AZ

Evlilik öncəsi depressiya

Evlilik iki yad insanın bir araya gələrək fərqli dəyərlər, qismən və ya tamamilə fərqli mədəniyyətlər və iki fərqli ailə hekayəsi ilə özlərinin  yenidən təyin etdiyi yeni və xüsusi bir quruluş olaraq qeyd edilə bilər. Ailənin sosial quruluşun əsasını təşkil etdiyini nəzərə alsaq, evlilik prosesi də mühüm əhəmiyyət kəsb edir. Bu əhəmiyyətin dərk edilməsi, evlilik məmnunluğu, evliliyə uyğunlaşma və boşanma prosesi ilə bağlı bir çox sahədə araşdırmalara səbəb olmuşdur. Evlilik, qanunla qorunan bir qurum çərçivəsində qadın və kişinin ər-arvad rollarını üzərinə götürdükləri, ömürlərini birlikdə keçirmələri və müəyyən statusa malik övladlar dünyaya gətirərək nəsillərini davam etdirmələri münasibətlər sistemidir. 
Evlilik mürəkkəb münasibətlər sistemidir. Fərdlərin bir-birinə qarşı davranış tərzi onlardan evlilikdəki rol və məsuliyyətlərini öyrənməyi tələb edir. Evliliyin əsas funksiyalarına cinsi həyatı sağlam şəkildə tənzimləmək, gender rollarını və əmək bölgüsünü müəyyən etmək, iqtisadi istehsal və istehlak fəaliyyətlərini tənzimləmək kimi əsas vəzifələr daxildir. Bundan əlavə, evlilikdə həyat yoldaşları təhlükəsiz, qorunan, həmrəylik, gələcəyə inamla baxmaq, cəmiyyətdə yer tutmaq kimi sosial ehtiyaclarını ödəmək imkanı əldə edirlər.
Bilindiyi kimi evlilik həyatın ən böyük öhdəliklərindən biridir və bu proses zamanı müəyyən narahatlıq yaşamaq olduqca yaygındır. "Mən doğru insanla evlənirəmmi?", "Evlilik mənim azadlığımı məhdudlaşdıracaqmı?", "Uğurlu evlilik qura biləcəyəmmi?" Bu kimi suallar insanların beynində yarana və bu narahatlıqlar insanın öz dəyərləri, keçmiş təcrübələri və sosial gözləntiləri ilə bağlı narahatlıqlarını əks etdirə bilər. Ancaq evlilikdən öncə olan narahatlıqlar bir əlaqədə sevgi və bağlılığın olmadığını göstərmir. Əksinə, bu narahatlıqlar qərar qəbuletmə prosesinin bir hissəsidir və münasibətlərin dərinləşməsinə də kömək edə bilər.
Psixoloq Mələk Kərimli bildirir ki, evlənmə qərarı və bu qərardan əvvəlki və sonrakı vəziyyətlər bəzi cütlüklər üçün fərqli vəziyyətlərə səbəb ola bilir:
"Əslində, insanların çoxu üçün mükəmməlləşdirilmiş bir evlilik ideyası var. Evlilik heç bir problemin olmadığı və hər şeyin istədiyiniz kimi getdiyi mükəmməl bir həyat deyil, ola bilməz. Çünki həyat kimi, evlilik də bir çox dəyişənlərdən asılıdır və hisslərimiz və duyğularımız bu proses ərzində zaman-zaman dəyişəcəkdir. Yəni, heç bir cütlüyün həyatı heç vaxt mükəmməl olmayacaq və mükəmməl olmaq məcburiyyətində də deyil. Burada əsas odur ki, insanlar hər zaman bir-birinə həyatlarını birləşdirməklə gələn sevgi, hörmət və tolerantlıq nümayiş etdirsin.
Ailə qurmaq  qərarı verildikdən sonra xüsusilə ailələr arasında müxtəlif mübahisələr yarana bilir. Bu vəziyyət sabit və xoşbəxt münasibətdə olan cütlüklərin hər ikisinə də zərər verə bilər. Bu səbəblə, xüsusilə ailələrin münasibətlərə müdaxilə etməyə müəyyən bir xətt çəkməsi olduqca əhəmiyyətlidir.
Eynilə cütlüklər arasında da zaman-zaman fikir ayrılıqları ola bilər. Bu fikir ayrılıqları birbaşa dəyişən həyatın və onun gətirdiyi stressin nəticəsi kimi izah olunur. Bu mənada cütlüyün hər iki tərəfi anlayışlı və tolerant olmalıdır. Anksiyete pozğunluqları və ya fərqli psixoloji vəziyyətlər özünü göstərdikdə bir mütəxəssisdən kömək istəmək, psixoloqlara cütlük terapiyası ilə müraciət etmək də vacib olacaqdır. Bununla yeni qurulan evliliyin təməlləri də möhkəm qoyulacaq.
Evlilik öncəsi depressiya bir çox insanda baş verə bilən psixoloji vəziyyətdir. Buna görə də evliliyə ilk addım atdıqdan sonra insanların bəzən daxili aləmində bəzi suallar yarana bilir. Bu vəziyyət olduqca tez-tez baş verir. Ancaq nəzarət edilməzsə, dağıdıcı nəticələrə də səbəb olur.
Evlilik öncəsi qərarsızlıq sindromu da eyni şəkildə özünü göstərə bilər. Fikir ayrılıqları və ən yaxşı, ən uyğun nizamın formalaşmasını təmin etmək bəzi mübahisələrə və ya qərarsızlığa səbəb olur. Belə hallarda insanın əvvəlcə öz düşüncə və hisslərinə dönərək rahatlaması, meditasiya və nəfəs məşqləri kimi vəziyyətlərdən istifadə edərək sakitləşməsi tövsiyə olunur.
Evlilikdən əvvəl bir çox insanın qarşılaşdığı problemlər, narahatlıqlar var ki, ümumən hər kəsin təcrübəsi fərqli olsa da, bəzi ümumi narahatlıqlar müşahidə edə bilirik.
Məsələn, adətən evlilikdən əvvəl insanlar tez-tez partnyorları ilə uyğun olub-olmadıqlarını düşünürlər. Buraya maraqların və dəyərlərin uyğun olub-olmaması, ümumi məqsədlərin bölüşdürülməməsi və ya həyat tərzlərinin bir-birinə uyğun olub-olmaması kimi elementlər daxildir. Uyğunsuzluqla bağlı narahatlıq evlilikdə problemlər qorxusuna, narahatlıqlara səbəb ola bilir.
Qeyd etmək lazımdır ki, evlilik münasibətlərin yeni mərhələsidir və bəzi insanlar bu dəyişikliyin öhdəsindən gəlməkdə çətinlik çəkə bilirlər. Bu dövrdə yarana biləcək stress, evlilik öncəsi narahatlıq kimi özünü göstərə bilir və ünsiyyət, ev işləri, maddi məsuliyyətlər və ailə münasibətləri kimi faktorlar evlilikdən əvvəl stress mənbəyi ola bilir.
Təbii ki, evlilik fərdlərin birlikdə hərəkət etməli və qərarlar verməli olduğu bir öhdəlikdir. Bu, bəzi insanlarda müstəqilliyin itirilməsi qorxusuna səbəb olur. Evlilikdən əvvəl yaşanan narahatlıqlar arasında öz şəxsiyyətini qorumaq və azadlığını qoruyub saxlamaqla bağlı insanlarda narahatlıqlar olur.
Bunlardan əlavə, evlilikdən əvvəl gələcəklə bağlı qeyri-müəyyənliklər də narahatlıq yarada bilər. İnsanlar çox vaxt gələcək maliyyə vəziyyəti, uşaq sahibi olmaq planları, həyat tərzində dəyişikliklər və s. kimi məsələlərdən narahat ola bilirlər.
Eyni zamanda, ailə faktoru da cütlüklər arasında evlilil öncəsi depressiyaya, problemlərə səbəb ola biləcək bir faktordur. Ailələrin evliliklə bağlı gözləntiləri bəzi insanlara təzyiq göstərə bilər. Tərəfdaşın ailəsi ilə münasibətlər və ailələr arasında mədəni və ya dini fərqlər kimi problemlər evlilikdən əvvəl narahatlıq yarada bilir.
Bu narahatlıqlar nikahdan əvvəl məsləhətləşmə və ya ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi kimi üsullarla həll edilə bilər. Cütlüklərin bir-biri ilə açıq və dürüst ünsiyyət qurması, gözləntilərini bölüşməsi və birlikdə işləməsi vacibdir. Evlilikdən əvvəl məsləhətləşmələr cütlüklərə münasibətlərindəki problemləri həll etməyə və bir-birlərini daha yaxşı başa düşməyə kömək edəcəkdir.
Evlilikdən əvvəl depressiya, bir insanın evlilik düşüncəsi ilə əlaqədar depressiya əlamətlərini nümayiş etdirməsidir ki, hər kəs nikahdan əvvəl müəyyən narahatlıq yaşaya bilər, lakin nikahdan əvvəlki depressiya daha ciddi bir vəziyyətdir və tez-tez davamlı və ya təkrarlanan simptomlarla xarakterizə olunur.
Təcrübələrimizdə, evlilik öncəsi stress səbəbindən ayrılıq həddinə çatdıqlarını deyən cütlüklər də az deyil. Vəziyyət, evlilik qərarı  verilməmişdən əvvəlki müddətdə iki nəfərlik münasibət olan sistemə çoxlu yeni insanların əlavə edilməsi ilə irəliləyə bilər. Eyni şəkildə bağlanma problemləri, evlilik qorxusu, nizam-intizam yaratma stressi kimi vəziyyətlər səbəbiylə cütlər arasında zaman-zaman mübahisələrin çıxdığı da görülür.
Belə hallarda cütlüklərin mütləq şəkildə cütlük terapiyasına müraciət etmələrini tövsiyyə edirəm. Bu yolla, məqsəd, ümumiyyətlə, əlaqənin sadəcə bir təlaş olmadığı hissini geri qaytarmaq mümkündür. Psixoloqlar bu dövrlərdə müxtəlif problemlərin həllinə kömək edə bilsələr də, cütlüklər arasındakı problemləri bəzi seanslarla aydınlaşdıra bilərlər.
Evlilik və toydan əvvəl narahatlıq bir çox problemə görə yarana bilər. Eyni zamanda evlilikdən əvvəl kişi psixologiyası və evlilikdən əvvəl qadın psixologiyası iki fərqli anlayış olacağı üçün müəyyən problemlərin yaranması qaçınılmazdır.
Evlilik öncəsi sindrom da bir çoxları tərəfindən normal bir emosional reaksiya olaraq qəbul edilir. Ancaq yaşadığınız narahatlıqlar gündəlik həyatınıza təsir edirsə, münasibətlərinizə mənfi təsir edirsə və ya ciddi sıxıntıya səbəb olursa, bir mütəxəssisə müraciət etmək mütləqdir. 
Unutmamaq lazımdır ki, evlilik öncəsi sindrom müvəqqəti bir vəziyyət ola və zamanla azala bilər. Bundan əlavə, açıq və sağlam ünsiyyət, ehtiyaclarınızı tərəfdaşınızla bölüşmək və ifadə etmək bu prosesi asanlaşdıra bilər.
Evlilikdən əvvəl depressiya əlamətlərinə baxdıqda ortaya çıxan bəzi vəziyyətlər var və hər psixoloji hadisədə olduğu kimi, evlilikdən əvvəl yaranan problemlərin sadə görünsə də tez bir zamanda qarşısını almaq lazımdır. Bu mənada psixoloji dəstək almaq diqqətə alınması lazım olan bir məsələdir".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
4
olaylar.az

4Mənbələr