AZ

Ermənistanda hakimiyyətlə müxalif revanşistlərin qarşıdurması dərinləşir...

Image

Ermənistanın baş naziri Nikol Paşinyan  son günlərdə Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması qərarına etirazların episentri olan sərhədyanı Tavuş rayonunda yenidən bir qrup sakinlə görüşüb. Baş nazirin ofisi bu görüşlə bağlı rəsmi açıqlama yayıb: “Baş nazir hazırkı vəziyyəti detallı şəkildə izah edib və bildirib ki, hökumət bütün problemlərlə tanışdır”.

Paşinyanla bu görüşdə sərhədyanı Kirants kəndinin başçısı və bir neçə sakini iştirak edib. Kirents kəndinin inzibati rəhbəri Kamo Şahinyan görüşlə bağlı bildirib: “Hökumət Kirants kəndinin sakinlərinin fikrini eşitməyib, onlar bunu nəzərə almaq istəməyiblər, görüş artıq məlum olan ssenari üzrə baş tutub. Bizim təkliflərimiz birinci dəfəki kimi idi, lakin vəziyyət dəyişməyib, hər şey olduğu kimi qalır”. Kamo Şahinyan kənd sakinlərinin baş nazirlə görüşdən məyus və həyəcanla çıxdığını bildirib.
 Kənd icra başçısının sözlərinə görə, hər şeyə rəğmən Tavuş sakinləri müəyyən dəyişikliklərin olacağı ümidi ilə yolu ərazidən keçən yolu bağlı saxlamaqda davam edirlər. Elə “Azatutyun”  radiosu da Kirants kənd sakinlərinin görüşdə o qədər də məmnun görünmədiklərini, amma mediaya danışmaq istəmədiklərini yazır. Sakinlərdən bəziləri Paşinyandan təzə heç nə eşitmədiklərini deyib. Bu sakinlərlə ayrıca söhbət etmiş müxalifət deputatı Geğam Nazaryan da vəziyyətin olduğu kimi qaldığını bildirir: “Adamlar yenə də qeyri-müəyyənlik və panika içində qalıblar. Adamlar daha pis şeylərin baş verəcəyindən qorxurlar, çünki onların heç bir ağlabatan təklifi qəbul edilməyib. Paşinyan dedi ki, sərhəd hətta kəndin ortasından da keçə bilər. Paşinyanın sözlərini təkrar edirəm: dedi ki, orada sərhədçi dayana bilər, 7 gün təhlükəsiz olacaq, amma 8-ci gün təhlükəsiz olmayacaq, mən haradan bilim?  Kirantslılar indi şokdadırlar, qapını açıb Azərbaycan əsgərini görə bilərlər”. Onun iddiasına görə, sərhəd sovet dövründə olduğu kimi deyil, “yeni xətlə” çəkilir. 

Qeyd edək ki, Kirants Azərbaycana qaytarılmalı olan ərazilərə bitişik Ermənistan kəndlərindən biridir. Kirantslılar və Tavuş rayonunun başqa kəndlərinin sakinləri buradan keçən İrəvan-Tiflis yolunu bağlamaqla Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasına etiraz edirlər. Ötən günlər ərzində bəzi etirazçılarla polis arasında toqquşmalar baş verib. Erməni Kilsəsinin və müxalifətin nümayəndələri də bu etirazlara qoşulurlar. Buna baxmayaraq, Paşinyan hökuməti fikrindən dönmür və etirazçılarla münasibətdə prinsipial mövqe tutmağa çalışır. “Yerkrapa” könüllü cəmiyyəti və onun başçısı, Paşinyanın müttəfiqi olan Sasun Mikaelyan da bu ərazidə asayişin təmin olunmasında iştirak edir.  Həmçinin, hakim partiyadan olan başqa deputatlar da demarkasiya prosesi ilə bağlı izahat verir və gərginliyi azaltmağa çalışırlar. “Vətəndaş müqaviləsi” partiyasından deputat Arsen Torosyan  deyib ki, hazırda Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının razılığı əsasında demarkasiya prosesi aparılır. O əlavə edib ki, bütünlükdə iki ölkə arasında dövlət sərhədinin 1991-ci il Almatı Bəyannaməsi əsasında demarkasiyasına dair razılaşma əldə olunub: “Biz yeni sərhəd xətti çəkmirik. Yeni sərhəd xəttinin çəkilməsi bir sıra hüquqi prosedurlar tələb edir. Bu, sadəcə olaraq iki dövlət arasında mövcud olmuş sərhəd xəttinin təsdiqlənməsidir”. “Əgər Kirants körpüsü üzərində azərbaycanlı dayanacaqsa, bu məsələ necə həll olunacaq” sualına Arsen Torosyan belə cavab verib: “Qonşularımızı mən seçməmişəm. Heç Kirants və ya Bağanis sakinləri də seçməyiblər ki, qonşuları azərbaycanlılar olsun. Bu mənada, bəli demarkasiyadan sonra o xəttin üstündə bir azərbaycanlı dayanacaq. Demarkasiya özlüyündə təhlükəsizlik qarantiyalarından biridir. Əgər dövlət sərhədi varsa, deməli, təhlükəsizliyin təmas xəttindən daha yüksək səviyyəsi var. Təmas xətti olanda tərəflər bir-birlərini güdüb atəş açmağa məqam axtarırlar. Aydındır ki, dövlət sərhədi lap o tərəfdə azərbaycanlı sərhədçi dayansa da təhlükəsizliyin qarantiyasını gücləndirir”. Torosyan vurğulayıb ki, tərəflər Almatı Bəyannaməsini imzalayıblar və dövlət sərhədi sovet Ermənistanı ilə sovet Azərbaycanı arasında mövcud olmuş inzibati sərhədi əvəz edəcək.

Bu arada Ermənistan parlamenti müxalifətin təqdim etdiyi Ermənistan və Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi və demarkasiyası haqqında bəyanat layihəsinin sessiyanın gündəliyinə daxil edilməsi məsələsini rədd edib. Layihənin müəlliflərindən biri, müxalif “Hayastan” fraksiyasından Artur Xaçatryan bildirib:   “Bu gün Ermənistanda baş verən və pilot demarkasiya adlandırılanlar əslində Ermənistan Respublikasının hissələrə bölünməsi prosesidir. Bunun qarşısını almaq məqsədilə bugünkü hakimiyyətin demarkasiya adlandırdığı prosesi o bəyanatla tənzimləmək üçün, yəni demarkasiyanın hansı əsasa söykəndiyini başa düşmək üçün Milli Məclisdə bəyanat qəbul etməyə çalışdıq”. “Vətəndaş müqaviləsi” partiyasından Mariya Karapetyan isə buna cavab verib ki, Ermənistanın bir millimetr ərazisi belə verilmir və dəyişdirilmir: “Ermənistan Respublikasının ərazisinin bir millimetri də heç kimə verilməyib, hazırda gedən demarkasiya və delimitasiya prosesləri Ermənistan-Azərbaycan sərhədlərinin bərpası, mövcud sərhədlərin bərpası prosesindən başqa bir şey deyil. İndiki proses Ermənistan-Azərbaycan sərhədinin bərpası prosesidir, orada sərhəd dirəkləri quraşdırıla bilər. Müxalifətin 1993-cü ilin sentyabrında MDB-yə üzv olduğu dövrdə Azərbaycan sərhədini əsas götürmək təklifi Ermənistanın dövlət sərhədindən imtina edilməsinə və hərbi əməliyyatların məntiqinə qayıtmağa çağırışdır”. Karapetyan qeyd edib ki, Ermənistanın 29 min 743 kvadrat kilometr ərazidən daha böyük torpağa malik olmaq istəyi  təhdiddir. “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan isə öz növbəsində bildirib ki, layihə Ermənistan dövlətçiliyi üçün təhlükələr ehtiva edir. 

Nahid SALAYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
48
Mənbələr
Şərh ()
Bağla