AZ

“Azərbaycan məcburi köçkünlərin qayıdışı ilə bağlı yeni dünyəvi model təqdim edib” - Səyyad Məmmədov

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, “İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq”. 

Onun sözlərinə görə, azad edilmiş ərazilərə ilin sonuna kimi 20 min insanın qayıdışı planlaşdırılır: “Qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək. Tezliklə Şuşaya, bundan başqa, Xocalıya, Cəbrayıla, Kəlbəcərə və Zəngilana da köçürülmə prosesinə start veriləcək. Bir məqamı da qeyd edim ki, ilin sonuna kimi məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq”.

Qaçqınların öz yaşadıqları yerlərə tez qayıtması üçün Azərbaycanın atdığı addımları necə qiymətləndirmək olar?

Politoloq Səyyad Məmmədov Herbiand.az-a bildirib ki, 1990-cı illərin əvvəllərində mənfur qonşumuz olan ermənilərin Azərbaycan torpaqlarını işğal etməsiylə bir milyona yaxın insan öz torpaqlarını, evlərini itirərək məcburi köçkün düşdülər:

“Həmin gündən Azərbaycanın başlıca siyasi prioritetlərindən biri məcburi köçkün və qaçqınların sosial rifahının yaxşılaşdırılması və torpaqlarımızın azad olunması olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə Azərbaycan öz torpaqlarını azad etdi. Bundan sonra vandalizimlə dağıdılmış torpaqların sürətlə quruculuq işlərinə başladıldı. Quruculuq işləri başlayandan ölkə başcısı cənab İlham Əliyev hər zaman işğal olunmuş ərazilərə səfəri zamanı orada aparılan abadlıq işləri ilə tanış olur, xalqı oradakı vəziyyətlə və təhlükəsizliyin necə təmin olunması ilə bağlı məlumatlandırırdı. Bu köçlərdə başlıca məqsəd əhalinin təhlükəsizliyinin təmin olunması və maksimum səviyyədə xalqın rifahının yüksək təmin edilməsidir. Həmçinin, çox sürətli şəkildə işlərin gedilməsi dünyaya göstərdiki, Azərbaycan dövləti bu işləri necə uğurla aparır və öz qələbəsində haqlı olub. İkili standartlar aparan bəzi güc dövlətlərinə də sübut etmiş oldu ki, insan özü olanını sevir və abadlaşdırır. Azərbaycanın gördüyü bu işlər işğal etdiyinə mənimdir deyən, bu torpaqları ancaq bərbad günə qoymaqla və dağıtmaqla məşğul olan ermənilərin timsalında ən bariz nümunədir”.

Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərin hissə-hissə, əvvəlcədən siyahıya alınmaqla aparılan yenidən quruculuq işlərinin nəticəsi olaraq mərhələli şəkildə öz torpaqlarına qayıdışı təmin olunur:

“Bu qayıdışda bir çox aspektlər nəzərə alınır. İnsanların müasir ağıllı kəndlərə köçürülməsi, evlə və işlə təmin olunması nəzərə alınır. Bu isə bir az zaman alır. Azərbaycan dövləti post-münaqişə bərpası, reinteqrasiyası və keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı yeni dünyəvi model təqdim edib. İşğaldan azad olunmuş ərazilər cənnətə çevrilir. Lakin yenidənqurma zamanı beynəlxalq təşkilatların da dəstəyi bizim üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan tərəfi qaçqın və məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması prosesini 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının dəstəyi ilə beynəlxalq hüququn norma və prinsipləri, xüsusən də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında həyata keçirir”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
50
Mənbələr
Şərh ()
Bağla