AZ

Xəbərdarlıq: “Nəyi lazım biliriksə, onu da edəcəyik!”- Şuşa haqqı!

 

 

Bu günü necə həsrətlə gözləyirdik – Şuşaya qayıdacağımızı! Və həmin tarixi gün yetişdi – 10 may 2024-cü ildə tarixdə azad olunduqdan sonra dövlətimizin qüdrəti ilə gündən-günə gözəlləşən, abadlaşan, dirçəldilən Şuşa şəhəri öz doğma sakinlərininin ilk heyətini qoynuna aldı!

Qarabağ Fatehi, Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşa şəhərinə köçən ilk sakinlərlə görüşü möhtəşəm atmosferdə keçdi. İşğal illərində məcburi köçkünlərimizlə çoxsaylı görüşlər olub, özü də cənab Prezident doğum günlərini məhz onlarla görüşə həsr edirdi, ümid verirdi, inandırırdı: “QAYIDACAĞIQ!!!” Budur, zəngilanlılardan, füzulililərdən, laçınlılardan sonra şuşalılar da EVə dönürlər! Xalqımızın taleyində bundan gözəl nə ola bilər?! Şuşalılar 32 ildən sonra  doğma Şuşaya, qala şəhərə qayıtdılar! Zəbt olunduğu illərdə murdar düşmənin ayaqları altında inləyən Şuşa torpağı öz sakinlərinə əmanət edildi cənab Prezident tərəfindən! Dövlət başçımız görüş zamanı bu zəfəri bizə qazandıran igidlərdən danışdı, “Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər”, söyləməklə növbəti dəfə nə qədər böyük ürək sahibi, qədirbilən lider olduğunu nümayiş etdirdi. Həqiqətən də Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi. Bu birliyi, bu əzmi təmin edən həm də prezident kürsüsünü haqq etdikdən sonra “hər bir azərbaycanlının prezidenti olacağam”, deyərək and içən Liderdir.

 71db9360d78bba74fd511cf2f3e981f0.jpg

Ermənilər və onların havadarları Azərbaycanın dövlət başçısının, Azərbaycan ordusunun, xalqının potensialını düzgün qiymətləndirə bilməmişdilər, məhz bu yanlışlığa görə torpağımıza dil uzatdılar, 30 ildən sonra dilləri kəsildi! Dövlətimizin başçısı şuşalılarla görüşdə də bildirdi: özlərini uydurduqları miflərə o qədər inandırmışdılar ki, hesab edirdilər bizim torpaqlarımızı əbədi işğal altında saxlaya biləcəklər...Arzuları gözlərində qaldı, indi Şuşaya köçən şuşalılara baxıb yaxılırlar!

 002da293a93e1423237ca14b0a89a5b8.jpg

Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz də qürurla təkrarlayırıq, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdi. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Cənab Prezidentin bu, tarixi ifadələri əbədi dillərdə əzbər olacaq, yüz illər keçsə də, istinad ediləcək, danışılacaq, fəxrlə 2020-ci ilin 8 noyabr Zəfəri xalqımızın yenidən dünyaya doğulduğu tarix kimi xatırlanacaq! “Şuşasız bizim işimiz yarımçıq qalar”, deyən Ali Baş Komandan Azərbaycan xalqının əyilməz ruhunun rəmzi olan bu müqəddəs ünvanı, qəlbimizin Məkkə-Mədinəsini azad etməyincə ordumuzun dayanmayacağını 44 günlük haqq savaşının ilk günlərində qətiyyətlə bildirmişdi. Dediyi kimi oldu, Azərbaycan ordusunun cəngavər oğulları sıldırım qayaları dırmanaraq, 1992-ci ilin mayında əslində, xəyanətin qurbanı olan Şuşamızla bağlı “Dağlarda toy” əməliyyatı keçirdiyini iddia edən düşmənə əbədi “toy” tutdular! Qəhrəman ordumuzun həyata keçirdiyi bir günlük antiterror əməliyyatı nəticəsində Qarabağdakı xunta rejiminin kökü kəsildi, biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik, bayrağımızı Xankəndi şəhərində, Xocalıda, Xocavənddə... dalğalandırdıq! Cənab Prezidentin dediyi kimi, dövlətimizin gücünü və siyasi iradəsini göstərdik. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik!

_1620195308.jpg

Dövlət başçımız 2024-cü ildə "İslam dünyasının mədəniyyət paytaxtı" elan olunan Şuşada genişmiqyaslı quruculuq işlərinin getməsini fəxrlə söylədi. Bu qələbənin memarı, Azərbaycanın şərəfli tarixinin Şuşa bölümünün müəllifi Odur! Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın şuşalılarla görüşü, daha sonra Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalındakı möhtəşəm anlar dostları sevindirdi, düşmənin bağrına ox kimi sancıldı! Cənab Prezident qürurla söylədi: Ulu Öndərin doğum günündə Şuşada üçüncü yaşayış kompleksinin təməli qoyuldu. “Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir”, söylədi cənab Prezident. Şuşada böyük infrastruktur layihələrinin reallaşdırılması, Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolunun çəkilməsi, daha sonra 7 tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı, daha geniş magistral avtomobil yolunun inşası Qala şəhərə, Pənah xanın yurduna dövlətimizin yüksək münasibətinin göstəricisidir. Bütün yollar Şuşaya aparır, çünki demişdik: Şuşasız Azərbaycan ola bilməz, olmadı da! Şuşa ilə yolumuza davam! Ölkəmizin başçısı növbərti dəfə əmin etdi: “Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər bir azərbaycanlı bununla fəxr edəcək”. Bu, həm də Şuşaya dil, əl uzatmaq fikrindən əl çəkməyən daşnaklara, onların havadarlarına mesajdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, işğal zamanı bədnam qonşular Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Ölkə başçımız elə bu günlərdə Şuşamızı ermənisayağı “Şuşi” adlandıran İrəvandakı Fransa diplomatı kimi sərsəmləyənlərə də sözünü demiş oldu: “Əgər ermənilər bunu özlərinə doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq!” Başa düşməyənlərə başqa üsulla başa salmağa dövlətimizin qüdrəti var!

11-4.jpg

Şuşa ucalığından növbəti xəbərdarlıqlar oldu. Qürurla, Böyük Sərkərdəmizə, Liderimizə böyük ehtiramla xatırladaq: “Fransa və Amerika bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır”. Qulaqlarından sırğa etsinlər bu sözləri! Şuşaya gedib də, hansısa şouda yer almaq istəmədiyini iddia eləyən, amma 48 saat keçməmiş Şuşa qalasının qarşısında fotolar çəkdirib, paylaşımlar edən, Şuşada olmağın xoşbəxtliyi haqda status yazan səfir nümunəsi var bu günlərdə. Azərbaycan dövləti ilə münasibətləri gərginləşdirmək heç kəsə uğur qazandırmayacaq, anlasınlar!

Ötən ay Bakıdakı səfirini Parisə çağıran, amma bununla Azərbaycan dövlətinə hər hansı təqsir göstərə bilmədiyini görəndən sonra diplomatını geri göndərən Makron Fransası da Şuşa mesajlarından özünə düşənləri götürməli, yanlışlıqlarını düzəltməlidir.

Sitat: “Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizəmüdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik!” Bu vaxta kimi Prezident İlham Əliyev nə deyibsə, sözünə sadiq qalıb, həm vədlərinə, həm xəbərdarlıqlarına uyğun şəkildə Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğun nəticələr əldə edib, bunu hətta bəzən düşmən də etiraf edir. Odur ki, ötənlərdən dərs götürsün biriləri, yoxsa...İlham Əliyevin “nəyi, nə zaman, necə etməyi” mükəmməl şəkildə bildiyinə kimsənin şübhəsi yoxdur, artıq bu ifadə ölkə miqyasından kənarda da dillər əzbəridir. Amma bu dəfə fərqli ifadəni eşitdik: “Nəyi lazım biliriksə, onu da edəcəyik!” Ermənistandakı revanşistlər, sülhə əngəl olan paytaxtlardakı siyasət dəllalları, müharibə azarkeşləri, qan çanağından ləzzət alan manyaklar eşitsinlər və məkrli əməllərindən əl çəksinlər! Şuşa ucalığından edilən xəbərdarlıqlar sıradan sözlər, Şuşa haqqı! 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
288
1
musavat.com

10Mənbələr