundan çox qol buraxdı. Ten Haqın komandası 57 dəfə fərqlənib, öz qapısında 58 top görüb. Mankunianlar soncu dəfə 1989/90 mövsümünü mənfi top fərqi (onda da -1) ilə bitirmiş və 13-cü yeri tutmuşdular. 60 xal toplamaqla əlavə göstəricilərə görə “Nyukasl”dan geri qalan və yalnız 8-ci yeri tutan MY premyer-liqada çıxış tarixində yeni antirekord müəyyənləşdirdi. Komanda buna qədər ən pis nəticəni 2013/14 mövsümündə göstərmişdi. Onda Devid Moyesin çalışdırdığı mankunianlar 7-ci yeri tutmuşdu.
* Son Hın Min premyer-liqada nadir uğura nail olan 6 futbolçudan biridi. Koreyalı yarımmüdafiəçi cari mövsümdə 17 qol və 10 məhsuldar ötürmə ilə yadda qaldı. Son Hın Min premyer-liqada 3-cü dəfə 10+10 göstəricisinə nail oldu. Ona qədər yalnız Erik Kantona, Ueyn Runi, Frenk Lempard, Didye Droqba və Məhəmməd Salah belə uğura imza atıb.
* Premyer-liqada bir mövsüm ərzində qol sayına görə yeni rekord müəyyənləşdi. “Liverpul”un müdafiəçisi Kuansa “Vulverhempton”la oyunda rekordu gerçəklışdirən 1223-cü qolu vurdu. Əvvəlki rekord – 1222 qol – 1992/93 mövsümündə müəyyənləşmişdi. Düzdü, onda İngiltərə elitasında indikindən çox – 22 komanda mübarizə aparırdı.

Reaksiyalar
Pep Qvardiola, MS-nin baş məşqçisi:
“Arsenal” bizi yeni səviyyəyə qalxmağa məcbur etdi. Əvvəllər bu “Liverpul” idi, son iki mövsümdə isə “Arsenal”. Bu, qeyri-adi mövsüm idi. Biz “Arsenal”ın mesajını anladıq, uzun illər ərzində yanımızda olacaqlar. Böyük istedada malik gənc məşqçiləri var. “Arsenal” bizə yaxın illərdə ehtiyatlı olmaqla bağlı mesaj göndərdi. Mən bura gələndə kimsə mənə 7 mövsüm ərzində altı dəfə çempion olacağımı desəydi, ona ağılsız kimi baxardım. İndi bizim dönəmimizdi. Uğurlarımın sirri nədədi? Bilmirəm. Çox işləməkdə. Pis məşqçi olduğumu demirəm, ancaq klub da mənə qeyri-adi dərəcədə dəstək verir. Bizdə iş etikası belədi, hər kəs öz işini görür, hər bölmənin işi vacibdi. Ardıcıl 4-cü dəfə çempion olmaqla tarixə düşəcəyimi düşünürdümmü? Hardasa yanvar-fevralda özümə dedim ki, heç kim bunu bacarmayıb, niyə də olmasın?! Adətən, titullar haqda mövsümün sonuna iki ay qalmış düşünməyə başlayırıq. Noyabrda, dekabrda bu haqda düşünməyə dəyməz”.


Maurisio Poçettino, “Çelsi”nin baş məşqçisi:
“Yaxşı formada olan və hazırlıq üçün bir həftə vaxtı olan komandaya qarşı oynadıq. Düşünürəm ki, bu oyunda daha çox qol vurmaq şansımız var idi. Mövsümün sonundakı seriyamızdan çox razıyam. Bu, futbolçuların xidmətidi, belə də oynamalıyıq. “Çelsi” kimi zəngin tarixə malik klub avrokuboklara vəsiqə qazanmaqla kifayətlənə bilməz. Bu, böyük hədəflərə çatmaq yolunda ilk addımdı. Mövsümlər ötdükcə daha yaxşı oynamalıyıq. Gələn mövsüm daha rəqabətədavamlı olmaq üçün nə etməli olduğumuzu bilirik. Bizim gənc, ancaq indi daha böyük premyer-liqa təcrübəsi olan komandamız var”.


Erik ten Haq, MY-nin baş məşqçisi:
“Nəticəmiz yetərincə yaxşı deyil. Hərçənd komanda iki il əvvəl bundan da az – 58 xal toplayıb. 8-ci yer pis nəticədi. Həqiqət belədi, biz daha yaxşı çıxış etməliydik. Bunun nə ilə bağlı olduğunu bilirik, hamı bilir, ancaq indi bu mövzunun dərinliklərinə varmaq üçün yaxşı məqam deyil. Bu mövsüm yaşadıqlarımız hər şey haqda danışsaq, bəzi futbolçuların sıraya dönməsi yaxşıdı. Onlar yorulmadam çalışdılar, mövsümün son həftələrində iştirak etməyi çox istədilər. Kubokun finalına rəqabətədavamlı komanda ilə çıxacaq və qələbə qazanmağa çalışacağıq”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
208
50
football-plus.az

10Mənbələr