AZ

MEHDİYEVƏ MÜRACİƏT EDƏN ALİMLƏRİN CİNAYƏT İŞİ - Şahidin dedikləri hakimləri təəccübləndirdi

Mənimsəmədə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə istintaqı davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə müttəhimlərlə eyni dövrdə AMEA-da işləmiş üç nəfər şahid ifadə verib. Sözügedən şahidlər məhkəmədən yayındıqları üçün barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmışdı. Bunlardan biri 6 il AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda laborant işləmiş Pərvanə Əhmədzadədir.
Maraqlıdır ki, P.Əhmədzadə rəsmi sənədlərdə lobarant kimi qeyd edilsə də, 6 il ərzində bir dəfə də institutun qapısını açmayıb. Bunu şahid özü də məhkəmə qarşısında etiraf edib. Deyib ki, heç vaxt instituta getməyib, bu səbəbdən də təqsirləndirilən şəxsləri tanımır. Onun ifadəsindən məlum olub ki, bütün işlərini atası aparıb. Atası evə sənədlər gətirib, o da həmin sənədlərə imza atıb. Şahidin sənəndlərin nədər ibarət olduğunundan belə xəbəri yoxdur.
İfadəyə münasibət bildirən müttəhim Hüseynov deyib ki, 2019-cu ildə İnstitutun direktoru Maisə Rəhimovanın göstərişi ilə Pərvanə Əhmədzadənin adı Ağdam və Bərdə rayonunda aparılan ekspedisiya işlərinə yazılıb. Amma Pərvanə ekspedisiyada iştirak etməyib.
Əsas məqamlardan biri də odur ki, Pərvanə Əhmədzadənin adı 7 dəfə ekspedisiyaya yazılıb, amma heç birində iştirak etməyib. Buna baxmayaraq, adına yazılan pullar kimlərsə tərəfindən götürülüb.
Şahidin ifadəsi ilə ortaya çıxan məqamlar hakimləri təəccübləndirib.
“Mən indi baxıram, hər ekspedisiyaya 900 manat olmaqla Pərvanə Əhmədzadənin adına 6300 manat pul yazılıb. Bu, dövlət vəsaitinin mənimsənilməsi faktını ortaya çıxarır. Cinayət əməli deməkdir”, - sədrlik edən hakim Azad Məcidov deyib.
Fotoda: Səbuhi Hüseynov

Prosesin davamında 2023-cü ilin iyuluna kimi AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda işləyib hazırda fəaliyyətini Tarix İnstitutunda davam etdirən Nərminə Hüseynova ifadə verib. Bu şahidin də adı sənəd üzərində ekspedisiyaya ezam edilmiş kimi yazılsa da, İnstitutdan kənara çıxmayıb. Dediyinə görə, işi yalnız cədvəllərə imza atmaq olub. Ekspedisiya ilə bağlı hazırda araşdırılılan məsələlərdən xəbəri olmayıb.
Təqsirləndirilən alim məhkəmənin nəzərinə çatdırıb ki, Nərminə Hüseynovanın adı iki ekspedisiya işində yazılıb. Onun adını yazdıran isə direktor Maisə Rəhimova olub.
Şahidin istintaq dövründə dedikləri ilə indi danışdıqları arasında ziddiyyət yarandığı üçün onun əvvəlki ifadəsi elan edilib.
Hüseynova müstəntiqə deyib ki, 2021-ci ildə Müzəffər Hüseynovun tapşırığı ilə ekspedisiyaya gedib. Buna görə onun kartına 900 manat köçüb. Həmin pulun isə 800 manatını institutun digər əməkdaşı Müzəffər Hüseynova verib. Hesabat hazırladığına görə isə 100 manatı özünə qalıb.
Şahid ifadəsi vermək üçün zala dəvət edilən Azər Əliyev isə Etnoqrafiya və Antropologiya İnstitutunda elmi işçi işləyib, hazırda təqaüddədir. Əliyev deyir ki, 30-a yaxın ekspedisiya işində iştirak edib. Həmin ekspedisiyaların bəzilərində təqsirləndirilən Səbuhi Hüseynov da iştirak edib.
Amma Səbuhi Hüseynov şahidin düzgün danışmadığını bildirib: “Azər Əliyevin 2019-2020-ci illərdə ekspedisiya işlərinə 2 dəfə adı yazılıb. Amma bu şəxsin üzünü də görməmişik. Mən şəxsən etiraz etmişəm, gəlib ekspedisiya işlərində iştirak etməsini istəmişəm. Ümumilikdə 4 nəfərin adı yazılıb, amma heç biri işlərində olmayıb. Onlardan biri də Azər Əliyevdir. 4 nəfərə ayrılan pul 1800 manat olub. Həmin pulu da Maisə Rəhimovaya vermişəm”. (qafqazinfo.az)
Hakimin instituta “ölü canlar”ın olması barədə kimlərə müraciət edildiyi barədə suala cavabda Səbuhi Hüseynov deyib ki, bununla bağlı müvafiq qurumlara müraciət edib, amma bir nəticəsi olmayıb.
Səbuhi Hüseynov məhkəmədəki sərbəst ifadəsində demişdi ki, institut rəhbəri Maisə Rəhimovanın qanunsuzluqları ilk dəfə 2019-cu ildə - ilk ekspedisiyasına hazırlaşarkən olub. Təqsirləndirilən şəxsin dediyinə görə, Maisə Rəhimova onunla birlikdə gedəcək şəxslərin adına sənədləşmə aparılmasını, ayrılacaq vəsaitin isə 30 faizinin ona, 20 faizlik hissənin isə mühasibatlığa çatdırılmasını istəyib: “Mən buna etiraz etdim, dedim ki, həmin pullar işçilərə çatmalıdır. Bundan sonra münasibətlərimiz pisləşdi. Sonradan Mədəniyyət Nazirliyinə məruzə edib ki, guya mən hesabat verməmişəm. Bundan sonra dəfələrlə institutda hökm sürən qanunsuzluqlar barədə müxtəlif yerlərə müraciətlər etdim. Həmin müraciətlərin edilməsində həyat yoldaşım da iştirak etdiyi üçün onu da yeyintidə ittiham edirlər. İnstitutdakı qanunsuzluqlara əncam çəkməsi üçün Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevə də müraciət etdim. Sağ olsun, o, da belə “əncam” çəkdi”.
Aprelin 25-də keçirilən prosesdə Səbuhi Hüseynov deyib ki, 2019-cu ildə Pərvanə Əhmədzadənin adı Maisə Rəhimovanın göstərişi ilə Ağdam və Bərdə rayonunda aparılan ekspedisiya işlərinə yazılsa da, bu işlərdə iştirak etməyib. Məhkəmədə o da məlum olub ki, Pərvanə Əhmədzadənin adı 7 dəfə ekspedisiyada yazılıb, amma heç birində iştirak etməyib, adına yazılan pullar isə kimlərsə tərəfindən götürülüb. Hakim bildirib ki, hər ekspedisiya 900 manat olmaqla Pərvanə Əhmədzadənin adına 6300 manat pul yazılıb. Hakim onu da əlavə edib ki, bu fakt dövlət vəsaitinin mənimsənilməsi faktını ortaya çıxarır. Hakim bunun cinayət əməli olduğunu bildirib.İttihama görə, Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış vəsaitin 92 min 700 manatını mənimsəməkdə təqsirləndirilir. Səbuhi Hüseynov və Gülüstan Əliyeva barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Cinayət Məcəlləsinin 179.3.2- ci maddəsi ilə 5 ilə, 308.2-ci maddəsi ilə 7 ilə, 313-cü maddəsi ilə isə 2 ilə qədər cəza nəzərdə tutulub. Cinayət işi üzrə zərərçəkmiş qismində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tanınıb. 
Proses mayın 8-i növbəti şahidlərin ifadələri ilə davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
10
Mənbələr
Şərh ()
Bağla