AZ

ABŞ "Huawei"yə yarımkeçirici satmağı qadağan edir

ABŞ Ticarət Departamenti "Intel" və "Qualcomm" şirkətlərinə "Huawei"yə yarımkeçiricilər ixrac etməyə icazə verən lisenziyaları ləğv etmək qərarına gəlib. Bu addım ABŞ-ın Çin texnoloji nəhənginə qarşı davam edən siyasətinin bir hissəsidir. 

Valyuta.az bu barədə "Financial Times"a istinadən xəbər verir.

Nəşr yazır ki, lisenziyaların geri götürülməsi "Huawei" tərəfindən noutbuklar, smartfonlar və digər elektronika istehsalında istifadə olunan çiplərin tədarükünə təsir edəcək. Bu, şirkəti ABŞ-ın qabaqcıl yarımkeçirici texnologiyalarına çıxışdan məhrum etməklə "Huawei"nin biznesinə ciddi ziyan vura bilər.

Əvvəllər "Huawei" mövcud məhdudiyyətlərə baxmayaraq, öz flaqman çipində "Mate 60 Pro" smartfonunu buraxaraq dünyanı heyran etməyi bacarmışdı. Bu, amerikalı qanunvericilərin hazırkı sanksiyalar tədbirlərinin effektivliyini şübhə altına almağa və onları sərtləşdirməyə çağırmağa vadar edib.

Məsələn, ABŞ Konqresindəki senator Marko Rubio və konqresmen Elise Stefanik kimi respublikaçılar, "Huawei"nin noutbuklarında "Intel"in ən qabaqcıl çiplərindən istifadə etdiyinə dair xəbərlərdən sonra Bayden administrasiyasına "Intel" və "Qualcomm" üçün ixrac lisenziyalarını ləğv etməyə təzyiq göstərib.

Ekspertlər hesab edirlər ki, bu qərar Vaşinqtonun ABŞ-ın milli təhlükəsizliyinə təhdid hesab edilən Çin texnologiya şirkətləri ilə qarşıdurmada qətiyyətini nümayiş etdirir. Eyni zamanda, qərar yarımkeçirici texnologiyalarının ixracına məhdudiyyətlərin sərtləşdirilməsindən qorxan ABŞ-ın müttəfiqləri arasında təşviş yaradıb.

"Huawei"yə tədarükün dayandırılması çətin ki, "Qualcomm" və "Intel"in biznesinə ciddi təsir göstərsin. "Qualcomm" bu yaxınlarda bildirib ki, "Huawei"yə tədarük məhduddur və tezliklə quruyacaq, çünki Çin şirkətinə 5G-ni dəstəkləyən çipləri satmaq çoxdan qadağan edilib. "Intel"ə gəlincə, "Huawei" də onun ən böyük müştəriləri siyahısında deyil.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
2
valyuta.az

10Mənbələr