AZ

Cəbrayılın Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndləri tezliklə öz sakinlərinə qucaq açacaq – REPORTAJ

Cəbrayılın

Cəbrayıl, 20 may, Aydın Yavərzadə, AZƏRTAC

İşğaldan azad olunan ərazilərdə həyat yenidən canlanır. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl da artıq tikinti meydançasını xatırladır. Şəhər mərkəzi ilə yanaşı, bir neçə kənddə tikinti aparılır. Prezident İlham Əliyev tərəfindən təməli qoyulan kəndlər də yaxın zamanlarda öz doğma sakinlərinə qucaq açacaq. Dövlətimizin başçısı mayın 18-də Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin təməlini qoyub.

AZƏRTAC-ın bölgə müxbirinin həmin kəndlərdən hazırladığı reportajı təqdim edirik.

Böyük Mərcanlıda ilk mərhələdə 149 ev tikiləcək

Vətən müharibəsində işğaldan azad edilən ilk kəndlərdən biri də Böyük Mərcanlı olub. Bu kənd Araz vadisində, Cəbrayıl şəhərindən 22 kilometr məsafədə yerləşir. Cəbrayıl rayonunun ən iri yaşayış məntəqələrindən biridir.

Kəndin baş planı haqqında danışan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlhamiyə Rzayeva bildirib ki, 2026-cı ilədək dövrü əhatə edən Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır. Bu mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.

Baş plana əsasən kəndin ümumi sahəsi 362 hektar təşkil edir. 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 ev və bir neçə mərtəbəli yaşayış binaları layihələndirilib. Burada inzibati bina, klub-icma mərkəzi, çoxfunksiyalı bina, idman və ailə-sağlamlıq mərkəzləri, mərasim evi, bazar kompleksi və digər qeyri-yaşayış obyektlərinin tikintisi nəzərdə tutulur. Həmçinin Böyük Mərcanlı kəndində əhalinin tələbatına uyğun olaraq iki məktəb və beş uşaq bağçası inşa olunacaq.

Karxuluda iki tam orta məktəb və dörd uşaq bağçası olacaq

Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Karxulu kəndi şimaldan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti ilə əhatə olunub.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva kəndin baş planı haqqında danışarkən bildirib ki, 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində kənddə 4428 sakin üçün 940 ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur. Kənddə inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, kiçik sahibkarlıq obyektləri inşa olunacaq.

Bundan başqa, Baş plana müvafiq olaraq, kənddə əhalinin tələbatına uyğun iki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək. 2026-cı ilədək dövrü əhatə edən Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 125 hektardır. Bu mərhələdə 691 sakin üçün 145 evin layihələndirilməsi və tikintisi nəzərdə tutulub.

Sarıcallı kəndinə ilkin mərhələdə mindən çox sakin köçürüləcək

Cəbrayıl rayonunun Sarıcallı kəndi şimaldan yeni salınan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, şimal-şərqdən Şükürbəyli kəndi, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti, cənub-qərbdən və qərbdən Soltanlı kəndi ilə əhatə olunub.

2026-cı ilədək dövrü əhatə edən Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 104 hektardır. Bu mərhələdə kəndə 1016 sakinin köçürülməsi üçün 242 fərdi ev inşa olunacaq.

Baş planda kəndin ümumi sahəsi isə 330 hektar təşkil edir. 2040-cı ilədək 4740 nəfər əhali üçün 1185 fərdi evin və bir neçə mərtəbəli bloklu binaların layihələndirilməsi nəzərdə tutulur. Burada inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, yanğınsöndürmə deposu, aqrotexniki park, mərasim evi, kənd bazarı, kiçik sahibkarlıq obyektləri tikiləcək.

Bundan başqa, əhalinin tələbatına uyğun iki tam orta məktəb və 4 uşaq bağçasının layihələndirilməsi də nəzərdə tutulur. Ümumiyyətlə, bu yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq.

Maşanlı kəndində də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq

Ermənistan işğalı zamanı Maşanlı kəndi də dağıdılıb və talan edilib. Kənd Vətən müharibəsində düşməndən azad olunub. Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Maşanlı kəndi də yaxın gələcəkdə öz doğma sakinlərini abad kənd olaraq qarşılayacaq.

Maşanlı kəndi Araz çayı sahilində yerləşir. Bu kənd həm də Araz Maşanlı adlanır. Yaşayış məntəqəsini həmin rayondakı Dağ Maşanlı kəndindən köçmüş ailələr Araz sahilində saldığına görə belə adlandırılıb.

Kəndin baş planı haqqında danışan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva deyib ki, 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 157,54 hektar olacaq. Həmin müddətdə kənddə 2360 sakin üçün 590 fərdi evin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulub.

Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən burada məskunlaşacaq əhalinin yaşayış yükü nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 50 hektar yer ayrılıb. Bu mərhələdə 944 sakin üçün 236 fərdi ev tikiləcək. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq.

Bu kənddə də inzibati bina, klub-icma, idman sağlamlıq mərkəzləri, həkim məntəqəsi, mərasim evi, bazar kompleksi, ticarət, ictimai-iaşə, kiçik sahibkarlıq obyektlərinin layihələndirilməsi planlaşdırılır. Bundan başqa, Baş plana əsasən, kənddə tam orta məktəb üçün bina və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
18
azertag.az

10Mənbələr