AZ

Etiraz və məğlubiyyət - RAKURS

Ermənistan-Azərbaycan sərhədinin Qazax rayon hissəsində demarkasiya işləri davam etdiyi bir vaxtda paytaxt İrəvanda ara qarışıb, Paşinyana qarşı kilsə və “revanşist”lər birləşib. İlk dəfədir ki, kilsə siyasətdə açıq şəkildə önə çıxır. Buna qədər isə ideologiyanın müəllifi olsa da özünü arxa planda saxlayırdı. Birinci Qarabağ münaqişəsinin başlanmasında, yerli azərbaycanlıların öz doğma yurdlarından didərgin salınmasında, öldürülməsində, girov götürülməsində erməni din xadimləri əlində silah həmişə öndə olublar. Bu gün Tavuşdan İrəvana yürüş edən primat Qalstanyan da din xadimi kimi təqdim olunsa da silah götürərək insanların həyatına son qoyub, bir dindara yaraşmayan və bütün dinlərdə daim lənətlənən əməllər törədib.

Bu gün Azərbaycanla Ermənistanın rəsmi qurumları tərəfindən sərhədlərin delimitasiya və demarkasiya işləri aparılır. Amma Azərbaycan torpağı olan Qazağın 4 kəndində məskunlaşdırılmış ermənilər Baqrat Qalstanyan kimi yalançı dindarların göstərişinə əsasən həmin kəndlərdən çıxmaq istəmirlər. Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatı Vahe Qalumyan jurnalistlərə açıqlamasında deyib ki, proses qısa müddətə dondurulub. Həmin ərazidə yaşayan sakinlərin mənzil sertifikatları yoxlanılıb, yaşayış yerləri ilə bağlı sənədlərə baxılıb. Tavuşun Kirant kəndində küçələrin, yolların bağlanması haqqında yayılan məlumatlar isə doğru deyil. Hazırda demarkasiya işlərinin aparılması dəqiq xəritələr üzrə həyata keçirilir.

İki gün öncə Prezident İlham Əliyev Şuşa şəhərində sakinlərlə görüşündə çıxışı zamanı bəzi məsələlərə toxundu, Ermənistana və havadarlarına açıq şəkildə bəzi gerçəkləri anlatdı. Bildirdi ki, Ermənistan kritik həddə silahlandırılarsa, Azərbaycan bu prosesə müdaxilə edəcək. Ölkə başçısının digər maraqlı bəyanatı sərhədlərlə bağlı oldub: “İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm”.

Bunu ermənilər də bilməmiş deyillər ki, İlham Əliyevin bu bəyanatları reallaşsa, onlar üçün heç də yaxşı olmaz. Bundan sonra Ermənistan hakimiyyəti və bu hakimiyyəti devirməyə həvəslənən kilsə-daşnak-revanşist birliyi hansı tədbirləri görəcək? Azərbaycan Prezidentinin bütün bəyanatları Ermənistandan daha çox onun havadarlarına istiqamətlənib: “44 günlük müharibədən sonra Ermənistan de-fakto bizim müzakirə apardığımız tərəf müqabili statusunu və öz müstəqilliyini itirib. Heç kimə sirr deyil ki, hazırda bu respublika məhz xarici qüvvələrin işarəsi və diktəsi ilə hərəkət edir”.

Ruslar hara gedir?

Kremldə Nikol Paşinyanla Vladimir Putin arasında nə baş verib? Baş nazir prezidentdən Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədində qalmasını niyə xahiş edib? Rusiya və Ermənistan liderlərinin əldə etdiyi son razılaşmaya əsasən, rus hərbçilərinin Azərbaycanla sərhəddə yerləşən mövqelərdən geri çəkildikləri bildirilir. Onların həmçinin Zvartnots hava limanından da çıxacağı açıqlanıb. 44 günlük müharibədən sonra rusların sərhəddə yerləşməsi Ermənistanın uğuru kimi təqdim edilirdi. Maraqlıdır ki, İrəvanın xahişi ilə rus sərhədçilərinin Türkiyə və İranla sərhəddə xidmətə davam edəcəyi qeyd olunur. Görəsən, Kremldə nə baş verib ki, Paşinyan belə bir şey istəyib?

Bəs belə bir vəziyyətdə Avropa İttifaqı İrəvana münasibətini dəyişəcəkmi, Cek Sallivan, Ursula fon-der Leyen, Emmanuel Makron onlar haqqında nə düşünəcək? Bəli, ermənilər belə xarakterdədir, sözünü tutmaq, qorxaq, “ingilis bayrağı”ndan da betərdirlər. Ermənilər bir tərəfdən Aİ-nin müşahidə missiyasının Azərbaycanla sərhəddə xidmət etməsini, digər tərəfdən isə rusların Türkiyə və İranla sərhədimizdə qalmasını istəyirlər. Spiker Alen Simonyan da Ukraynada davam edən müharibədə tərəf tutaraq Rusiyanı işğalçı adlandırır. Paşinyan isə İran-Ermənistan sərhədində rusların qalmasını istəyir. Ermənistanda xaosdur, hərə bir şey danışır. Xalqı aldadırlar, gah Avropaya üz tuturlar, sonra deyirlər ki, Rusiya ilə bir olmalıyıq.

Alma-Ata görüşü nə vəd edir?

Almatı görüşü Ermənistan ilə Azərbaycan arasında ikitərəfli, birbaşa danışıqlar baxımından mühümdür. Çünki ikili təmaslar sülh prosesini irəli aparmaq üçün ən yaxşı formatdır. İki günlük müzakirə müəyyən dərəcədə prosesi irəliyə aparmağa xidmət etdi. Əslində isə Almatı görüşü ilə bağlı gözləntilər çox böyük idi. Ermənistanla Azərbaycan arasında müəyyən bir razılığın əldə ediləcəyi gözlənilirdi. Amma bu, özünü doğrultmadı. Çünki təmaslar yetərincə deyil. Müsbət məqam isə, hər iki tərəfin delimitasiya və demarkasiya prosesini dəstəkləməsi oldu. Razılaşdırılamayan, açıq qalan məsələlərin müzakirəsi isə növbəti görüşlərdə davam edəcək. Bunu isə müsbət tendensiyadır.

Ermənistan ilə Azərbaycan arasında həllini gözləyən bir sıra məsələlər, o cümlədən Zəngəzur dəhlizi və ümumilikdə kommunikasiyaların açılması var. Rəsmi Bakı dəhlizdəki rejimin 10 noyabr bəyanatında göstərildiyi kimi maneəsiz və təhlükəsiz şəkildə olmasını istəyir. Erməni tərəfi isə daha fərqli yanaşma sərgiləyir. Digər bir məsələ isə Ermənistan konstitusiyasında əyişikliyin edilməsidir. Mövcud konstitusiyada isə həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları var. Prezident İlham Əliyev ilə Baş nazir Nikol Paşinyan arasında görüş isə hələlik tezdir. Hələlik danışıqlar prosesi XİN başçıları və sərhəd komissiyaları çərçivəsində aparılır.

Bu arada...

Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyan Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Vardan Oskanyana din xadiminin ölkənin baş nazirliyinə namizəd olması barədə bəyanatına cavab verib. Qalstanyan jurnalistlərə deyib ki, onun baş nazir ambisiyaları yoxdur, lakin əlavə edib ki, “proses göstərəcək”: “Xalq mənim baş nazir olmağımı istəyirsə, bu, katolikosun xeyir-duası ilə Allahın iradəsi olacaq... Mən kiməm ki, buna müqavimət göstərim!?”, arxiyepiskop vurğulayıb.

Baqrat Qalstanyan da ikili vətəndaşlığı olduğunu bildirib. "Mən bunu heç vaxt gizlətməmişəm" deyib. Arxiyepiskop Ermənistan və Kanada vətəndaşıdır. Bundan əvvəl Oskanyan Ermənistanın baş naziri postuna mümkün namizəd kimi Baqrat Qalstanyanın adını çəkmişdi. “Konstitusiyaya görə, impiçment təşəbbüskarları baş nazirliyə öz namizədlərini təqdim etməlidirlər. Hesab edirəm ki, hazırda bu namizəd Baqrat Srbazan olmalıdır. Məndə təfərrüatlar yoxdur, amma düşünürəm ki, belə olacaq”, - deyə sabiq nazir qeyd edib. O, yeni hökumətin müvəqqəti olacağını vurğulayıb. Oskanyan bildirib ki, müvəqqəti hökumətin fəaliyyətinin bir ilindən sonra erməni xalqı ayağa qalxacaq və bundan sonra növbədənkənar parlament seçkiləri keçirilməlidir. O əlavə edib ki, bu keçid dövründə baş nazir postuna ən əlverişli namizəd bu prosesi başlatan şəxsdir. Oskanyan, onun fikrincə, baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin uğurlu nəticəsini təmin edəcək iki amili vurğulayıb: xalqın geniş dəstəyi və orada “Mülki müqavilə” fraksiyasının deputatlarının iştirakı. Sabiq XİN rəhbərinin sözlərinə görə, etiraz hərəkatının mayın 9-da İrəvanda Respublika meydanında keçirilən mitinqində 75 minə yaxın insan iştirak edib. “Söhbət xalqın iradəsinin ifadəsindən gedir. Bu 75 min və ya daha çox insan bir məqsədlə gəlib - baş nazir Nikol Paşinyanın istefasını tələb etmək”.

Oskanyan etiraz hərəkatını milli adlandıraraq, onun iki xüsusiyyətini vurğulayıb. “Birincisi odur ki, hərəkata hamının etibar etdiyi bir şəxs - Tavuş yeparxiyasının rəhbəri rəhbərlik edir. İkinci xüsusiyyət ondan ibarətdir ki, burada çox aydın mesaj var: “Paşinyan ölkəyə rəhbərlik etmək iqtidarında deyil və getməlidir”, - deyə sabiq nazir yekunlaşdırıb. Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən üçün Tavuş” hərəkatı Azərbaycana birtərəfli ərazi güzəştlərinə son qoyulması tələbi ilə mayın 4-də Kirants kəndindən İrəvana yürüşə başlayıb. Mayın 9-da İrəvanda Respublika meydanında hərəkatın mitinqi keçirilib. Tavuş yeparxiyasının rəhbəri mayın 10-da Paşinyana istefa verməsi üçün verdiyi bir saatlıq müddət bitdikdən sonra dinc vətəndaş itaətsizliyinin başladığını elan edib. “Vətən Uğrunda” hərəkatı mayın 10-da saat 18:30-da İrəvanda Respublika meydanında mitinq elan edib.

Aprelin 19-da Ermənistan Xarici İşlər Nazirliyi Tavuş vilayətinin delimitasiyasına başlamaq üçün Bakı ilə razılaşdığını elan edib. Həmin gün Tavuş vilayətinin sərhəd kəndlərinin sakinlərinin ərazilərin Azərbaycana verilməsinə etirazları aprelin 25-də başlayıb, etirazlar Ermənistanın digər rayonlarına da yayılıb. Aprelin 22-də Ermənistanın baş naziri Azərbaycanla sərhədin delimitasiyası üzrə işçi qrupların yaradılması haqqında qərar imzalayıb. Aprelin 23-də Ermənistan və Azərbaycandan olan ekspert qrupları geodeziya ölçmələri əsasında Ermənistan-Azərbaycan sərhədində koordinatların müəyyənləşdirilməsinə başlayıb. Həmin gün Paşinyan Ermənistan və Azərbaycan dövlət sərhədinin Tavuş-Qazax rayonu hissəsində ilk sərhəd dirəyinin quraşdırılmasını elan edib. Hazırda sütunların sayı 40-dan çoxdur.

Delimitasiyası əleyhdarlarının paytaxta çatmasından sonra İrəvanda başlayan kütləvi etirazlar davam edir. Onlar təkcə Bakı ilə danışıqların dayandırılmasını deyil, həm də hökumətin istefaya göndərilməsini tələb edirlər. Düzdür, indiyədək onların hərəkətləri ölkənin xarici siyasətinə heç bir təsir göstərməyib və Rusiya sərhədçiləri artıq Sünik bölgəsini tərk edirlər. Müxtəlif hesablamalara görə, etirazlarda 18 mindən 100 minə qədər insan iştirak edib. Buna baxmayaraq, Qalstanyan rəhbərlik etdiyi hərəkatın təzyiqi altında baş nazir Nikol Paşinyanın yaxın bir neçə gün ərzində istefa verəcəyini açıqlayıb. Məlum olub ki, Qalstanyanın Kanada vətəndaşlığı var, ona görə də o, baş nazir ola bilməz, lakin bu vəzifənin keçmiş hakimiyyət adlanan qurumlardan birinə getməsinə etiraz etməyəcək. Xüsusilə, arxiyepiskop eks-prezident Robert Köçəryanın rəhbərliyi altında parlament müxalifətinin hökumət başçısının impiçment proseduruna başlaya biləcəyinə ümid edir. Bakı ilə münasibətlərin nəzərdən keçirilməsinə gəlincə, Qalstanyan tezliklə öz proqramını səsləndirəcəyini vəd edib ki, görünür, bu hələ mövcud deyil.
Delimitasiya üzrə irəliləyiş...

Qazaxıstanda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqlar aparılıb. Nazirlər delimitasiya üzrə irəliləyişi, eləcə də bu istiqamətdə əldə olunmuş razılaşmaları alqışlayıblar. Bu, onların birgə bəyanatında da var. Xəbərdə deyildiyi kimi, onlar sülh müqaviləsi layihəsini müzakirə ediblər. Tərəflər hələ də fikir ayrılığı olan məsələlər üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Proqnoz vermək hələ tezdir, lakin məxməri inqilabdan bəri bunlar Ermənistanda ən kütləvi etiraz aksiyalarıdır. Etirazı nisbətən müstəqil lider ətrafında cəmləşdirmək cəhdi var. İdeya maraqlıdır, lakin indiyədək ilk uğurlu aksiyaların ardınca proqram xarakterli bəyanatlar verilməyib, etirazın nə taktikası, nə də inkişaf strategiyası görünmür. Bundan əlavə, etirazın İrəvandan Ermənistanın digər bölgələrinə də yayılmasının mümkün olub-olmayacağından çox şey asılı olacaq. Bunsuz, indiki etirazlar cəmiyyətin hakimiyyətə etirazını bildirmək üçün növbəti cəhdinə çevrilə bilər. Həmçinin müxalifət Paşinyanın Azərbaycanla bağlı yürütdüyü danışıqlar strategiyasına alternativ təklif etməlidir, çünki formal olaraq indiki etirazlar Tavuş bölgəsində sərhədin demarkasiyası ilə başlayıb.

V.VƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
286
27
sia.az

10Mənbələr