AZ

Dünya Kuboku “BAKU-2025”in təqdimatı KEÇİRİLDİ - FOTO

Azərbaycan Minifutbol Federasiyası ölkəmizdə idmanın bu növünü inkişaf etdirmək və daha da populyarlaşdırmaq məqsədi ilə geniş tədbirlər həyata keçirir. 

Bizim.Media xəbər verir ki, belə tədbirlər arasında müxtəlif səviyyəli beynəlxalq yarışların Azərbaycanda keçirilməsi  xüsusi əhəmiyyət daşıyır. 

Sevindirici haldır ki, federasiyanın 2025-ci il dünya çempionatının Bakıda keçirilməsi ilə bağlı müraciəti müsbət cavablanıb və gələn il mundial paytaxtımızda təşkil olunacaq.  

Bununla bağlı Dünya Kuboku “BAKI-2025”-in təqdimat mərasimi təşkil olunub. Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. 1 il əvvəl Bakıda keçirilmiş və yüksək təşkilatçılıq səviyyəsinə görə Dünya Minifutbol Federasiyasının diqqətini cəlb etmiş ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir haqqında videoçarx nümayiş olunub. 

Açılış nitqi ilə çıxış edən Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov ölkəmizdə son illər minifutbolun inkişafı üçün böyük işlər görüldüyünü və bunun nəticəsi olaraq dünya çempionatının Azərbaycana həvalə edildiyini diqqətə çatdırıb.  

Gənclər və İdman Naziri Fərid Qayıbov indiyə qədər ölkəmizdə çoxsaylı idman tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq minifutbol üzrə dünya çempionatının ən yüksək standartlar çərçivəsində keçiriləcəyinə əminliyini ifadə edib. Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda Azərbaycanda mini futbolun əla inkişaf dövrü keçdiyini dedi. Ölkəmizdə peşəkar standartlara uyğun idman infrstrukturunun mövcudluğunu xüsusi vurğulayan qurum rəhbəri dünya çempionatının Bakıya həvalə olunmasında bu amilin xüsusi rol oynadığını bildirib.

Rəsmi çıxışlardan sonra 2025-ci il minifutbol üzrə dünya çempionatının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovla Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda arasında anlaşma memorandumu imzalanıb.
Həmçinin dünya çempionatının təşkilatçılığı ilə bağlı Azərbaycan Minifutbol Federasiyası ilə Bakı Şəhər Halqası arasında da müqavilə imzalanıb. İmzalanma mərasimindən sonra Azərbaycan haqqında xüsusi videoçarx nümayişi olunub. 

Tədbirdə həmçinin 2022-ci ildə Slovakiyada keçirilən Avropa çempionatında qızıl medalları qazanan minifutbol üzrə milli komandamızın üzvlərinə idman ustası medalları və vəsiqələri təqdim olunub. Tədbirin sonunda Azərbaycan Minifutbol Federasiyasının rəsmi internet səhifəsinin (minifutbol.az, minifootball.az) fəaliyyətə başlaması ilə bağlı videoçarx göstərilib.



Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
43
bizim.media

10Mənbələr