AZ

Kifayət qədər yuxu yatmamaq bu problemlərə

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Nahid Məhərrəmov Səhiyyə Nazirliyinin saytına yuxu, onun əhəmiyyəti, fəsadları və qarşısının alınması yolları barədə müsahibə verib.Metbuat.az xəbər verir ki, yuxunun vacibliyi barədə danışan mütəxəssis-ekspert deyib: “Yuxu ətraf mühitə reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Tibbin və neyrobiologiyanın yuxunun tədqiqatına və müalicəsinə baxan sahəsi Somnologiya adlanır. İnsan ömrünün üçdəbir hissəsi yuxuda keçir. Yuxu zamanı orqanizm enerjini bərpa edir və immuniteti artırır. Normal yuxu aldıqdan sonra özümüzü gümrah və enerji dolu hiss edirik. Kifayət qədər yuxu almayanlar isə gün ərzində özlərini yorğun və halsız hiss edir, diqqəti cəmləməkdə çətinlik çəkirlər. Yuxu zamanı immunitet sistemimiz orqanizm üçün çox faydalı olan müəyyən zülallar ifraz edir. Əgər nizamlı və keyfiyyətli yuxu almasaq, həmin zülallar kifayət qədər olmaz.Gündüz yatmağın faydaları gecə yatmağı əvəz etmir. Gecə vaxtı insan orqanizmi yuxu hormonu deyilən melatonin hormonunu ifraz edir. Melatonin yalnız tam qaranlıqda və çox qısa müddətdə - saat 23.00-dan 01:00-a qədər ifraz olunur. Həmin hormon orqanizmdə hüceyrələrin yenilənməsini, bioloji saatı, yuxu ritminin və bədən istiliyinin tənzimlənməsini, immun sisteminin yüksəlməsini təmin edir”.Həkim-terapevt yuxusuzluğun səbəb olduğu fəsadlar barədə deyib: “Bu zamanı insanlar yuxuya gedə və ya dərin yuxu yata bilmir. Şikayətləri adətən qısa zamanda yuxuya gedə bilməmək, yatanda tez-tez oyanmaq və yuxunu davam edə bilməməklə əlaqədar olur. Bir həftəyə qədər davam edən yuxusuzluq kəskin və ya keçici, bir həftə ilə üç aya qədər - yarımkəskin, üç aydan artıq davam edərsə, xroniki yuxusuzluq adlanır. Yuxusuzluq xəstəliyi olanlar oyandıqdan sonra özlərini yorğun hiss edirlər. Yuxusuzluq təkcə enerji səviyyəsini və əhvalı deyil, həm də həyat keyfiyyətini azalda bilər.Mütəxəssislər gecə 7-8 saat yatmağı məsləhət görürlər. Əksər insanlar həyatının bir mərhələsində günlərlə davam edən qısa müddətli yuxusuzluqdan əziyyət çəkirlər. Həmin vəziyyət adətən stress, kəskin xəstəlik, yuxu rejiminin dəyişməsi zamanı baş verir. Normal yuxunun bərpasından sonra keçici yuxusuzluq orqanizmdə neqativ izlər qoymur. Davamlı yuxusuzluq orqanizmdə xroniki ağrı, diabet, ürək-damar, astma, qastroezofageal reflüks, hipertiroidizm, depressiya, Parkinson və Altsheymer xəstəliyinin xəbərçisi ola bilərlər”.Yuxusuzluğun səbəbləri barədə mütəxəssis-ekspert bunları bildirib: “Yuxu insan orqanizmində bir çox sistemləri əhatə edən mürəkkəb fizioloji prosesdir. Yuxusuzluğun səbəbləri müxtəlif ola bilər. Yuxuya ən çox psixoloji amillər (narahatlıq, stress), endokrin səbəblər (hipertiroidizm, klimakterik), kofeinli içkilər, narkotik maddələr, alkoqollu içkilər, sosial amillər və sair təsir edir. Yuxunun kifayət qədər olmaması orqanizmin infeksiyalara qarşı həssaslığının nəticəsi ola bilər. Orqanizmi patogenlərdən effektiv və davamlı şəkildə qorumaq üçün immunitet sisteminin düzgün istirahətə ehtiyacı var. İnsan orqanizmini patogenlərdən effektiv və davamlı şəkildə qorumaq üçün immunitet sisteminin də rahat və dolğun yuxuya ehtiyacı var. Yuxusuzluq, həmçinin immun sisteminin əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb olur, orqanizmi həssas edir və müxtəlif xəstəliklərin əmələ gəlməsinə şərait yaradır.Yuxu çatışmazlığı artıq çəki, piylənmə və diabet riskini artırır. İnsulin hormonu qanda şəkərin normada qalmasına xidmət edir. Ancaq yuxusuzluq həmin prosesi pozur. Gecə 4-5 saat yatanların əksəriyyətində insulin müqavimətinin artması müşahidə olunur. Nəticədə isə 2-ci tip diabet əmələ gəlməsi və digər hormonların da ritminin pozulması baş verə bilər.Hər gecə sadəcə 1-2 saat daha az yatmaq ürək döyüntülərinin sayını və qan təzyiqini artırır. Çünki sinir sisteminin bir qismi yuxu əksikliyinə başqa cür təsir edir. Bu zaman qanda stress hormonu deyilən kortizol artır və bir müddət sonra damar sərtliyi, infarkt və insult riski də arta bilər.Sürətli olaraq pozulan və ya azalan yuxu, əsasən də dərin yuxu problemləri sinir sisteminin degenerativ xəstəliklərinə aparıb çıxarır. Dərin yuxu yaddaşa, konsentrasiyaya və qərar qəbuletmə proseslərinə birbaşa təsir göstərir, eyni zamanda, gün ərzində alınan məlumatı qismən emal etməyə kömək edir. Bundan əlavə, insan orqanizmi əsasən yuxuda olduğu zaman yaraları bərpa edir, zərərli maddələri kənarlaşdırır və sağalma proseslərinə başlayır.Sağlam yuxu böyümə hormonu üçün də çox əhəmiyyətlidir. Həmin hormon sayəsində əzələ və sümük kütləsinin böyüməsi baş verir. Yuxu pozğunluqlarında, bütün bu proseslər nəzarətdən çıxır. Yetkinlik yaşına çatan insanlar üçün normal yuxu rejimi əvəzolunmazdır. Yuxu dərinin təravətli görünməsi və dəri hüceyrələrinin yenilənməsində xüsusi rol oynayır”.

Həkim-terapevt yuxusuzluğu aradan qaldırmaq yolları barədə bunları məsləhət görüb: “Yuxusuzluğun müalicəsində əvvəlcə onun səbəbini araşdırmaq lazımdır. Əgər səbəb hər hansı bir xəstəlikdirsə, o zaman diqqəti həmin xəstəliyin müalicəsinə yönəltmək lazımdır. Bəzən xəstələr həkim tövsiyəsi olmadan müxtəlif yuxugətirici vasitələr istifadə edirlər. Bu cür yanaşmalar zamanla müxtəlif problemlərə aparıb çıxarır. Yuxusuzluğu aradan qaldırmaq üçün yuxu və oyaqlıq balansının nizamlanması, aktiv həyat tərzi, təmiz havada gəzinti olduqca vacibdir. Həmçinin son qida qəbulunun yatmazdan ən azı 3-4 saat əvvəl edilməsi tövsiyə olunur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
209
37
metbuat.az

10Mənbələr