AZ

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.

Gundem.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.





O bildirib ki, Ermənistanın illik qaz istehlakı, təqribən, 2,7-2,8 mlrd. m3-dir:

“2023-cü ildə Rusiya Ermənistana 2,44 mlrd. m3 qaz satıb, yəni, təqribən 85% qaz tələbatını Rusiya ödəyib, yerdə qalan 15%-ə yaxın qazı isə İrandan alır. Ermənistanın bütün qaz infrastrukturu “Qazprom Ermənistan” şirkətinə məxsusdur, bu şirkətin 100% səhmləri Rusiyanın “Qazprom” şirkətinə aiddir. Bundan başqa, Ermənistanın daxili qaz boru kəmərlərinin də sahibi Rusiyadır. Rusiya Ermənistana qazı hər 1000 m3 üçün 165 dollara satır. Kifayət qədər ucuz qiymətdir, amma burada başqa amil var. Rusiyanın “Qazprom” şirkəti özünün sahibi olduğu “Qazprom Ermənistan” şirkətinə qazı 165 dollara satır, həmin şirkət isə Ermənistanda əhali və sənayenin əsas təhcizatçısıdır, yəni hər 1000 m3 üçün 165 dollar əhaliyə, sənayeyə satılan qiymət deyil. “Qazprom Ermənistan” əhaliyə qazı, bütün infrastrukrur əlindədir deyə, təqribən, 2 qat artıq qiymətə satır. Qazprom özünə qazı topdan ucuz satır, amma pərakəndə qiyməti baha olduğu üçün əsas qazancını o sahədən götürür”. 

N.Cəfərlinin sözlərinə görə, Rusiya Ermənistan üçün qaz qiymətlərini artırmağı düşünür, ona görə də rəsmi İrəvan alternativ qaz mənbələri axtarır:

“İrandan çəkilən boru xətti çox kiçik diametrə malikdir deyə tam gücü ilə işləsə, ilə maksimum 700-800 mln. m3 qaz tədarük edə bilər. İran qazı Ermənistana daha baha satır, o qaz elektrik enerjisi istehsalı üçün istifadə edilir”. 

Ekspert bildirib ki, bu kontekstdə Ermənistanın Azərbaycandan qaz alışına müsbət yanaşması maraqlı və doğru məsələdir:

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər. Ümumiyyətlə, Ermənistanla asılılıq yaradacaq layihələr nə qədər çox olsa, bir o qədər yaxşıdır, bu, dayanıqlı sülhə təminat verən məsələdir. Bunun üçün isə son günlər baş verən pozitiv hadisələrin, delimitasiya-demarkasiya işlərinin sürətlənməsi, sülh müqaviləsinin tezliklə bağlanması əsas şərtdir. İrəvanın Bakıdan enerji asılılığı həmin ölkənin gələcəkdə “revanşist” ideyalarının qarşısını kəsən sədd ola bilər. Ermənistan nəhayət ki, mifik ideyalardan əl çəkib reallığı qəbul etməli, doğrudan da, "tarixi Ermənistanı" unudub, real sərhədlərinin təminatı haqqında düşünməlidir. Bunun üçün tarixi, unikal şans yaranıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
9
Mənbələr
Şərh ()
Bağla