AZ

Akademik köşə yazısı

 

Baş nazirin qərarı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yenidən təşkil edilir. Adı da dəyişdirilir, bundan sonra Azərbaycan İdman Akademiyası adlanacaq. 

Yaxşı qərardır. Yoxsa belə adlar, uzun, mənasız söz birləşmələrindən ibarət rəsmi statuslar ana dilimizi zibilləməkdən başqa heç nəyə yaramır. Sonra nahaq yerə şikayətlənirik ki, uşaqlar dilimizdə danışa bilmir. Belə ifadələri necə söyləyəsən? “ - Harada oxuyursan? - Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında”. Yox, əşşi, Platon da hər səhər “Gənclik” metrosundan çıxıb dərsə gedir... 

Sözgəlişi, bugünlərdə əlimə bir rəsmi məktub keçmişdi. Buyurun, oxuyun, görün xalq necə əziyyət çəkir: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Filan saylı (məktubun çapına icazə almadığım üçün yerin adını açıqlamıram - Z.H.) ərazi idarəsi ixrac neft və qaz boru kəmərlərinin mühafizə və məsləhətləşmə zonasında yerləşən Behmankəsə məxsus mülkiyyətin hüquqi qaydada dövlət reyestrində qeydiyyata alınmasına icazə verilməsi üçün Filan nazirliyə müraciət etmişdir”.

Kimsə mənə izah eləsin, bu hansı dildir? Dünya dilləri arasında belə dil varmı? Bəlkə kosmosdan gəlmiş yadplanetlilərin dilidir? 

Yeri gəlmişkən, elə idman məktəbimizin adının son, islahata uğramış variantı da əslində uydurmadır. Nəyə görə axı bu ali məktəb məhz “akademiya” adlanmalıdır? Bunu başqa, universitet adlanan ali təhsil obyektlərimizdən fərqləndirən hansı xüsusiyyəti, özəlliyi var? Bəlkə burada hansısa fısqırıq elmi araşdırmalar aparılır, xəbərimiz yoxdur? Məsələn, təxmin edirəm ki, orada “Hüseyn Boltun ayaqlarının razmerinin sürətlə qaçmasına təsiri”, yaxud “Uşağı məşqdə neçə dəfə yerə çırpsan sağ qalır” kimi mövzularda dissertasiyalar yazılır. 

Akademiyanın təhsil müəssisəsi kimi bir fərqi də kompleks öyrətmə üsulları, təkmilləşdirmə-filan tipli işlər imiş. İdmançıların adlarını yazdırıb diplom aldığı, heç dərsə getmədiyi bir yerdə bunların hansı var? Formal işlərdir. Təklif edirəm Kooperasiya Universitetimizə də Harvard, ya da Oksford adı qoyaq. Bazburutlu görünsün. 

Ümumiyyətlə, bizdə təhsilin ali pilləsinə dırnaqarası münasibət vardır. Bu yaxında Naxçıvan Dövlət Universitetində də təhsilin dayandırıldığı, oranın yenidən təşkil ediləcəyi açıqlandı. Sən demə, vaxtilə bu ali məktəbi yerli xan Vasif Talıbovun ailəsi ələ keçiribmiş. Oğlunu hətta prorektor qoyubmuş. İndi vəzifə ilə yanaşı universitet də itirilib. Sanki universitetlərimiz yolüstü dönərxana, kababçı, nə bilim, çayxanadır. Ondan alırsan, buna verirsən. Bəzən rəhbərindən xoşun gəlmir, ümumiyyətlə, bağlayırsan. Belə təhsil kimə lazımdır? 

Ən pisi isə odur ki, məktəblərimizdə müəllimlərin tərcümeyi-halı ilə maraqlanırsan, məlum olur çoxu bu cür uydurma, qoyun-qoltuqda yetişdirmə universitetlərin məzunlarıdır. Onlar hansı şagirdə, nə öyrədə bilər? Nazirlik attestasiya keçirib işdən çıxaranda da inciyirlər. Sanki qapalı dövrəyə ilişmişik. 

Keçmişdə belə gülməşəkər universitetlərimizdən biri lap zırıltı ad daşıyırdı: Təfəkkür. Guya orada fikir əlindən tərpənmək mümkün deyildi. Lakin rektoru heç düzgün fikirləşməmişdi, sifariş verib prorektoru öldürtmüşdü. Təzəlikcə həmin rektora 14 il 6 ay həbs cəzası verdilər. Məhkəmənin sonunda rektor narazı qalmışdı ki, mənə niyə qatillə eyni cəzanı kəsdilər. Həqiqətən, insaf naminə, məhkəmə bir az qəribə cəza kəsmişdi. Sifarişçi, vasitəçi və qətli törədən hər üçü 14 il 6 ay cəza aldı. Keçmiş rektorun özünü təmizə çıxarmaq üçün əsas arqumenti isə belə idi: “Mən demişdim elə vurun qorxsun, şikəst olsun. Bunlar isə vurub öldürüb”. Guya bu, cəzanı yüngülləşdirici hal sayılmalıymış. 

Bəlkə oranı vaxtında yenidən qursalar, Təfəkkür Akademiyası adlansa, prorektor indi sağ-salamat idi, rektor da qazamatda yox, öz evində fikrə dalmışdı. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
50
musavat.com

10Mənbələr