AZ

“Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirildi - FOTOLAR

Mayın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, müasir dövlətçilik tariximizin taleyüklü məqamları və ən böyük uğurları, heç şübhəsiz, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik dövlət xadimi fəaliyyətinin bütün mərhələlərində milli maraqların qorunmasına, mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görüb və Azərbaycanın tərəqqisini təmin edib. SSRİ dövründə Heydər Əliyevin respublikamıza rəhbərliyi zamanı görülən işlər ölkəmizin hərtərəfli inkişafının əsasını qoyub, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaradıb.

YAP Sədrinin müavini bildirib ki, müasir Azərbaycanın bugünkü reallığı Ulu Öndərin milli və bəşəri məzmunlu ideyalarının əbədiyaşarlığını aydın ifadə edir. Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirərək varislik prinsipi əsasında uzaqgörən və məqsədyönlü siyasət həyata keçirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev xalqımıza şanlı dövlətçilik tarixinin ən möhtəşəm uğurlarını qazandırmışdır. Bu nailiyyətlərin zirvə nöqtəsi isə 30 il ərzində Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi və ölkəmizin suverenliyinin bərpasıdır. Ulu Öndərin müəyyənləşdirdiyi bütün strateji hədəflər reallığa çevrilir, ölkəmizin qarşısında yeni perspektivlər açılır. Azərbaycanın beynəlxalq mövqeyi, o cümlədən tarixi Zəfərimizin əsasları möhkəmləndirilir, Qarabağda və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işlərinə paralel olaraq Böyük Qayıdış prosesi uğurla həyata keçirilir, Azərbaycanın milli gücü gündən-günə artır.

Tahir Budaqov söyləyib ki, Heydər Əliyevin tarixiliklə müasirliyin vəhdətini yaradan ideyalarının tədqiqi və təşviqi qarşımızda duran çox mühüm vəzifədir. Ümummilli Liderin ideyaları əsasında Azərbaycana tarixi uğurlar qazandıran, onun dövlətçilik irsini yaşadan, xalqın inam və etimadını doğruldaraq yeni və müstəqil Azərbaycan quruculuğunu təmin edən YAP bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. “Bu gün biz Ulu Öndərin zəngin dövlətçilik irsinin yaşadılması məqsədilə və onun əziz xatirəsinə sonsuz ehtiram əlaməti olaraq yaradılmış Heydər Əliyev Fondunun 20 illiyini də qeyd edirik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond adını daşıdığı dahi şəxsiyyət, müdrik dövlət xadimi Heydər Əliyevin əbədiyaşar ideyalarının tədqiqi və təşviqinə, siyasi irsinin xalqımızın milli-mənəvi sərvəti kimi gələcək nəsillərə ötürülməsinə dəyərli töhfələr verir. İstər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda çoxşaxəli fəaliyyət göstərərək səmərəli layihələr reallaşdıran Heydər Əliyev Fondu həm yeni cəmiyyət quruculuğu və respublikamızın davamlı inkişafında, həm də Azərbaycanın müsbət beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayır”, - deyə o qeyd edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Ulu Öndərin siyasi varisi İlham Əliyevin liderliyi ilə müasir dövlətçilik tarixinin möhtəşəm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə yekun vuraraq yeni dövrə qədəm qoyub.

Sonra Yeni TV-nin hazırladığı “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” filmi nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, xalqımız Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərini böyük coşqu və ehtiramla qeyd edir. O deyib ki, bu, bir tərəfdən xalqımızın Heydər Əliyevə, onun şəxsiyyətinə və tarixi xidmətlərinə verdiyi böyük qiymətin təzahürüdür, digər tərəfdən isə xalqın milli dövlətçiliyə ehtiramının ifadəsidir. Heydər Əliyevin qurduğu müasir müstəqil Azərbaycan ötən illər ərzində daha qüdrətli dövlət olub, daha güclü ölkə kimi dünya birliyində özünü təsdiq edib.

Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışan Ə.Əhmədov söyləyib ki, Azərbaycanın uğurlu inkişafı məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edilib.

YAP Sədrinin müavini söyləyib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, hazırda Azərbaycan güclü, qüdrətli, beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevrilib. “Azərbaycan dövlətinin möhkəm təməllər üzərində qurulmasının nəticəsidir ki, daha da güclənirik, beynəlxalq müstəvidə ölkəmizin nüfuzu daha da artır. Bu gün ölkəmizlə hesablaşırlar. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası dövlətimizin gücünü daha da artırıb. Qazanılan möhtəşəm nailiyyətlər göstərir ki, Heydər Əliyev siyasəti bundan sonra da uğurla davam etdiriləcək. Ümummilli Lider Heydər Əliyevin ideyaları daim yaşayacaq və Azərbaycana möhtəşəm uğurlar qazandıracaq”, - deyə Əli Əhmədov vurğulayıb.

Digər çıxış edənlər - Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov xalqımızın böyük Öndərimizə sonsuz məhəbbətinin əsaslarından, Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, Ulu Öndərin Azərbaycan gənclərinə hər zaman xüsusi diqqət və qayğı göstərməsindən, bir sözlə, Ümummilli Liderin Azərbaycanın möhkəmlənməsi, milli maraqlarımızın, milli-mənəvi dəyərlərimizin qorunması və digər istiqamətlərdə xidmətlərindən danışıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
300
50
unikal.az

10Mənbələr