AZ

İnflyasiya proqnozları yeniləndi: Bahalaşma dövrü bitir?

Azərbaycan Mərkəzi Bankı 2024-cü ilə inflyasiya proqnozunu (2024-cü ilə 3,5 və 2025-ci ilə 4,2 faiz) azaldıb. Məlumata görə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. “Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4+2 faiz) qalacağı gözlənilir. Apreldə 2024-cü ilə inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilib”, - deyə AMB bəyan edib.

Mərkəzi Bankda hesab edirlər ki, inflyasiyanın xarici fonu əlverişli olaraq qalır: “Qlobal inflyasiya dünya əmtəə qiymətlərinin aşağı düşməsi nəticəsində yavaşlayıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19,3 faiz və 2024-cü ilin I rübündə 2,7 faiz) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib”.

Bəs görəsən bu statistika, Mərkəzi Bankın proqnozunu dəyişməsi daxili bazarda artıq sürətli bahalaşma dövrünün sona çatmasının elanı kimi dəyərləndirilə bilərmi?

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7 faiz, aprel ayında ötən ilin eyni ayına nisbətən 100 faiz, aprel ayında əvvəlki aya nisbətən 99,9 faiz təşkil edib.

Beynəlxalq qurumlar da inflyasiya proqnozlarını yeniləyirlər

Bir müddət əvvəl aparıcı beynəlxalq qurumlar da Azərbaycanda inflyasiyaya dair yenilənmiş proqnozlarını açıqlayıblar. Məsələn, Beynəlxalq Valyuta Fondu bu il Azərbaycanda orta illik inflyasiyanın 3,5 faizə qədər azalacağını, 2025-ci ildə beş faiz, 2029-cu ildə isə dörd faiz səviyyəsində olacağını proqnozlaşdırır. Halbuki qurumun oktyabr hesabatında bu il üçün inflyasiya 5,6 faiz proqnoz edilirdi.

Birləşmiş Millətlər Təşkilatının proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 faiz təşkil edəcək, 2025-ci ildə 3,9 faizədək azalacaq. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda illik inflyasiya 2024-cü ildə üç faiz, 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə dörd faiz təşkil edəcək. Orta illik inflyasiya isə ortamüddətli perspektivdə 2,2 faiz səviyyəsində gözlənilir. Asiya İnkişaf Bankının proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,5 faiz təşkil edəcək, 2025-ci ildə isə 6,5 faizədək yüksələcək.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin bu il Azərbaycanda inflyasiya ilə bağlı gözləntiləri isə 3,5 faiz səviyyəsindədir.
Niderlandın "ING Group"u da ölkəmizdə inflyasiyanın kəskin şəkildə azalacağını proqnoz edib. Qurum ekspertlərinin fikrincə, 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiya 1,6 faiz, 2025-ci ildə 3,8 faiz, 2026-cı ildə isə 4,2 faiz səviyyəsində olacaq. Bu il üçün açıqlanan yeni proqnoz aprel ayındakı gözləntilərə nisbətən 1,5 faiz bəndi azalıb, gələn il üçün dəyişməyib. Proqnozlara əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 1,3 faiz, ikinci rübdə 0,1 faiz, üçüncü rübdə 1,3 faiz, dördüncü rübdə isə 2,6 faiz səviyyəsində gözlənilir. 2025-ci ilin birinci rübündə isə ölkəmizdə orta illik inflyasiya 3,5 faiz, ikinci rübdə 4,1 faiz, üçüncü rübdə isə 3,9 faiz nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
23
publika.az

10Mənbələr