AZ

Milyonlar nəyə və niyə “xərclənib”? 

Anar Məmmədli və İmran Əliyevin qrant qaçaqmalçılığı...

XXI əsrin ilk illərindən başlayaraq yeni inkişaf xətti tətbiq etməyə başlayan Azərabaycan özünün uğurları ilə hər kəsdə müsbət həm təəccüb, həm də həsəd yaradıb. İstər yüksək siyasi nailiyyətləri, istər qlobal mədəniyyətə verdiyi töhfələr, istər idman sahəsində yaratdığı müsbət presedentlərlə yadda qalan, hətta tolerantlığı ilə dünyaya nümunə göstərilən ölkəmiz bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir, dünyanın diqqət mərkəzinə düşür. Əlbəttə ki, bu kimi aktivliyi Azərbaycan adının daha geniş coğrafiyalarda yayılmasına, təbliğatının daha yüksək səviyyədə aparılmasına, ölkəmizə olan marağın artmasına yol açır. 

Bu kimi nailiyyətlər isə dostlarımızı sevindirdiyi qədər, uğurlarımızı istəməyən qüvvə və mərkəzləri narahat edir. Xüsusilə, ermənipərəst maraqların əsirinə çevrilmiş bəzi “beynəlxalq” statuslu təşkilatlar, dairə və fondlar bu amildən qıcıqlanaraq antireaksiya verirlər. Azərbaycandakı demokratik mühitə, yüksək mədəni-sivil münasibətlər sisteminə, hüquqi dövlət quruculuğu və inkişafı prosesinə xələl gətirmək, fərqli bir mənzərə yaratmaq, şər-böhtan kampaniyası aparmaq üçün bu və ya digər şəkildə “aktivləşirlər”.  Azərbaycana qarşı “qara piar” kampaniyasında həmin dairələr ayrı-ayrı ölkələrdə demokratik inkişaf səviyyəsini, insan hüquqlarının vəziyyətini araşdırdığı iddia edilən, lakin sözün əsl mənasında, təzyiq qrupu kimi çıxış edən təşkilatların xidmətlərindən istifadə edirlər. Bu kontekstdə zaman-zaman “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House” kimi təşkilatların qərəzli, subyektiv mülahizələrə əsaslanan bəyanatları, hesabat və çağırışları xüsusi rol oynayır. Onların Azərbaycandakı “canişinləri” isə bu yalan iddiaların daha da “möhkəmləndirilməsinə” çalışır, şər-böhtanı “arqumentləşdirmək” üçün min bir yola baş vururlar. Bu “xidmətləri” qarşılığında isə külli-miqdarda vəsaitlə təmin olunurlar. 

Qrant adı altında çirkli pul yuyulması... 

Yeri gəlmişkən, son zamanlarda bəzi şəxsdlərin bu kimi çirkin addımlar atması, özünü pərdənin arxasında saxlayaraq ətrafında “qrant çəmbəri” yaratması faktları ortaya çıxır, ifşa edilir. Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə barəsində həbs qəti imkan tədbiri seçilən “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin rəhbəri Anar Məmmədli də belələrindəndir - O, çevrəsi tərəfindən adının çox hallandırılmaması və özünü arxa planda göstərməyə çalışmasına baxmayaraq “qrant maqnatı”na çevrilib.

“TREND”in əldə etdiyi məlumata görə, Anar Məmmədli uzun müddət müxtəlif şəxslərlə əlbir olaraq qrant layihələri adı altında beynəlxalq donor təşkilatlarından maliyyə vəsaitləri alıb, həmin vəsaitləri əsasən Gürcüstanın “TBC” bankında öz adına açılmış hesablar vasitəsilə əldə edib və vəsaitlərin qanunsuz yollarla nağdlaşdırılaraq Azərbaycan Respublikasının ərazisinə gətirilməsi işinə rəhbərlik edib.

Bu məqsədlə o, əvvəlcə özü və yaxın ətrafı ilə birlikdə mərkəzi İsveçrədə yerləşən “Human Rights House Foundation” təşkilatına üzv olub, həmçinin digər xarici donor təşkilatlarla sıx əlaqələr qurub, ölkə daxilində ətrafında şəbəkə formalaşdırmaqla bəzi hallarda öz, bəzi hallarda isə şəbəkənin digər üzvlərinin adından çox saylı qrant layihələri hazırlayıb, müxtəlif şəxslər üçün formal əməkhaqqı, jurnalistlərə avadanlıq alışı və s. adlar altında maliyyə vəsaitləri cəlb edərək öz pulyuma mexanizmini formalaşdırıb.

Anar Məmmədlinin “mexanizmi”...

Anar Məmmədlinin “qrant qazancı”nın siyahısı isə olduqca qabarıqdır. O, təkcə 2021-2024-cü illərdə Gürcüstanın  “Human Rights House Tbilisi” təşkilatından 2.265 avro, Fransanın “Equal Rights İndependent Media” təşkilatından 4.570 avro, İsveçin “Swedish International Liberal Centre (SILC)” təşkilatından 12.625 ABŞ dolları, Norveçin “Norwegian Human Rights House Foundation” təşkilatından 24.850 avro, İsveçrədə yerləşən “Human Rights House Foundation” təşkilatından 27.020 avro, Belçikanın “International Partnership for Human Rights (IPHR)” təşkilatından 43.290 avro, ABŞ-ın “The National Endowment for Democracy (NED)” təşkilatından 53.770 avro, Çexiyanın “Prague Civil Society Centre” təşkilatından 59.850 avro, ABŞ-ın “The National Endowment for Democracy (NED)” təşkilatından 75.010 ABŞ dolları, ABŞ-ın “German Marshall Fund” təşkilatından 74.411 ABŞ dolları və 27.215 avro, habelə dəyəri 170.635 avro və 243.020 ABŞ dolları təşkil edən layihə sənədləri nəzərə alınmaqla ümumilikdə 1.441.200 AZN məbləğində qrant vəsaitləri əldə edib.

Anar Məmmədli bununla kifayətlənməyib, eyni zamanda, müxtəlif şəxslərin beynəlxalq təlim və tədris proqramlarında iştirak etmələri, qrant layihələri ala bilməsi üçün tövsiyə məktubları hazırlayıb, digər şəxslər tərəfindən əldə olunan vəsaitlər də sonda onunla bölünüb.

İmran Əliyevin maliyyə maxinasiyası...

Anar Məmmədli yaratdığı bu “qrant imperiyası”nda özünə yaxın bildiyi bəzi şəxslərin “xidmətlərindən” də istifadə edib. Məsələn, A.Məmmədlininin tövsiyə məktublarını hazırladığı şəxslərdən biri “Meclis.info” platformasının rəhbəri İmran Əliyevdir. O, Anar Məmmədlinin qurduğu qrantalma və pulyuma mexanizmindən ən çox faydalanan şəxslərdən biridir. Belə ki, İmran Əliyev Anar Məmmədlinin vasitəsi və tövsiyəsi ilə vaxtaşırı müxtəlif xarici qrant layihələrində iştirak edib, çoxsaylı donor təşkilatlarından əldə etdiyi vəsaitləri özünün Gürcüstana məxsus “TBC Bank” hesabı vasitəsilə nağdlaşdırıb, müxtəlif şəxslər vasitəsilə Azərbaycan Respublikasının ərazisinə gətirilməsini təmin edib. İmran Əliyev 2019-2024-cü illərdə bir hissəsini (297.000 AZN) birbaşa özünə məxsus “TBC Bank” hesabına qəbul etməklə ABŞ-ın “Freedom House INC” təşkilatından 890 ABŞ dolları, ABŞ-ın “International Research & Exchanges” təşkilatından 1.761 ABŞ dolları, Belçikanın “International Partnership for Human Rights” təşkilatından 2.600 avro, Gürcüstanın “Human Rights House Tbilisi” təşkilatından 9.069 lari (5.770 AZN), İsveçrənin “Human Rights Information and Documentation Systems” (HURIDOCS) təşkilatından 3.737 ABŞ dolları, ABŞ-ın “Internews” təşkilatından 6.420 ABŞ dolları, Fransanın “Equal Rights İndependent Media” təşkilatından 8.350 avro, Niderland Krallığının “Netherlands Helsinki Committee” təşkilatından 10.050 avro, ABŞ-ın Azərbaycandakı səfirliyi vasitəsilə “USAİD” təşkilatından 16.434 avro,  ABŞ-ın “Counterpart International İNC” təşkilatından 23.781 ABŞ dolları, ABŞ-ın “Journalism Development Network Pred” təşkilatından 34.561 ABŞ dolları, ABŞ-ın “The National Endowment for Democracy (NED)” təşkilatından “Azərbaycanda rəqəmsal hüquqların maarifləndirilməsi və qorunması” layihəsi çərçivəsində 39.240 ABŞ dolları, Avropa İttifaqına üzv dövlətlər tərəfindən yaradılmış, mərkəzi Belçikada yerləşən “The European Endowment for Democracy” təşkilatından 54.450 avro, ABŞ-ın “German Marshall Fund” təşkilatından “Məclis info” layihəsi çərçivəsində 56.930 ABŞ dolları (əlavə olaraq 2024-2025-ci illəri əhatə edən dövr üçün nəzərdə tutulmuş 30.010 avro), “Black Sea Trust for Regional Cooperation” layihəsi çərçivəsində 69.880 avro və Çexiyanın “Prague Civil Society Centre” təşkilatından 90.004 avro olmaqla, ümumilikdə, 833.000 AZN məbləğində maliyyə vəsaiti alıb.

Məlumatda o da bildirilir ki, istintaq orqanlarının əlində sadalanan faktlar və alınan bütün maliyyə vəsaitləri, onların qanunsuz yollarla nağdlaşdırılaraq ölkəyə gətirilməsini təsdiqləyən bütün qəbz və sənədlər mövcuddur. Görünən odur ki, özləri üçün rahat qazanc əldə etmək məqsədilə pulyuma mexanizmləri quran şəbəkənin ifşası bundan sonra hələ bir müddət də davam edəcək. 

SADİQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
12
yeniazerbaycan.com

10Mənbələr