AZ

Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini niyə dəyişmədi? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank uçot dərəcəsinin 7.5%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddini 8.5%-dən 8.25%-ə endirib və faiz dəhlizinin aşağı həddini isə 6.25% səviyyəsində dəyişməz saxlayıb. Qərar sabahdan qüvvəyə minəcək.

 

Bəs buna səbəb nədir və kredit faizlərinə təsiri olacaqmı?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında deputat Vüqar Bayramov bildirib ki, uçot dərəcəsinin endirilməsi inflyasiya səviyyəsinin azalması və bu meyillərin hədəf diapazonu daxilində formalaşması və makro-iqtisadi stabilliyin qorunması ilə bağlıdır.

 

V.Bayramovun sözlərinə görə, Mərkəzi Bankın uçot dərəcəsini endirməsi gözlənilən idi:

 

“Çünki makro-iqtisadi stabillik və istehlak bazarındakı mövcud qiymət səviyyəsi buna zəmin yaradır. 2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsinin azaldılması ilə bağlı qərarlar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dan 8.5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında da əlavə 0.5 faizlik azalmaya getmişdi. 2024-cü ildə də eyni yanaşma davam etdirilir. Bununla yanaşı, baş bank hələlik faiz dəhlizi ilə bağlı konservativ siyasətini davam etdirir. Bu baxımdan da azalmalar mərhələli həyata keçirilir”.

 

Millət vəkili qeyd edib ki, Mərkəzi Bankın son açıqlamasında sözügedən qərarın əsas səbəbi məhz inflyasiya gözləntilərinin stabilləşməsi, profisitli tədiyə balansı və digər pul siyasəti alətləri ilə əlaqələndirilir:

 

“Faiz dəhlizinin aşağı həddini dəyişdirməməklə Mərkəzi Bank öz notlarının optimal gəlirliliyini qoruyub saxlamağa çalışır. Bununla, baş bank qiymətli kağızlar bazarındakı mövqeyini gücləndirməyə və sektor iştirakçılarından daha çox vəsait cəlb etməyə çalışır. Öncə də qeyd etdiyimiz kimi, bu ondan xəbər verir ki, Mərkəzi Bank öz notlarının son faiz dərəcələri üzrə kəskin azalmalara getməyi hədəfləmir”.

 

Deputat hələlik uçot dərəcəsinin kredit faizlərinə ciddi təsiri olmadığını deyib:

 

“Bu təsirlərin müşahidə olunması üçün bir müddət keçməlidir. Bu heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Bununla yanaşı, Mərkəzi Bankın belə qərarlarının gəlirlik əyrisi ilə yanaşı kredit və depozit bazarına da təsir göstərməsi olduqca vacibdir”.

 

Sonda V.Bayramov əlavə edib ki, son aylarda depozit faizlərində də artımlar müşahidə olunur:

 

“Artıq sistem əhəmiyyətli banklar illik manat depozitlərini 9.0 faizlə qəbul edilər. Bir müddət öncə orta hesabla 6.0 faiz təklif olunurdu. Depozit faizlərindəki artımlara Blumberq platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşməyib. Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsi ilə cəlb edə bilib və bu da banklarda əlavə vəsaitlərə tələb yaradıb. Amma bankların daha çox borclanmasının kredit faizlərini artıracağı istisna deyil. Bu baxımdan uçot dərəcəsi daxil olmaqla digər alətlər vasitəsi ilə kredit faizlərində optimallığın qorunması çox vacibdir”.

 

Firuzə Əliyeva


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
301
23
sfera.az

10Mənbələr