AZ

"Bu gün həyatımızda ən əziz, ən xoşbəxt gündür" - Şuşalı jurnalist 

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.

 

Dövlətimizin başçısı və birinci xanım mənzillərin açarlarını sakinlərə təqdim ediblər.

 

Modern.az-ın məlumatına görə, mənzillə təmin olunanlardan biri də tanınmış şuşalı jurnalist Kərim Kərimli də var.

 

Kərim Kərimli ailəsi ilə birlikdə Şuşaya qayıdanlardan biridir. O, görüş zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təşəkkür edib.

 

 "Möhtərəm cənab Prezident, əziz Mehriban xanım, bu gün bizim həyatımızda ən əziz, ən xoşbəxt gündür. Bizim bugünkü xoşbəxtliyimizi yalnız və yalnız 2020-ci il noyabrın 8-də cənab Prezidentin “Əziz Şuşa, sən azadsan” bəyanatından sonrakı xoşbəxtliyimizlə müqayisə etmək olar. Bundan başqa heç bir misli-bərabəri, tayı-bərabəri olan xoşbəxtlik yoxdur.

 

Möhtərəm Prezident, 32 ildən sonra doğma şəhərə qayıtmaq barədə Siz öz ürək sözlərinizi söyləyərkən dediniz, bundan böyük səadət, bundan böyük xoşbəxtlik ola bilərmi?! Mən öz adımdan, burada iştirak edən ailəm adından, bu gün açarlarını təqdim etdiyiniz iştirakçılar adından, bizim camaat adından Sizə ürəkdən gələn təşəkkürümü bildirirəm.

 

Dünyada Üzeyir bəyin musiqisindən gözəl musiqi yoxdur. Sizin Şuşa uğrunda, Qarabağ uğrunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız mübarizəni yalnız Üzeyir bəyin musiqisi ilə müqayisə etmək olar: gözəl, təntənəli, möhtəşəm və əbədi! Bütün bunlara görə çox sağ olun.

 

Mən bu tədbirdə Vətən uğrunda canından keçmiş əziz şəhidlərimizin xatirəsini yad etmək istəyirəm. Bütün şəhid ailələri qarşısında baş əydiyimizi bildirmək istəyirəm və mən bildirmək istəyirəm ki, əgər onların misilsiz şücaəti, dünya tarixində tayı-bərabəri olmayan qəhrəmanlığı olmasaydı, - təbii ki, Sizin rəhbərliyiniz altında, - bu gün biz burada bu təntənəli məclisdə iştirak edə bilməzdik. Bütün qazilərimizi -müharibədə Vətən uğrunda yaralanmış bütün qardaş və bacılarımızı burada hörmətlə yad etmək istəyirəm.

 

Nəhayət öz adımdan onu demək istəyirəm ki, bundan sonra biz öz şəhərimizdə belə gözəl, - bilirsiniz, bunu da təsvir etmək çox çətindir bu dəqiqə, - mənzillərdə yaşayaraq, Siz dediyiniz kimi, Şuşanın dirçəldilməsi, gözəlləşməsi, inkişaf etməsi və Sizin Sərəncamınızla artıq ölkəmizin mədəniyyət paytaxtı olan bir şəhərin bütün dünyanın mədəniyyət mərkəzinə çevrilməsi uğrunda mübarizəmizi aparacağıq. Çox sağ olun, minnətdaram, təşəkkür edirəm", - Kərim Kərimli qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
271
36
modern.az

10Mənbələr