AZ

Almaniyada oynayan futbolçumuzun atası: “Oğlum “Real”da oynamağı arzulayır”

Azərbaycandan kənarda oynayan hər bir futbolçunu diqqət mərkəzində saxlamaq vacibdi.

Çünki ölkəmizdən uzaqda olan gənc futbolçular həm ölkə futbolunu xaricdə təmsil edir, həm də milli komandalarımıza potensial namizəd sayılırlar.

Belə futbolçulardan biri də Almaniyada yaşayan və futbolla məşğul olan Əli Abbasovdu.

Sportinfo.az football-plus.az-a istinadən onun atası Elşad bəyin müsahibəsini diqqətinizə çatdırır:

- Elşad bəy, ilk sualımda Əli barədə ümumi məlumat almaq istərdim. Əlinin neçə yaşı var, futbolla tanışlığı necə başlayıb?

- Mənim övladım Əli Abbasov 2005-ci il təvvəllüdlüdü. Aprelin 12-də 19 yaşı tamam oldu. Yeni Yasamalda böyüyüb. Bilirsiz ki, hər bir uşağın məhlədə futbol oynamaq kimi adəti olur. Əli də topla tanışlığa, futbol oynamağa belə başlayıb. Əli 4-5 yaşında olanda mən “Futbol+” qəzetində bir elana rast gəldim. Orda yazılmışdı ki, “Can Bala” adında futbol məktəbi açılıb. Bizim üçün dəyərli müəllim olan Ruhin Əliyev də həmin vaxt orda məşqçiliyə yeni başlamışdı. Əlinin futbolla məşğul olması həmin elandan sonra “Can Bala”da başladı. Sonra Ruhin müəllim özünün “Leon” Uşaq Futbol Klubunu təsis etdi. Mən də Ruhin müəllimə çox inandığıma görə Əlini həmin kluba apardım. Daha sonra yolumuz “Neftçi”yə də düşdü, “Qarabağ”a da. Əli hər iki klubun uşaq komandalarında forma geyinib. Onun əlindən tutub, futbolu öyrədən Ruhun müəllim olub. Ən sonda isə “Sumqayıt”da oynadı. Demək olar ki, “Sumqayıt” Əlinin Azərbaycanda son klubudu. Ondan sonra da biz Almaniyaya köçüb gəldik.

- Ümumiyyətlə, ailənizdə futbolçu olubmu?

- Əlinin hər iki babası futbol oynayıb. Qaynatam “Neftçi”də oynayıb. Mən isə əslən Lənkərandanam. Atam da orda futbolla məşğul olub, amma peşəkar səviyyəyə çatmayıb. Uşaq olanda Əliyə uşaqlıqda necə futbol oynamalarından danışırdı. Deyirdi ki, biz topu vururduq, pəncərədən içəri düşürdü. Bu cür xatirələrlə Əlinin futbola olan marağını daha da artırırdı.

- Siz neçə müddətdi ki, ordasız? Orda futbol komandası necə tapdız?

- Almaniyaya gəlişimizin üç ili bu ilin avqustunda tamam olacaq. Müəyyən ailəvi səbəblərdən bura köçməli olduq. Digər övladımın səhhətində problemlər var idi. Onun müalicəsi üçün gəldik. Elə oldu ki, mən də burda iş tapdım və burda qaldıq. Biz qaldığımız əyalətdən çox da kənara çıxa bilmirdik. Ona görə burda əyalətin komandasına gəldik. Bu komanda da “Ayntraxt Stadtallendorf” adlanırdı. “Ayntraxt” bir ailə, birlik deməkdi. Stadtallendorf isə bizim qaldığımız əyalətin adıdı. Əlini ora apardım. Burda sistem bir qədər fərqlidi, ayrı-ayrı liqalar var. 10-a yaxın liqa var. Komandanın baş məşqçisi də italyan idi. Həmin vaxt Əli 16 yaşını yenicə tamamlamışdı. Məşqçi ilk məşqə baxan kimi dedi ki, gəlin müqavilə bağlayaq. Əlinin oyununu çox bəyəndilər. Hesabla “Ayntraxt Stadtallendorf”un çıxış etdiyi liqa beşinci bundesliqa sayılır. İndiyə qədər komanda orda çempion olmamışdı. Əlinin çıxışından sonra komanda çempionluq qazandı. Ondan sonra Əli U-19 liqasına dəvət aldı, həmin liqada da çempion oldular. Artıq komanda iki qrup yuxarı qalxıb. Əli U-19-da özündən iki yaş böyüklərlə oynayırdı. Sona 6 oyun qalmış komandaya qoşuldu. Son 6 oyunda Əli 6 qol vurdu, önəmli qollar idi. Bununla da komandanın çempionluğunda pay sahibi oldu.

- Hazırda Əli harda oynayır, hansı nəticələr var? Məşqçiləri onun haqqında nə deyir?

- Hazırda da U-19 komandasında çıxış edir, bu da 3-cü bundesliqa sayılır. Amma sizə deyim ki, bu liqa belə bizim çempionatdan çox fərqlənir. Əlini məşqçiləri tam bəyənir. İndi mövsüm sona yaxınlaşır. Bir neçə klubdan dəvət alımışıq. Yayda, inşallah, hamımız xoş xəbərlərə sevinə bilərik. Çünki menecerlərin də diqqətindədi, tanınmış klubların da maraq dairəsinə düşür. Burda həftəsonları tam bir futbol bayramı olar. Hər liqanın öz səviyyəsinə görə möhtəşəm azarkeş dəstəyi var. Hərə əlinə bir termos alır, futbola baxmağa gəlir. Əlini Frankfurt “Ayntraxt”ından da istəyirlər. Bir menecer var, onunla tez-tez əlaqə saxlayırıq. Gözləyirik ki, bu yay daha yaxşı klubdan təklif alarıq, Əli də yuxarı liqalarda özünü göstərmək şansı qazanar. Məşqçiləri də çox razılıq edirlər. Dəfələrlə həm oyunu, həm də davranışı ilə bağlı xoş sözlər deyib, yazılı qaydada “Təşəkkürnamə”lər göndərirlər. Bəzən klublar Əliylə yanaşı mənə də təklif göndərirlər, deyirlər ki, siz də valideyn olaraq gəlin, biz sizin üçün də iş təşkil edərik. Hələki qərar verməmişik, seçimləri dəyərləndiririk.

- Hər bir futbolçunun gələcək arzuları var. Əli gələcəkdə hansı komandanın şərəfini qorumaq arzusundadı?

- Təbii ki, hər bir futbolçu kimi Əlinin də arzuları var. Onun futbola ilk addımlarını atdığı vaxt Ronaldu ilə Messinin rəqabətinin ən qızğın çağlarına təsadüf edirdi. Hər kəs bu iki ad ətrafında seçim edirdi. Mən özüm Messinin oyununun heyranıyam, amma oğlum mənim kimi düşünmürdü. Uşaqlıqdan Ronalduya azarkeşlik edir, o da həmin vaxt Madrid “Real”ında oynayırdı. Ona görə də Əli “Real” azarkeşidi. Bilmirəm, qismət olar, ya yox. Amma Əli “Real”da oynamağı arzulayır. Yəqin ki, bir çox futbolçular üçün son hədəf “Real”da oynamaqdı. Elə Əli üçün də belədi. Arzuların zirvəsi “Real”ın formasını geyinməkdi.

- Son sualımda sizdən Almaniya və Azərbaycandakı uşaq futbolu, şərait, məşqlərlə bağlı paralellər aparmağınızı rica edirəm.

- Paralellər aparmaq çox çətindi. Çünki fərqlər çox böyükdü. Amma deyərdim ki, bizim uşaqlar 8-9 yaşında bunlardan heç geri gəlmir. Bizdə sanki “qırılma nöqtəsi” 15-16 yaşdı. Burdakı məşqçilər və valideynlər uşaqlara psixoloji baxımdan çox sərbəstlik verirlər. Belə deyik ki, uşaqlar səhv etməkdən çəkinmirlər. Amma sistemli şəkildə. Bu o demək deyil ki, uşaq istədiyini edə bilər. Uşaq böyüdükcə daha çox şans qazanır, həmin səhvləri təkrarlamır. Məşqlərin proseduruna görədi, həmin səhvlər uşaqların beyninə həkk olunur, onlar ona yol vermir. Mənim bildiyimə görə Almaniyada təxminən 6 milyon futbolçu var. Bir böyük ölkənin əhalisi qədər. Hər cür ölkədən istedadlı uşaqlar var. O cümlədən də azərbaycanlı uşaqlar. Əli italyan, alman və türk məşqçilərin rəhbərliyi altında çıxış edib. Fərq də odu ki, Almaniyada hər yaş qrupunda fərqli məşqçilər olur. Uşaqlar müxtəlif sistemlərə öyrəşirlər. Eyni zamanda məşq prosesindən əlavə gəzintilər, istirahət də sistemli komanda şəklində həyata keçirilir. Bunun da müsbət nəticəsi özünü meydanda göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
3
sportinfo.az

5Mənbələr