AZ

ISSF rəsmisi: “Azərbaycan mötəbər yarışlara yüksək səviyyədə təşkilatçılıq edir”

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya kuboku ilə bağlı mətbuat konfransı keçirilib.

İdman.biz xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova, baş katibi Emin Cəfərov, Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) Texniki Komitənin üzvü Abdulla Al Hammadi və Tüfəng Komitəsinin sədri David Qudfellov iştirak ediblər.

Cəfərov bildirib ki, bu yarış digərləri ilə fərqlənəcək: “Yarışda 43 idmançı ilə təmsil olunacağıq. Yarışın bizim üçün uğurlu olacağına ümid edirik. Son zamanlar gənc idmançılarımız yüksək nəticə göstərirlər. Bu dəfə də onlara inanıram. Dünya kuboku da digərlərindən fərqlənəcək. 25 m və 50 m məsafədə yarışlar 2 dəfə keçiriləcək. Buna səbəb təqvimdə olan dəyişikliklərdir".

Abdulla Al Hammadi Bakıda olmaqdan məmnunluğunu ifadə edib. O vurğulayıb ki, Azərbaycan mötəbər yarışlara yüksək səviyyədə təşkilatçılıq edir: “Dünya kubokunda da çox uğurlu olacağına inanıram".

David Qudfellov isə yarışın Yay Olimpiya Oyunlarının təqviminə uyğun şəkildə keçiriləcəyini deyib: "Qarşıda bizi Paris-2024 gözləyir. Olimpiada ilə uyğunluğa görə qaydalarda çox dəyişikliklər edilməyib. İlk dəfədir ki, bu məkandayam və çox məmnun qaldım. İnanıram ki, bütün snayperlər də Bakıda gəldikləri üçün şad olacaqlar".

Zemfira Mehdahətdinova Dünya kubokunda idmançılarımızın potensialına toxunub: "Son zamanlar snayperlərimiz yaxşı nəticələr göstərirlər. Bu dəfə də onlardan uğurlu nəticə gözləyirik. Mən bir valideyn kimi istərdim ki, qızım Rigina da qalxdığım zirvəyə yüksəlsin. Tək ondan danışmaq istəməzdim. Digərlərinin də uğurlu çıxışına inanıram".

Qeyd edək ki, mayın 2-də Dünya kubokunun açılış mərasimi olacaq. Turnirə mayın 12-də yekun vurulacaq.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
idman.biz

1Mənbələr