AZ

İncədərədən başlayan delimitasiya və demarkasiya incəlikləri: sərhədlər necə müəyyənləşməlidir?

İncədərədən başlayan delimitasiya və demarkasiya incəlikləri: sərhədlər necə müəyyənləşməlidir?

Ermənistan parlamentinin deputatı, hazırda baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyalarının əsas təşkilatçılarından biri olan Karen Danielyan hakimiyyətə gələcəkləri təqdirdə, Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına dair razılaşmaları ləğv edəcəklərini bildirib. Danielyan eks-prezident Robert Köçəryanın tərəfdarlarından ibarət “Ermənistan” fraksiyasının üzvüdür və revanşist müxalifəti təmsil edir. Paşinyana qarşı etirazların artması fonunda onun bu açıqlaması Ermənistanla sərhəddə aparılan delimitasiya prosesi ərəfəsində yaranmış sülh imkanlarına təhdid kimi qiymətləndirilir.




AFN.az-a mövzu bağlı danışan siyasi şərhçi Müşfiq Abdulla bildirdi ki, Nikol Paşinyan istefaya göndərilsə, bu halda revanşistlərin hakimiyyətə gəlməsi qaçılmaz olacaq: “O zaman sərhədlərin delimitasiyasına dair protokolun ləğv edilməsi I Qarabağ müharibəsində olduğu kimi, Azərbaycanla sərhədlərdən imtina edilməsi deməkdir. Bu isə Azərbaycana qarşı Ermənistanın növbəti ərazi iddiasını ortaya qoyması ilə nəticələnə və iki dövlət arasında şərti sərhəddə daha ağır müharibəyə gətirib çıxara bilər. Lakin mən müxalifətin hakimiyyətə gəlmək şansının o qədər yüksək olmadığını düşünürəm. Çünki Ermənistanda hazırda revanşist müxalifətin sosial bazası o qədər geniş deyil. Son aparılan rəy soğruları da Paşinyanın reytinqinin düşməsinə rəğmən tərəfdarlarının sayının, Robert Köçəryan və Qarabağ klanının digər nümayəndələrinin tərəfdarlarından daha çox olduğunu göstərir. Ona görə də hakimiyyət müxalifətin bütün təzyiqlərinə baxmayaraq, sərhədlərin delimitasiya və demarkasiyasının uğurla davam edəcəyini bəyan edir”.
Delimitasiya və demarkasiya prosesinə gəlincə, həmsöhbətimiz qeyd etdi ki, son günlər hər iki ölkə tərəfindən sərhərlərin delimitasiya və demarkasiyasına dair komissiyanın imzaladığı birgə protokola əsasən, Qazax rayonunun işğaldan azad edilmiş 4 kəndi istiqamətində 1976-cı il xəritələri əsasında delimitasiya prosesi aparılıb və sərhəd dirəkləri basdırılıb. Lakin həmin ərazidə ən mübahisəli vəziyyət ermənilən “Kirants” adlandırdığı Qazağın Xeyrimli kəndinin sərhədində yaranıb: “Kəndin sakinləri delimitasiya və demarkasiya çərçivəsində torpaqların mübadiləsi və yola nəzarətlə qarşılıqlı razılaşmaları qəbul etmək istəmirlər. Bu gün Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan kəndə gedib. İki gündür etiraz aksiyası keçirərək Ermənistan-Gürcüstan yolunu bağlı saxlayan kənd sakinləri ilə görüşdükdən sonra onları yolu açmağa razı sala bilib. Sakinlərin özlərinin verdiyi məlumata görə, Qalumyan da onlara delimitasiya və demarkasiya prosesinin dayanmayacağını, bu işin davam etdiriləcəyini bildirib və sakinləri prosesə mane olmamağa çağırıb. Son məlumatlara görə, qubernator hökumətin kəndlilərə vədini çatdırıb və qeyd edib ki, evləri, torpaq sahələri delimitasiya nəticəsində Azərbaycana keçən sakinlərə kompensasiya veriləcək.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da öz növbəsində Ermənistanın “İctimai” televiziyasına müsahibəsində delimitasiya və demarkasiya prosesinin uğurla getdiyini deyib. Protokol üzrə razılaşmanın bütün Ermənistan və Azərbaycan sərhədi boyunca 1976-cı il xəritələri əsasında həyata keçiriləcəyini bildirib. Ermənistan 1991-ci il Almatı bəyannaməsinə əsasən SSRİ-nin səlahiyyətli orqanları tərəfindən 1976-cı ildə təsdiq edilmiş xəritə əsasında bu prosesin həyata keçirilməsini vacib hesab edir. Həmin xəritələri hüquqi baxımdan ən düzgün sənəd hesab edir. Nə üçün 1976-cı il? Çünki sərhədlərin müəyyənləşməsi topoqrafik xəritələr əsasında aparılır. SSRİ-də isə sonuncu topoqrafik xəritələr 1976-cı ildə hazırlanıb və 1979-cu ildə onun əsasında sovet respublikalarının inzibati sərhədləri yenidən təsdiqlənib”.



M.Abdullanın sözlərinə görə, Ermənistan rəsmilərinin iddialarına baxmayaraq, heç bir qanunvericilikdə yazılmayıb ki, məhz sonuncu təsdiqlənmiş topoqrafik xəritələr yeganə hüquqi sənəddir. Yəni sovet dövrü yalnız 1976-cı ildən ibarət deyil: “Əgər biz sovet dövrünü götürsək, əvvəla, o zaman Azərbaycan Respublikası da 1920-ci il aprelin 28-də Azərbaycan işğal edildikdən sonra istənilən dövrün xəritəsini əsas götürərək sərhədlərin müəyyənləşməsini tələb etmək hüququna malikdir. İkincisi, Azərbaycan Konstitusiyasına görə, hazırkı respublika 1918-1920-ci ildə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Yəni müasir Azərbaycan dövləti Azərbaycan SSRİ-nin siyasi varisi deyil. Ona görə də sərhədlərin məhz sovet dövrünə aid xəritələr əsasında müəyyənləşməsi üçün heç bir hüquqi baza mövcud deyil. Eyni vəziyyəti Ermənistana da aid etmək olar. Bu ölkənin konstitusiyasına görə, Ermənistan 1918-20-ci illərdə mövcud olmuş Birinci Respublikanın siyasi varisidir. Qeyd edim ki, onlar sovet dörünü İkinci Respublika adlandırırlar. Ona görə də sərhədlərin sovet dövründə mövcud olmuş xəritələr əsasında müəyyənləşməsini iddia etmək siyasi və hüquqi baxımdan məntiqsizdir.
1976-cı ildə tərtib olunmuş xəritələrə gəlincə, bu, Azərbaycanla sərhəddin məhz o 4 kənd istiqamətində yalnız bir hissədə əldə edilmiş konsensusun nəticəsidir. Ola bilsin ki, Ermənistanın iddialarına baxmayaraq, iki ölkə arasında sovet dövründə mövcud olmuş 1007 kilometrlik inzibati sərhədin digər hissələrində başqa dövrün xəritələrinə istinad edilsin. Azərbaycan bu məsələni ilk gündən təklif edir. Ermənistanın baş naziri Nikol Paşinyan özü hələ 2021-ci ildə qeyd edirdi ki, sovet dövründə SovKP MK plenumlarının və rayon partiya icraiyyə komitələrinin qanunsuz qərarları ilə respublikaların torpaqları birindən digərinə verilib və nəticədə ərazi münaqişələri yaranıb. Həmin qərarların heç bir hüquqi qüvvəsi yoxdur. Yəni sovet dövründə Ermənistanın heç bir torpağı Azərbaycana verilməyib. Əksinə, Azərbaycanın əraziləri mütəmadi olaraq alınaraq savxoz və kolxozların inkişafı adı altında Ermənistana bağışlanıb. Ona görə də bir halda ki, Paşinyan özü də bu qərarların hüquqi qüvvəsinin olmadığını iddia edir, o zaman Ermənistanın iddialarının da əsassız olduğu aydın olur”.
Siyasi şərhçi qeyd etdi ki, Qazax rayonundakı delimitasiya prosesində 1976-cı il xəritələrinə istinad olunması Azərbaycan üçün məhz Qazax istiqamətində müəyyən qədər əlverişli sayıla bilər. Amma bunun üçün Azərbaycanın maraqlarını təmin edən müəyyən şərtlər yerinə yetirilməlidir. Əks halda Ermənistana sərf edən xəritədən istifadə olunması ölkəmiz üçün əlverişli deyil: “1976-cı ildən sonra, 1980-ci illərdə Qazax rayonunun torpaq sahələri Ermənistana verilib. İncədərə yaylası, Aslanbəyli kəndi, Kəmərli kəndi, Qaymaqlı kəndi kimi ərazilər, bəzi məlumatlara görə, 1675 hektar, bəzi məlumatlara görə isə 5 min hektar təşkil edir. Ermənistanda anklav ərazilərin yaranmasının əsas səbəblərindən biri də bax, budur.
1986-cı ildə Qazax rayonunun 2500 hektar otlaq sahəsi heç bir hüquqi əsas gətirilmədən Ermənistana bağışlanıb. Yəni bu qanunsuz qərarlar 1976-cı ildən sonrakı dövrə təsadüf edir. Armen Qriqoryan isə bu gün deyir ki, sərhədlər 1976-cı ildə hansı ərazidən keçirdisə, indi də oradan keçir. Əgər bu razılaşma varsa, o halda Ermənistan 1980-ci illərdə Qazax rayonundan aldığı minlərlə hektar torpaq sahəsini Azərbaycana qaytarmalıdır. Burada yerli sakinlərlə yaranmış problem, narazılıq onların öz daxili işidir. Ya Ermənistan 1980-ci illərdə Azərbaycandan aldığı torpaqları geri qaytamalıdır, ya da bu delimitasiya prosesini birmənalı şəkildə Ermənistanın xeyrinə aparılmasına yol vermək olmaz. Hesab edirəm ki, Azərbaycan da 1976-ci il xəritəsinə razılıq verməklə, məhz bu amili nəzərə alıb”.
Digər rayonların ərazilərinə gəlincə, M.Abdullanın fikrincə, 1976-cı ilin xəritələrindən istifadəni oralarda əsas götürmək məntiqə uyğun deyil: “Məsələn, Naxçıvanda Şərur-Dərələyəz mahalının böyük hissəsi, Gədəbəy rayonunun torpaqlarının xeyli hissəsi, keçmiş Cəbrayıl qəzasının 30 kəndi 1928-ci ildə rayonlaşma aparılarkən Ermənistana verilib. Ən azı bunların bir hissəsi geri qaytarılmalıdır. 1976-cı ilin xəritəsi əsasında sərhədlər müəyyən edilsə, o zaman, qanunsuz olaraq Ermənistana verilmiş həmin torpaqlar Ermənistanda qalacaq. Yaxud 1984-cü ildə Azərbaycan humanistlik göstərərək Laçın rayonu ərazisindəki 2-ci Şıxlı yüksəkliyindəki Qaragöl gölünün 74 faizindən suvarma üçün Ermənistan kolxozlarına icazə vermişdi. Məqsəd sadəcə yaylağa çıxan mal-qaranın həmin göldən sulanmasına icazə vermək idi. Amma Ermənistan sonradan həmin gölə ərazi iddiası qoydu və gölün 74 faizini öz ərazisinə qatdı. Bütün bunlar isə 1976-cı ildən sonra baş verib. Əgər 1976-cı il xəritəsi digər bölgələrə də tətbiq olunsa, o zaman Ermənistan Qaragölə iddia edə bilməz. Bu baxımdan sərhəddin digər hissələrində başqa illərə aid xəritələrə istinad edilməlidir”.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
224
27
afn.az

10Mənbələr