AZ

"Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Mayın 3-də Bakıda Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə dekorativ tətbiqi sənət ustaları Lalə, Toğrul və İsgəndər Sərdarlıların ərsəyə gətirdiyi "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub. 

 Artıq unudulmaqda olan dekorativ tətbiqi sənət nümunəsi "Turan yolu-Zəngəzurum" əsərilə yanaşı, Qərbi azərbaycanlılara məxsus tarixi ərazilərdə formalaşmış mədəni irsin öyrənilməsi və təbliğini hədəfləyən Sərdarlı ailəsinin müəllifi olduğu 50-yə yaxın əsərləri də nümayiş olunub. 

Sərdarlıların bu əsərləri Azərbaycan mədəniyyət tarixində ilk dəfə müvafiq qurumlar tərəfindən sənət əsərləri kimi dəyərləndirilərək qeydiyyata alınan dekorativ tətbiqi sənət nümunələridir. 

Bakı Yunus Əmrə İnstitutunun başqanı Selcuk Karakılıç, Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünas Ziyadxan Əliyev və İstanbul millət vəkili Doğan Bekin sərginin əhəmiyyətindən danışıblar. Onlar Sərdarlılar  ailəsinin yaradıcılığına xüsusi dəyər verdiklərini qeyd ediblər.
Həmçinin çıxışlarda ailənin unudulmuş tətbiqi sənət nümunələrini yenidən fərqli məzmun və formatda ictimaiyyətə təqdimatının milli, etnik kimliyimizin tanıdılması yolunda əhəmiyyəti də vurğulanıb.

Azərbaycan Rəssamlar ittifaqının üzvü, Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım ictimai Birliyinin Beynəlxalq əlaqələr bölməsinin rəhbəri, araşdırmaçı dekorativ tətbiqi sənət ustası İsgəndər Sərdarlı bildirib ki, tədbirin əsas məqsədi unudulmaqda olan xalq sənəti nümunələrimizin günümüzə qayıdışını təbliğ etmək, vaxtilə xüsusi vandallıqla məhv edilmiş Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi memarlıq abidələrinin, mədəni irs incilərinin dekorativ tətbiqi sənət nümunələrində tərənnüm edilməsini təşviq etməkdir.
Daha sonra qonaqlar Sərdarlıların bir-birindən maraqlı əsərləri ilə tanış olublar. 
Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi memarlıq abidələrini, mədəni irs incilərini tərənnüm edən özünəməxsus üslubda işlənmiş dekorativ tətbiqi sənət nümunələri və digər əsərlər milli koloriti və orijinallığı ilə göz oxşayıb.

Sərdarlılar ailəsinin yaratdıqları sandıq, mücrü və zinət əşyaları Azərbaycan Mədəniyyət tarixində ilk dəfə olaraq sənət əsərləri kimi dəyərləndirilib. 
Hazırda Sərdarlılar ailəsinin bir sıra əsərləri Macarıstan, Şimali Kipr, Kanada muzeylərində, həmçinin müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

R.QURBANLI

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
4
xalqqazeti.az

7Mənbələr