AZ

"Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır

Elxan YURDOĞLU Filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist


Dünyada elə insan tapmaq olmaz ki, sirli məqamlar onun üçün maraqlı olmasın. Bu, istər dünyanın sirləri olsun, istər ilahi möcüzələr, istər müqəddəs kitabların bizə təlqin etdiyi bilinməyənlər, istərsə də hər hansısa gizli imza. Bu mənada illərdir feysbuk sosial şəbəkəsində diqqətimi çəkən, adının yeniliyi və qəribəliyi ilə maraq oyadan Bircə də mənim üçün xeyli maraqlı biri təəssüratı yaradırdı. "Kimdir bu Bircə?" sualını bəlkə də yüzlərlə, bəlkə də minlərlə azərbaycanlı oxucu, sosial şəbəkə istifadəçisi öz-özünə düşünüb. Maraq insanı araşdırmaya sürüklədiyi kimi, mən də Bircəni tanımaq istəyirdim. Təbii ki, ilk olaraq hər bir qələm sahibinin yazdıqlarında həyatından bir parça vardır. Ona görə də hələ ilk nəşr olunduğu ildə - 2021-ci ildə Bircənin "Cəhənnəmdən keçmiş mələk" romanının birinci kitabını oxumağı qərara aldım. Kitabın cildinin ön səhifəsindəki qeyddən də bəlli olurdu ki, roman avtobioqrafik əsərdir. Demək ki, bu maraqlı şəxsin kimliyini bu əsərdən öyrənmək mümkün idi.

Açığı, ilk təəssüratım o olmuşdu ki, müəllif özünü acındırmaqla oxucu cəlb etməyin ustasıdır. Hətta hər hansı bir kişi müəllifin özünün uydurduğu qadın qəhrəmanının dilindən maraqlı bədii əsər ortaya qoyma səriştəsi üzərində də düşünürdüm.

Romanın ikinci hissəsi çıxanda artıq feysbukda Bircə ilə dostlaşmış, kimliyini öyrənə bilməsəm də (təbii ki, maraq hər kəsi ona şəxsi suallar verməyə də məcbur edir), bu maraqlı yazarın qadın olduğuna əmin idim. Beləliklə, romanın birinci kitabının aşıladığı səmimi üslub ikinci kitabın nəşrini həvəslə gözləməyimə səbəb olmuşdu. Əsər haqqında ətrafımdakı ədəbiyyatsevər dostlara da o qədər danışmışdım ki, hətta birinə iki kitabı hədiyyə də almışdım. Yazışmalarımız zamanı hədsiz marağımı görən Bircə xanım ünvanımı götürüb bir neçə gün sonra həmin iki kitabı mənə göndərmişdi. Mənim sifariş verdiyim və Bircə xanımın göndərdiyi kitabların eyni gündə Naxçıvana çatması da qəribə bir xatirəyə çevrilmişdi mənim üçün.

2024-cü ilin əvvəlində isə romanın 760 səhifəlik üçüncü kitabı çapdan çıxdı. Düzdür, artıq romanın dördüncü hissəsi elektron mediada yayımlanıb. Hətta müəllif öz müsahibəsində beşinci hissənin də tamamlandığını bildirib. Sadəcə son hissə hələ təqdim olunmayıb.

Üçüncü kitabı oxuduqdan sonra içimdə coşub qaynayan hisslərimi yazıya tökmək ehtiyacı duydum. Azərbaycanda oxucunu bu qədər maraqda, intizarda, hətta deyərdim ki, duyğusal baxımdan gərginlikdə saxlayan az əsərə rast gəlmişəm. "Cəhənnəmdən keçmiş mələk" məhz belə bir ədəbi nümunə kimi təqdirolunasıdır.

Sadəcə müəllif təxəyyülündən doğan ədəbi məhsul olduğunu fikirləşdiyim "Cəhənnəmdən keçmiş mələk" səhifələri vərəqlədikcə, kitabları bitirdikcə gerçək bir həyat hekayəsinin olduğuna inandırdı məni. Müəllif hadisələrin hamısını birinci şəxsin təkinin dilindən - yəni öz dilindən nəql edir. Əsərdə müəllif təkdir, o, sirlərini kimsəyə aça bilməyən, sadəcə çoxsaylı oxucusuna üz tutub danışan obrazdır. Romanın təhkiyəsi boyu Bircənin müraciət etdiyi sadəcə biri var - Dostum. O, bütün sirlərini, yaşadıqlarını, dərdini, sevincini, kədərini, etiraflarının hamısını, sanki qarşısında əyləşibmiş kimi, dostuna danışır. Kitabın birinci bölümünə ön söz yazmış İmran Bədirxanlının da qeyd etdiyi kimi, buradakı Dostum hər hansı biri də ola bilər, oxucu da ola bilər, yaradanın özü də ola bilər, mifoloji mətnlərdən bildiyimiz Tanrıların hər hansı biri də ola bilər, atası, qardaşı, oğlu, qonşusu da ola bilər. Bu yerdə deyim ki, ayna qarşısında əyləşmiş müəllifin özü də özünü dinləyən "Dostum" ola bilər.

Realist üslubda qələmə alınan romanın ən böyük məziyyəti onun hadisələrə bədii don geyindirilərək yazıya alınmasıdır. Burada təbii ki, müəllifin hədsiz dərəcədə mütaliəli olması da özünün göstərir. Bunu romanın müxtəlif yerlərində ölkə və dünya ədəbiyyatından çəkilən müəllif və kitab adlarından yola çıxaraq da anlamaq mümkündür.

Bircənin timsalında Azərbaycan qadınının yaşadığı məişət çətinlikləri, ailə və qohumluq münasibətlərindəki ziddiyyətlər və çətinliklər, bütün bunlara mətinliklə dözməyi bacaran, mentalitet düşüncəmizdə kök salmış ailə müqəddəsliyini qorumaq naminə hər cür əzaba, çətinliyə, ağır sözlərə və hətta söyüşlərə tab gətirən zərif ruhlu zəif qadının iradəsinin gücü qarşısında təzim etməli olursan. İstər ər-arvad münasibətləri və bu zaman yaşanan ailədaxili münaqişələr, istər ənənəvi qayınana-gəlin motivi, istər ailə üzvlərinin məsləhətləri ilə bu əzablara dözülməyə məhkum edilən övlad, bacı və bu kimi, demək olar ki, hamımızın gördüyümüz, bildiyimiz və eşitdiyimiz çaxnaşmalar içərisində iç səsinə üz tutan, Dostu ilə dərdləşən qadının tablaşdığı və daşıdığı ağırlıq qarışısında oxucu olaraq əzilməmək mümkün deyil. Bütün bunları oxuyub öyrəndikcə müəllifin romanının hər üç bölməsindəki cildin arxa üzündə yazılmış bu cümlələrini ayrıca düşünməli olursan: "Hər qadının içində bir mələk oturub. Bizim bədənimiz o mələyin can evidi. Qadın inciyəndə, ağrıyanda, zülm çəkəndə içindəki mələyin evi xarabazara çevrilir, cəhənnəmə dönür. Romanı səbirlə izləyin, sonra da hesablayın, görün mən o cəhənnəmin neçə qatından keçmişəm..."

Açığını deyim ki, mən hesablaya bilmədim. Ya da, adətən, yeddi qat məsələsini eşitdiyimizdən, Bircənin ən azı yetmiş yeddi qatdan keçdiyini deyə bilərəm. Bu qədər əzablara dözə bilən bir insanın, daha bundan artıq başına heç nə gəlməz dediyim bir anda başqa bir əzabla qarşı-qarşıya qaldığına şahidlik etmək oxucu üçün də ağır olur.

Romanın sujeti haqqında danışmaq fikrindən uzağam, məncə, bura kimi olan qeydlərimi oxuyan oxucu maraqlı olacağını düşünsə, mütləq "Cəhənnəmdən keçmiş mələk"lə tanış olmaq istəyəcək. Mənim demək istədiyim başqa nüanslar var. Birinci bunu deyim ki, Bircənin zəngin söz bazası var. Azərbaycan dilinin zənginliyi ilə "Cəhənnəmdən keçmiş mələk"də qarşılaşmaq olur. Ədəbiyyatda, yaradıcılıqda bu, mühüm amildir və dil zənginliyi oxu prosesində də asan qavramaya səbəb ola bilir.

İkincisi, Bircənin dilində həm də oxucunun ilk dəfə eşitdiyi yüzlərlə, onlarla demirəm ha, yüzlərlə söz və ifadələr var. Yuxarıdakı məqamla tərs mütənasib olsa da, bu, ilk dəfə qarşılaşdığımız sözlər mətni anlamağımıza mane olmur, əksinə, mətni yeni eşitdiyimiz ifadələrin fonunda fərqli şəkildə dərk etməyimizə köməklik edir. Etiraf etməliyəm ki, ilk dəfə qarşılaşdığımız bu sözləri, ifadələri, frazeoloji birləşmələri həm də kontekstdən yola çıxaraq çox yaxşı anlayırıq. Bu mənada roman dilçilik baxımından da, dialektologiya baxımından da diqqətçəkən bir əsərdir. Müəllifin - Bircənin gizli imza olduğunu, hansı bölgədə yaşadığını bilmədiyimiz üçün həmin şivə sözlərinin hansı bölgəmizə aid olduğunu sıradan oxucu anlamaya bilər, lakin dil araşdırmaları ilə məşğul olan dialektoloq alimlər, yəqin ki, bu baxımdan çətinlik çəkməzlər. Bəzən hətta elə düşünürəm ki, müəllifin bilərəkdən işlətdiyi bu sözlərin, ifadələrin arxasındakı məqsəddə dilin zəngin dialekt faktlarının qorunub-saxlanması məqamı da dayanır. Bircə, sanki, mənim yaşadığım kənddə bu cür ifadələr, sözlər var ki, onlar zamanla sıradan çıxa bilər, qoy bu əsərdə yaşasın, - demək istəyir. Həmin sözlərin bəzilərini burada qeyd edə bilərəm. Məsələn: dürək, sürha, tüpü, şoqqar, ifçin, qamqalaq, tozanqı, şisəngi, əcuza, gallahı, qıfşıq. Yaxud ilk dəfə qarşıma çıxan feillərə baxaq: hövüllənmək, dingəlirmək, genimək, xırxalamaq, unamaq, tamsınmaq, manşırlamaq, almanclamaq, dansımaq və s.

Romanı oxuduqca özüm üçün ilk dəfə eşitdiyim, oxuduğum bu sözlərin altından xətt çəkirdim və sonda ərinmədim, bu sözlərin hamısını kompüterdə ayrıca bir faylda yazdım. Nə az, nə çox, 500-dən artıq söz, frazeoloji birləşmə mənim üçün, inanıram ki, oxuyanlar da etiraf edər ki, onlar üçün də yeni idi. Bu da dilçi alimlərin bu romanı oxumasına, hətta tədqiq etməsinə səbəb ola bilər.

Atalar sözlərinə və məsəllərə ayrıca toxunmaq istəyirəm. Qeyri-adi milli-məhəlli yaddaşı olan Bircə romanını öz doğmalarının - nənəsinin, bibisinin, xalasının, yaşlı qohumlarının, qonum-qonşularının danışdığı üslubda qələmə alıb. Bir folklorşünas kimi romanda oxuduğum və mənim üçün yeni olan atalar sözlərini, məsəlləri, deyimləri, adət-ənənələrini, inancları da bilgisayarımda ayrıca fayla yazdım. Azərbaycan folklorunun regional xüsusiyyətlərinin öyrənilməsində bu nümunələrin hər biri adıçəkilən janrların sırasını zənginləşdirdiyi kimi, regionallıq prinsipi baxımından da dəyərlidir.

Ümumiyyətlə, hər hansı bir əsəri oxuyarkən hərtərəfli qeydlər aparmaq kimi bir hobbim var. Bu mənada "Cəhənnəmdən keçmiş mələk" romanının ümumilikdə 1500 səhifədən çox olan həcmi, heç bir oxucunun gözünü qorxutmamalıdır. Çətini başlamaq və 10 səhifə oxumaqdır. Sonrasında romanı nə vaxt bitirdiyinizi özünüz də bilməyəcəksiniz.

Üç bölümü nəşr olunan kitabın, dördüncü bölümünün də ən qısa zamanda nəşr olunub geniş oxucu kütləsinə çatdırmasını arzulayıram. Beşinci bölümü isə, məncə, son bölmə olacaq. Onu da səbirsizliklə gözləyirəm.

Buradan üzümü ölkənin nüfuzlu nəşriyyatlarının söz sahiblərinə tutub demək istəyirəm ki, kitab işinin biznes tərəfi ilə maraqlı olan naşirlər Bircə xanımla müqavilə bağlayaraq romanın sonrakı hissələrini, hətta fərqli dizayn və keyfiyyətlə əvvəlki hissələrini də çap etməklə yaxşı gəlir ələ edə bilərlər. Bunu etməklə həm müəllifi oxucularla görüşdürər, həm ədəbiyyatımızın çox maraqlı imzasını geniş oxucu kütləsinə tanıdar, həm də yaxşı qazanc əldə edə bilərlər.

Elmi çevrələrdə isə romanın müzakirəsi keçirilə bilər. Hətta roman dil faktlarını, etnoqrafik, folklor və şivə xüsusiyyətlərini nəzərə alsaq, ayrıca bir dissertasiya mövzusu, tədqiqat obyekti gücündədir. "Cəhənnəmdən keçmiş mələk" heç bir mübaliğəsiz bu gücə və imkanlara malik bir əsərdir.

Bircə xanım, hər kimsinizsə, sizi bir oxucu kimi, bir ədəbiyyat adamı - şair kimi, bir tədqiqatçı - folklorşünas kimi təbrik edirəm. Sizə yaradıcılıq uğurları, cəhənnəmin müxtəlif qatlarından keçməyi bacaran və artıq mələk ömrü yaşamağa gətirib çıxaraq həyat yolunuzda sağlamlıq, sevincli, deyə-gülə və xoşbəxt bir yaradıcılıq ömrü arzulayıram.  

Bilirəm, romanın sonrakı hissələrini yazdıqca o yaşadığınız cəhənnəm əzablarını təzədən yaşayırsınız. Nə etməli, yazıçı taleyinin belə bir yazısı də var.























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
50
525.az

10Mənbələr