AZ

Ülviyyə Fətəliyeva: Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir

Ülviyyə

Bakı, 1 may, AZƏRTAC

"Yarış mənim üçün gərgin keçdi".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yunanıstanın Rodos adasında təşkil edilən şahmat üzrə şəxsi Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım Ülviyyə Fətəliyeva deyib.

O, yarışın gərgin keçdiyini bildirib: "Şəxsi yarışlarda istədiyimi əldə edə bilmirdim. Lakin bu dəfə alındı. Çox möhtəşəm hisslərdir. Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir. Birinci vitse-prezident Mehriban Əliyevanın təbriki məni xoşbəxt etdi. O, hər zaman zərif cinsin nümayəndələrinə qayğı göstərir. Buradan ona dərin minnətdarlığımı bildirirəm".

Onun sözlərinə görə, bu nəticəni daha əvvəl də gözləyirmiş: "Bu, şəxsi yarış olduğu üçün bütün gözləntilərimi kənara qoymuşdum. Şükür ki, məqsədimə çatdım".

İti zəka sahibi qələbədən sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovla zəng etdiyini söyləyib: "İlk olaraq qələbəmi onunla qeyd etdim. Onun bizə olan dəstəyi böyükdür".

Ülviyyə Fətəliyeva X turda Gürcüstan təmsilçisi Nina Batsiaşvili ilə heç-heçə edərək qitə çempionluğunu qazanıb. Bu nəticədən sonra xallarını 8,5-ə çatdıran şahmatçımız rəqibləri üçün əlçatmaz olub.

Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
4
azertag.az

8Mənbələr