AZ

“Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də Fövqəladə Hallar Nazirliyi (FHN) İctimaiyyətlə əlaqələr idarəsinin təşkilatçılığı ilə paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsindəki “SeaBreeze Resort” istirahət və yaşayış kompleksində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, təlimə FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin müvafiq canlı qüvvə və texnikası cəlb ediliblər. Təlimin keçirilməsində əsas məqsədlərdən biri istirahət və yaşayış kompleksinin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.

Təlim nəzəriyyə və praktikadan ibarət olub. Nəzəri hissə çərçivəsində FHN-in əməkdaşları istirahət və yaşayış kompleksinin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib, bu barədə videoçarxlar nümayiş etdirilib.

Sonra təlimin praktiki hissəsinə start verilib. Praktiki hissədə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş kompleksdə təxliyə planına uyğun olaraq, zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”.

Həmçinin ehtimal edilən “partlayıcı maddənin tapılıb zərərsizləşdirilməsi” üçün hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupu cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra xüsusi təlim görmüş itlərlə əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Əməliyyat zamanı istirahət mərkəzinin ərazisində şərti sahibsiz şübhəli əşya qismində bağlama aşkarlanıb. Müayinə nəticəsində çantanın içində “partlayıcı maddə”nin olması təsdiqlənərək yerində zərərsizləşdirilib.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edək ki, FHN tərəfindən belə tədbirlər Bakıda və regionlarda mütəmadi olaraq təşkil olunur.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
28
azertag.az

10Mənbələr