AZ

Paşinyan Köçəryanı müflis edir, “Qarabağ klanı”nın axırına çıxır

Image

Azərbaycanla Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. Bu barədə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb. 

O da qeyd olunub ki, hər iki dövlətin ekspert qruplarının işi davam edir. Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan hökumətləri arasında delimitasiya prosesinə Tavuş vilayətindən başlamaq və birgə komissiyanın əsasnaməsi üzərində işi iyulun 1-dək yekunlaşdırmaqla bağlı razılıq əldə edilib.

Azərbaycan tərəfində proses sakit keçsə də, Ermənistanda tamam fərqli mənzərə müşahidə olunur. Ermənistan və Azərbaycan hökumətləri arasında sərhədlərin delimitasiyası barədə əldə olunan razılaşmaya etiraz edənlər müxtəlif yolları bağlayırlar. Etirazçılara Ermənistanın eks-prezidenti, erməni separatçılarının liderlərindən biri Robert Köçəryanın “Hayastan” blokundan olan deputatlar Qeqam Manukyan və Mqer Saakyan da qoşulub. Ermənistanın Baş prokuroru Anna Vardapetyan bildirib ki, ölkədə Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı keçirilən etiraz aksiyalarında iştirak edən 2000-dən çox insan saxlanılıb. Buna rəğmən, müxaliflər aksiyaları qızışdırmaqda davam edir. Elə bu fonda hakimiyyət onlara qarşı sərt addımlar atır. Məsələn, Ermənistanın Baş Prokurorluğu Robert Köçəryan və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan da daxil olmaqla, ümumilikdə 7 nəfərə məxsus əmlakın müsadirəsini tələb edir. Baş prokuror Anna Vardapetyan parlamentin dövlət və hüquq məsələləri komissiyasının iclasında bildirib ki, söhbət on milyonlarla dollar məbləğində 25 ədəd daşınmaz əmlak, 5 ədəd nəqliyyat vasitəsi, Ermənistan daxilində və xaricdə fəaliyyət göstərən 16 şirkətdəki qiymətli kağızlar, eləcə də 89 milyon dollar məbləğində mənşəyi məlum olmayan pul vəsaitindən gedir. Baş prokurorun sözlərinə görə, artıq məhkəmədə bununla bağlı iddia qaldırılıb. Prokurorlar Robert Köçəryanın həm Ermənistanda, həm də xaricdə fəaliyyət göstərən 16 müəssisənin rəhbərliyindən uzaqlaşdırılmasında israrlıdır. İstintaq, həmçinin, Köçəryanın fırıldaqlarında əli olmayan vətəndaşların hesablarında “Qarabağ klanı”nın liderinin 25 milyon dollar və 89 milyon dollar məbləğində qeyri-qanuni borc iddialarını aşkar edib. Müstəntiqlər hesab edirlər ki, Köçəryanın pullarını hakimiyyətdən belə gizlətməsi də bununla bağlıdır. Oxşar aqibət Ermənistanın keçmiş ən böyük partiyası olan “Çiçəklənən Ermənistan”ın lideri Qaqik Tsarukyanı da gözləyir. O, 79 bina və 42 avtomobilə, 40-a yaxın müəssisədə paya, 161 milyon dollarlıq borc iddiası hüququna, 41 milyon dollar vəsaitə qanunsuz yolla sahiblənib. Bundan başqa, Tsarukyanın kreditlərdən və cinayət yolu ilə əldə edilmiş əmlakın istismarından əldə edilən 220 milyon dollarının da mənimsənilməsi tələb olunur. Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri, keçmiş maliyyə naziri Qaqik Xaçatryan və onunla əlaqəli 25-ə yaxın şəxsdən 56-sı İrəvanın mərkəzində yerləşən 200-ə yaxın daşınmaz əmlaka həbs qoyulması da tələb edilir. Prokurorluğa görə, 13 nəqliyyat vasitəsi, Ermənistanda və xaricdə 29 şirkətdə iştirak payı, 1,4 milyon dollar dəyərində səhmlər və depozitlər, 29 milyon dollardan çox kredit tələb etmək hüququ da müsadirə edilməlidir. 

Beləliklə, Nikol Paşinyanla Robert Köçəryan, eləcə də revanşist mövqedən çıxış edənlər arasındakı ziddiyyətlər yeni mərhələyə qədəm qoyur. Ermənistanın ikinci prezidenti və onun ailə üzvlərinin, digər yaxınlarının qanunsuz əmlakının və pullarının müsadirəsinə gedən hazırlıq  Paşinyanın  əlini daha da gücləndirəcək. Qeyd edək ki, Ermənistanda 2018-ci ildə baş verən “məxməri inqilab”a qədər Robert Köçəryan siyasi proseslərdən uzaq durmuşdu və şəxsi biznesi ilə məşğul idi. Çünki hakimiyyətdə  “Qarabağ klanı”nın başqa nümayəndəsi Serj Sarkisyan var idi. Paşinyanın hakimiyyətə gəlməsi və Köçəryanı həbsə göndərməsi ikincini yenidən siyasi səhnəyə qayıtmağa vadar etdi. Amma cəmiyyət Köçəryan və tərəfdarlarına heç bir dəstək vermir. Bu fonda 2021-ci il seçkilərində məğlub olan Köçəryan siyasi karyerasını deputat kimi başa vurmaq niyyətində deyil. Son dövrlər Ermənistanı bürüyən etirazlar və qeyri-adekvat siyasi açıqlamalar fonunda Köçəryan yenidən aktivləşmək qərarına gəlib. Eks-prezident Paşinyanın siyasi kursunu yenidən kəskin şəkildə tənqid edir, Ermənistan-Azərbaycan danışıqlarının səhv istiqamətdə getdiyini bildirir. Amma yenə cəmiyyətdən hər hansı ciddi dəstək almır. Belə vəziyyətdə Paşinyanın onun əmlak və pullarını əlindən alması Robert Köçəryanın və “Qarabağ klanı”nın sonunu gətirəcək. Ermənistan cəmiyyətində lider və şəxsiyyət qıtlığı yarandığı üçün hələlik Paşinyanı əvəzləyəcək ciddi bir siyasətçi də yoxdur. Bunu Paşinyan da yaxşı bilir və elə bu fonda “Qarabağ klanı” ilə məsələni birdəfəlik həll etmək istəyir. Bu halda "Qarabağ klanı" Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmanı da poza bilməyəcək. 

Tahir TAĞIYEV





Seçilən
120
50
Mənbələr
Şərh ()
Bağla