AZ

Ukrayna lehinə mühüm qərar - Xaqani Cəfərli yazır

Xaqani CƏFƏRLİ


ABŞ Konqresinin Nümayəndələr Palatası bir neçə ay gecikmə ilə olsa da, nəhayət, Ukraynaya 60.84 milyard dollar məbləğində hərbi yardım haqqında qanun layihəsini təsdiqlədi. Aprelin 20-də keçirilən səsvermədə qanun qəbulunun lehinə 311 nəfər konqresmen səs verib, 112 nədər isə əleyhinə çıxıb. Bununla da ABŞ-nin Ukraynaya hərbi yardımının önü açıldı.

Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, ABŞ-nin yardımının 49.9 milyard dolları Ukraynanın müdafiə qabiliyyətinin artırılması üçün hərbi məqsədlərə xərclənəcək. Bundan başqa, 7.8 milyard dollar Ukrayna büdcəsinə dəstəyə, 1.57 milyard dollar iqtisadi yardıma, 400 milyon isə sərhədlərin mühafizəsi və minatəmizləmə əməliyyatlarının maliyyələşdirilməsinə sərf ediləcək. ABŞ-nin yardımı Ukraynanın müdafiə qabiliyyətinin və hərbi potensialının əhəmiyyətli dərəcədə artmasına imkan verməklə yanaşı, makro-maliyyə sabitliyinin möhkəmləndirilməsinə və büdcə xərclərinin maliyyələşdirilməsinə də önəmli töhfə olacaq.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ-nin Ukraynaya təxminən 61 milyard dollar dəyərində yeni hərbi yardım paketi ayırmaq qərarını Vaşinqtonun Kiyevi sonuncu ukraynalıya qədər döyüşməyə vadar etdirmək cəhdi kimi dəyərləndirib. Halbuki ABŞ-nin keçmiş prezidenti Donald Trampın Nümayəndələr Palatasındakı tərəfdarları son dörd ay ərzində Vaşinqtonun Kiyevə yeni hərbi yardımının qarşısını aldığı dönəmdə Kremlin təbliğat maşını bu vəziyyəti Qərbin Ukraynanı "satması" kimi təqdim edirdi. Kremlin təbliğat maşınının nüfuz etdiyi çox geniş bir coğrafiyada Qərbin Ukraynanı Rusiyaya "satması" haqqında təbliğat aparılırdı. Halbuki həmin vaxt Avropa İttifaqı Ukraynaya dəstəyini kəskin sürətdə artırmışdı. Hətta Avropa Parlamenti Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin yeni partiyasını verənə qədər Avropa İttifaqı Şurasının büdcəsini təsdiqləməkdən imtina etmişdi. Avropa Komissiyası 2024-2027-ci illər ərzində 50 milyard avroluq makro-maliyyə yardımının ayrılmış, martın 20-də 4.5 milyard avro məbləğində birinci tranşı Kiyevə təhvil vermişdi. ABŞ-nin yardımının gecikdiyi günlərdə Avropanın ayrı-ayrı ölkələri Ukraynanın müdafiə qabiliyyətinin azalmaması üçün Kiyevin hərbi xərclərinə dəstəklərini kəskin artırmışdılar. Məsələn, bir neçə həftə öncə Ukrayna prezidenti Vladimir Zelenskinin Niderlandın Baş naziri Mark Rutte ilə telefon danışığından sonra Amsterdam Kiyevə hərbi yardım üçün daha 1 milyard avro və Rusiyanın raket zərbələri ilə dağıtdığı infrastrukturun yenidənqurması üçün 400 milyon avro ayırdığını açıqlamışdı. Halbuki bundan bir qədər öncə Amsterdam 2024-cü ildə Kiyevə hərbi dəstək üçün iki milyard avro ayırmışdı. Əlavə olaraq ayrılan bir milyard avro isə ABŞ-nin ləngiyən dəstəyini qarşılamağa xidmət edirdi. Onu da əlavə etmək yerinə düşər ki, Niderland gələn il Ukraynaya hərbi dəstək üçün üç milyard avro ayrılmasını da qərara alıb. Niderland Ukraynaya hərbi dəstək verən Avropa Sülh Fonduna da 295 milyon avro ayırıb.

ABŞ-nin hərbi yardımının ləngidiyi vaxt Danimarka hökuməti Ukraynaya 300 milyon avro dəyərində yeni hərbi dəstək paketi elan etmişdi. Çexiyanın təşəbbbüsü ilə yaradılmış "Mərmi koalisiyası" öncə 800 min, daha sonra isə 700 min ədəd, bütövlükdə 1.5 milyon mərmi alınması üçün tələb olunan maliyyə qısa müddət ərzində Avropa ölkələri tərəfindən toplanmışdı. Avropa ölkələri Ukraynaya hərbi yardımla yanaşı, siyasi dəstəyi də artırmaqla ABŞ-nin yardımının gecikməsinin doğurduğu təsiri aradan qaldırmağa çalışırdı. Almaniya kansleri Olaf Şolts Ukrayna ərazisində Rusiya qoşunları qaldığı müddətcə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmayacağını bəyan etdi: "Biz razılaşa bilmərik ki, güc hər şeyi etmək hüququ verir. Putin sərhədləri zorla dəyişmək istəyir. Bu isə dünya nizamını təhdid edir".

Avropanın Ukraynaya tarixdə misli görünməmiş geniş dəstəyinin mövcud olmasına baxmayaraq, ABŞ-nin hərbi yardımının Nümayəndələr Palatası tərəfindən son dörd ayda təsdiqlənməməsi Rusiyanın geniş təbliğat aparmasına imkan vermişdi. Buna görə, Nümayəndələr Palatasının Ukraynaya 60.84 milyard dollar yardım ayrılması ilə bağlı qanun qəbul etməsi hərbi-texniki əhəmiyyətə malik olmaqla yanaşı, önəmli mənəvi-siyasi dəstək hesab olunur. Nümayəndələr Palatasının qərarı keçmiş prezident Donald Trampın və tərəfdarlarının Vaşinqtonin siyasətinə təsirinin təsvir edildiyi kimi olmadığını üzə çıxardı. Bu isə hərbi yardımın özü qədər əhəmiyyətli məsələdir. Belə fikirlər var ki, Rusiya Ukraynada ağır itkilər verməsinə baxmayaraq, müharibəni noyabr ayında ABŞ-da keçiriləcək seçkilərə qədər davam etdirmək niyyətindədir. İddialara görə, Kreml noyabr ayında Ağ evin sahibinin dəyişəcəyinə və əlverişli şərtlərlə sülh bağlayacağına ümid bəsləyir. Kremlin bu ümidi əsassız da deyil. Keçmiş prezident Donald Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi halda 24 saat ərzində müharibəni dayandıracağını, tərəfləri sülh müqaviləsi imzalamağa vadar edəcəyini dəfələrlə vurğulayıb. Tramp onu da bildirib ki, sülh müqaviləsi imzalamaq üçün Ukrayna Rusiyaya güzəştə getməlidir. Rusiya rəhbərliyi bu fikirlərə ümid edərək müharibəni ən azından noyabr ayına kimi davam etdirmək qərarındadır.

Lakin Nümayəndələr Palatasında çoxluğa malik respublikaçıların Trampın arzu və istəklərinə zidd olaraq Ukraynaya təxminən 61 milyard dollarlıq hərbi yardım ayrılmasına səs vermələri göstərir ki, hətta Trampın qalib gəlməsi halında belə Vaşinqtonun Kiyevə dəstəyi tamamilə kəsilməyəcək. Prezident seçkilərində Trampın namizədliyini irəli sürəcək Respublikaçılar Partiyasının liderlərinin böyük əksəriyyəti Rusiyaya qarşı Ukraynanın tərəddüdsüz dəstəklənməsinin tərəfdarıdır. Tramp isə onların fikirlərini nəzərə almaya bilməz.

ABŞ Nümayəndələr Palatasının Ukraynaya 60.84 milyard yardım ayrılması haqqında qanunun önəmini artıran, onu həyati əhəmiyyətli qərara çevirən əsas məqam isə "21-ci əsrdə güc vasitəsilə sülh" (21st Century Peace through Strength Act) adlı qanunun qəbul edilməsidir. Bu qanun Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək məqsədilə istifadə etmək üçün hüquqi bazanın yaradılmasına xidmət edir. Eyni zamanda "21st Century Peace through Strength Act" Rusiya, Çin, İrana qarşı sanksiyaları sərtləşdirməyi, Bəşər Əsəd rejiminə, HƏMAS, Hizbullah, İslami Cihad kimi terrorçu qruplara qarşı yeni məhdudlaşdırıcı qadağaların tətbiqini təmin etməlidir.

 























Bizi Facebookda izləyin

Seçilən
146
47
Mənbələr
Şərh ()
Bağla